Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi şəhid ailələrinə, imkansız şəxslərə yardımını Azərbaycanda da davam etdirir.
Minirə Babayeva, Nazilə İskəndərova, Elmira Məmmədova, Yeganə Cəfərova və Könül Qurbanovanın rəhbərlik etdiyi mərkəz Vətən müharibəsi ərəfəsində fəaliyyətini daha da genişləndirdi.
Mərkəz tərəfindən bu günə qədər 10-dan çox şəhid ailəsi himayə altına alınıb. Təşkilat tərəfindən bu kimi dəstəklərin uzun müddət davam etməsi üçün də müvafiq addımlar atılır. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xanımlarına hər ay maddi dəstək göstərilir.
Bir neçə gün əvvəl isə təşkilat tərəfindən Torontoda başladılan aksiya ilə Azərbaycanda onlarla ailə sevindi.

Təşkilatın Bakıya göndərdiyi uşaq, qadın və kişi geyimləri “Yeni Müsavat” Media Qrupu tərəfindən Bakıda və Füzuli rayonunda ehtiyacı olan ailələrə çatdırıldı. Əşyaların böyük hissəsi Füzuli rayonun, Horadiz şəhər bələdiyyəsinin sədri Tural Nəbiyev vasitəsi ilə imkansız ailələrə təhvil verildi.
Torontoda yaşayan fəal xanımların təşkilatçılığı ilə yaradılan Mərkəz Kanadada olan azərbaycanlı qadınlara dəstəklə yanaşı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün də aktiv fəaliyyətini davam etdirir. Bu günə qədər Azərbaycan tarixi ilə bağlı mərkəz tərəfindən bir neçə sənədli filmlər hazırlanıb.
Mərkəz tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsinin Kanada və digər ölkələrdə duyulması üçün müxtəlif tədbirlər təşkil olunub.
Ontario əyalətinin Parlamentinin önündə həmrəylik aksiyası təşkil edilib. Aksiya zamanı təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən, erməni ordusunun dinc əhalini, azyaşlı məsum uşaqları qəsdən hədəfə alması pislənilib.

Mərkəzdən bildirilib ki, qeyd edilən istiqamətlər üzrə Mərkəzin fəaliyyəti 2021-ci ildə daha da genişləndiriləcək, dəstək aksiyalarının daha çox insanı əhatə etməsi üçün çalışılacaq.
