|
Məhbuslara taxılan elektron qolbaqlar onların həyatını dəyişəcək

Əliməmməd Nuriyev: “Elektron qolbaqların tətbiq olunması cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır”

Azərbaycanda 2021-ci il üçün inzibati tənbeh və ictimai işlərə cəlb edilmiş məhbuslara elektron nəzarət vasitələri alınacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərmanda əksini tapıb.

Bu məqsədlə dövlət büdcəsində Probasiya Xidmətinə elektron nəzarət vasitələrinin alınması üçün Ədliyyə Nazirliyinə 6 milyon 900 min manat ayrılıb.

2018-ci ildə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Bu sərəncamın verilməsindən sonra Azərbaycanda alternativ cəza növü kimi elektron qolbaqların tətbiqi məsələsi gündəmə gəlib. Bu gün illər əvvəl filmlərdə gördüyümüz elektron qolbaqlar artıq Azərbaycanda da tətbiq olunur.  Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə tapşırılıb. 2 ildən artıqdır ki, xidmətin tərkibində elektron monitorinq idarəsi fəaliyyətdədir. Alternativ cəzaların icrasına effektiv nəzarət müasir avadanlıqlarla təchiz olunmuş elektron monitorinq mərkəzi üzərindən gerçəkləşdirilir. Elektron qolbaq daşıyan məhkumlar fasiləsiz izlənir və lazım gələrsə, onlarla operativ əlaqə yaradılır.

Bu gün Azərbaycanda 2 minə yaxın şəxsə elektron qolbaq tətbiq olunub. Məhkum elektron qolbaq daşıma qaydalarını pozarsa, bu halda onun cəzası ağırlaşdırılır. Bu günə qədər Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5 min 700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, ötən il 1022 məhkuma elektron qolbaq tətbiq edilməklə həbsə alternativ cəza verilib.

Probasiya Xidməti məhkəmə qərarı ilə elektron qolbaq gəzdirməyə məhkum olunmuş şəxslərə nəzarəti həyata keçirir. Xidmətin əsas fəaliyyət istiqamətləri cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkili; cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsidir. Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində də probasiya nəzarəti xidmətin səlahiyyətindədir.

Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, cəza siyasətinin yumşaldılması istiqamətində atılan addımlar ildən-ilə genişlənir: “Prezident İlham Əliyevin 2018-ci ildə verdiyi sərəncamdan sonra Azərbaycanda azadlıqdan məhrumetmə məsələsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Sərəncamdan sonrakı dövrü əhatə edən  statistikaya baxsaq, görərik ki, prosessual məcburetmə tədbirlərinin miqyası 25 faiz artıb. Azərbaycanda məhkumların sayı azalıb. Son statistik rəqəmlərə baxsaq görərik ki,  2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox olub.  2018-ci ildə bu rəqəm 21 min 800 nəfərə qədər azalıb və proses davam edir. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərlə bağlı cinayət işlərinin istintaqı zamanı məsuliyyətə cəlb edilmiş şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi praktikası 3-5 faiz həcmində olub. Əksəriyyət haqda həbslə əlaqədar olmayan digər tədbirlər seçilib. Başqa yerə getmək haqda iltizam alınma, zaminliyə verilmə, ev dustaqlığı, girov müqabilində azad etmə kimi tədbirlər seçilib. Probasiya Xidmətinin təşkili, elektron qolbaqların tətbiqi də artıq reallaşdırılıb. Bu gün elektron qolbaqların tətbiqi praktikası genişlənməkdədir.

Həmin sərəncamdan sonra azadlıqdan məhrumetmə ilə bağlı cəzalar 33 faizə qədər enib. Hazırda 44-46 faizə qədər enmə var. Mümkündür ki, belə məlumatlar ictimaiyyətə yetərli çatdırılmır, amma proses aparılır. Həmin sərəncamdan sonra bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Bu gün  elektron qolbaq daşıyanlar müvafiq cəzalarını çəkirlər və Elektron Monitorinq Mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir. Bütün bunlar ümumilikdə həmin sərəncamdan irəli gələn tədbirlərdir və həmin tədbirlər genişlənməkdədir".

Azərbaycanda 3148 məhkum elektron qolbaq daşıyır

Qeyd edək ki, ötən il Azərbaycanda məhkumları elektron qolbaqlarla “İdrak Texnoloji Transfer” MMC təmin edib. MMC elektron qolbaqların aparat və proqram təminatının işlənib hazırlanması, istehsal, sistem inteqrasiyası, texniki xidmət və dəstək göstərilməsi sahəsində hərcəhətli həlləri həyata keçirib. Onu da qeyd edək ki, MMC-nin məhkum edilmiş şəxslər üçün Ədliyyə Nazirliyinə satdığı elektron nəzarət vasitəsi “Şans” sistemi adlanır. Şirkətdən bildirilir ki, bu sistemin əsas məqsədi nəzarətdə olan şəxslərin məsafədən fasiləsiz izlənməsi və azadlığın məhdudlaşdırılması cəza növünə müvafiq məhdudiyyət qaydalarına riayət olunmasının idarə edilməsidir. Baza stansiyası qolbaq və RF sensorlar vasitəsilə nəzarəti həyata keçirir. Qurğu nəzarət edilən şəxsin evində və ya digər icazə verilmiş ərazidə quraşdırılır. Qolbaq baza stansiyası və RF sensorların cari vəziyyəti haqqında məlumatların GSM şəbəkəsi vasitəsilə Mərkəzi monitorinq sisteminə ötürülməsini təmin edir. Avtonom qolbaq, standart qolbaqdan fərqli olaraq, GSM və GPS modullarını ehtiva edir. Müvafiq cəza növü rejiminə uyğun olaraq, öz cari vəziyyəti və GPS koordinatları barədə məlumatları GSM şəbəkəsi vasitəsi ilə Mərkəzi monitorinq sisteminə ötürür.

Avtonom qolbaqla nəzarət edilən şəxs müəyyən olunmuş ərazi üzrə icazə verilmiş müddət ərzində hərəkət edə bilər. RF Sensor qurğusunun əsas təyinatı baza stansiyasının simsiz şəbəkəsinin əhatə dairəsini genişləndirməkdən, qurğunun açılması və yerdəyişməsi zamanı, həmçinin elektrik kəsilməsi baş verdikdə həyəcan siqnalını formalaşdırmaqdan ibarətdir. Mobil qurğu üzərinə xüsusi proqram və aparat təminatı quraşdırılmış smartfondur. Mobil qurğu iki növ - operator və nəzarətdə olan şəxs üçün proqram təminatlarından biri ilə təchiz oluna bilir.

Operatorun mobil qurğusu nəzarətdə olan şəxslərin qeydiyyata alınması, onların biometrik məlumatlarının (üz və barmaq izləri təsvirlərinin, səs parametrlərinin) götürülməsi, habelə nəzarət cihazları dəstinin avtomatik yaradılması üçün istifadə olunur.

Mobil nəzarət qurğusu nəzarətdə olan şəxslərə verilir. Qurğu nəzarətdə olan şəxslər və onların elektron qolbağının vəziyyəti barədə məlumatların toplanması və Mərkəzi monitorinq sisteminə ötürülməsi, habelə həmin şəxslərlə audio və videozəng vasitəsi ilə əlaqələrin yaradılması (zərurət yarandıqda), xəbərdarlıq və bildirişlərin göndərilməsi üçün nəzərdə tutulmuşdur.

“Şans” sistemi nəzarətdə olan şəxslərin real vaxt rejimində izlənilməsi və monitorinqini təmin edir. Sistemin operatorları üçün rahat istifadəli (“user friendly”) WEB interfeys işlənilmişdir. Həmçinin monitorinq səhifəsinə xüsusi proqram təminatını yükləmək və təhlükəsizlik qaydalarına riayət etmək şərti ilə mobil telefonlardan və laptoplardan da baxmaq olar. Verilənlər bazasında olan məlumatlar əsasında müxtəlif növ hesabatlar formalaşdırmaq mümkündür. Sistem sifarişçinin istəyi ilə zəruri formada hesabatların hazırlanmasını və təqdim edilməsini də təmin edir.