|
Füzulidə tikiləcək aeroportun strateji əhəmiyyəti – ekspertlərin təhlili

Ekspertlər dövlət başçısının qərarını yüksək qiymətləndirir; politoloq: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Füzuli və Ağdam ölkəmizin iqtisadi paytaxtına çevrilməlidir”

“Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”.

Bu fikirləri Prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, oradan Şuşaya məsafə də yaxındır: “Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndindən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.

Beləliklə, Azərbaycan Prezidenti Qarabağın işğaldan azad olunmasından sonra artıq icrasına başlanılan Füzuli-Şuşa magistral yolu layihəsinin ardınca daha bir nəhəng layihənin anonsunu verdi. Ölkə başçısının bu çıxışından sonra sosial şəbəkələrdə aeroportun eskizi də yayılıb. Hava limanı açıq kitab formasında dizayn edilib. Dövlət başçısının Füzulidə hava limanı tikiləcəyi ilə bağlı dedikləri ictimai fikirdə rezonansa səbəb olub. Azərbaycanın işğaldan azad olunan rayonunda müasir hava alanının tikilməsi məmnunluqla qarşılanıb.

Prezident İlham Əliyev: Qarabağ Azərbaycanındır! - Azeri Defence

Füzulidə hava limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, o cümlədən turizm imkanlarının artması üçün əlavə imkanlar vəd edir.

Düzdür, sovetlər zamanı Füzulidə hava limanı olub, ancaq bu dəfə söhbət daha möhtəşəm və beynəlxalq statuslu hava limanından gedir. Fərqli fikir sahibləri səslənən arqumentlərlə razılaşmayaraq “Bəs Xankəndi hava limanı və onun statusu necə olacaq” kimi suallar səsləndirirlər. Ümumilikdə Füzulidəki beynəlxalq aeroport bölgəyə nə vəd edir?

“İşğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir”. Bunu Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Füzuli rayonunda beynəlxalq hava limanının inşası, yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilən ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. “Bu, xüsusən də Yuxarı Qarabağ və işğaldan azad edilən digər rayon və şəhərlərə xarici turistlərin gəlməsi baxımından əlverişlidir, yeni imkanlar yaradacaq. Qarabağın incisi sayılan və mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı çoxdur. Füzulidə hava limanının inşa edilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getsinlər. Şuşa və digər şəhərlərimizi ziyarət edə bilsinlər”. V.Bayramov Azvision.az-a bildirib ki, Füzulidə hava limanının inşası Qarabağa gələn turistlərin sayına müsbət təsir göstərəcək.

“Füzuli rayonu həm də Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqları üzərindədir. Yaxın gələcəkdə Naxçıvan dəhlizinin istifadəyə verilməsindən sonra hava limanı həm də nəqliyyat qovşağı olaraq böyük əhəmiyyətə malik olacaq. Naxçıvan dəhlizi istifadəyə veriləndən sonra onun beynəlxalq nəqliyyat, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya edilməsi müzakirə olunacaq məsələlərdəndir. Nəticə etibarı ilə hava limanı həm də Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli və rentabelli istifadəsinə imkan verəcək”.

Məhkəmə QAT sədri Akif Nağıya qarşı iddianı araşdırır » Reyting.az

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Füzulidə və digər ərazilərdə aeroportların tikilməsi vacib məsələdir: “Bu cür obyektlərin sayının çox olmasının ziyanı yoxdur, əksinə, xeyri çoxdur. Xankəndi aeroportu da işləyəcək, üstəlik, məncə, Laçında da aeroportun tikilməsi yaxşı olardı. Bu, turizm və regionla operativ əlaqələr saxlamaq baxımından əhəmiyyətlidir. Xankəndi tezliklə tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılacaq, orada nə varsa, o cümlədən aeroport xalqımızın və dövlətimizin xidmətində olacaq”.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Füzulidə beynəlxalq aeroportun inşası olduqca mühüm əhəmiyyət kəsb edən bir qərardır və bu qərarın verilməsində bir sıra mühüm aspektlər nəzərə alınıb: “Əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Füzuli rayonu İranla sərhəddə yerləşir. Füzuli rayonunun işğalı nəticəsində Horadiz-Aslandüz sərhəd-keçid məntəqəsi bağlanmışdı. Artıq məntəqənin yenidən fəaliyyət göstərməsinə heç bir maneə yoxdur və Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın logistik imkanlarını genişləndirə bilər. Bu isə bölgənin iqtisadi imkanlarının genişlənməsi baxımından vacib amildir”.

E.Mirzəbəyli qeyd etdi ki, başqa bir mühüm aspekt təhlükəsizlik məsələsidir: “Məlum olduğu kimi, Xankəndində hazırda yalnız etnik ermənilər yaşayırlar. Azərbaycanlı məcburi köçkünlərin qayıdışından sonra da bu ərazidəki demoqrafik vəziyyət ciddi şəkildə dəyişməyəcək. Onillər ərzində düşüncələri ultramillətçi, faşist ideologiyası ilə zəhərlənmiş ermənilərin yeni və qanuni şəraitə uyğunlaşması bir o qədər də asan olmayacaq. Qarşılıqlı etimadın bərpası üçün illər lazım gələcək. Amma bölgənin iqtisadi inkişafını, turizm sektorunu, sənayeni, azad ticarəti təmin etmək üçün beynəlxalq hava limanının yaxın bir neçə il ərzində açılmasına ehtiyac var. Məhz bu baxımdan, beynəlxalq hava limanının Füzulidə açılması təhlükəsizlik baxımından daha önəmlidir. Və zamanla Füzuli və Ağdam rayonlarının bütövlükdə Azərbaycanın Qarabağ bölgəsinin əsas iqtisadi-sənaye, təhsil və logistika mərkəzlərinə çevrilməsi bütün aspektlərdən məqsədəuyğundur. Yəni Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Füzuli və Ağdam ölkəmizin iqtisadi paytaxtına çevrilməlidir. Bu və ifadə etmədiyim digər amilləri diqqətə alsaq, Füzuli rayonu beynəlxalq hava limanının inşası və fəaliyyəti üçün ən uğurlu və ən doğru seçim sayılmalıdır”.