|
Dövlət hər zamankı kimi vətəndaşı üçün yanacaq -

Azərbaycan dövləti daim vətəndaşının yanındadır və onun sosial təminatına yarana biləcək hər hansı bir mənfi təsirin qarşısını almağa hazırdır

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə yanvarın 5-dən Azərbaycanda "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 90 qəpikdən 1 manata, 60 qəpikdən 80 qəpiyə çatdırılıb. Bu qiymət artımı ölkədə ciddi müzakirələrə səbəb olub. Bir çox ekspertlər bu addımın digər sahələrdə, xüsusilə də ictimai nəqliyyatda və aqrar sektorda çətinliklərə səbəb olacağını bildirirlər.

Məsələ burasındadır ki, dizel yanacağının qiyməti iki sektorda xərclərə birbaşa təsir göstərir. Bunlardan biri kənd təsərrüfatı, digəri isə ictimai nəqliyyat sektorudur. Bu baxımdan dizel yanacağının qiymətində olan artımlardan sonra hər iki sektor üzrə dəstək paketinin miqdarının artırılması gözlənilir.

Lakin hökumətin qiymət artımına dair məlumatında xüsusi qeyd olunur ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Bundan əlavə, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək, alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq.

İctimai nəqliyyatı ancaq sahibkarların öhdəsinə buraxmaq olmaz - AKTUAL

İctimai nəqliyyatda çalışan sahibkarlar üçün kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq.Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlərdən biridir. Belə ki, ictimai nəqliyyatdan əsasən əhalinin aztəminatlı təbəqəsi istifadə edir. Burada qiymətlərin artması yüz minlərlə, hətta milyonlarla insanın büdcəsinə mənfi təsir göstərir. Azərbaycan hökuməti məhz bu amili nəzərə alaraq ictimai nəqliyyatda çalışan sahibkarlara kompensasiya mexanizmi hazırlayır ki, onlar gediş haqları ilə bağlı qiymət artımına getməsinlər.

Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı texnikalarının əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir. İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirini minimallaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun.

Bundan əlavə, unutmaq olmaz ki, Azərbaycanın qeyri-neft ixracında aqrar məhsullar mühüm yer tutur. Bu məhsulların maya dəyərinin artması son nəticədə ixrac olunan məhsulların aparıldıqları bazarlarda qiymət rəqabətinə davamlılığını aşağı sala bilər.

Benzinin qiymətinə görə ölkələrin TOP 10-luğu - FED.az

Qabaqcıl Avropa təcrübəsinə nəzər salsaq, görərik ki, avtomobillərin ekologiyaya mənfi təsirini azaltmaq üçün həm istifadə olunan yanacağın keyfiyyət standartları ildən –ilə artırılır. Həm də atmosferə daha çox tullantılara səbəb olan yanacaq növlərindən istifadə azaldılması üçün tədbirlər həyata keçirilir. Belə ki, bir çox ölkələrdə dizel yanacağının qiyməti benzindən də yüksək həddə qaldırılıb. Eyni zamanda bir çox ölkələr dizel və hətta benzindən yanacaq kimi istifadənin tamamən dayandırılması üçün konkret müddətlər də müəyyənləşdiriblər.

Azərbaycanda da dizel yanacağı və benzinin daha yüksək keyfiyyət standartlarına uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. SOCAR-a məxsus Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi bu tədbirlərdən ən mühümüdür. Əsasən dövlət hesabına həyata keçirilən modernləşmə milyardlarla manat vəsait qoyuluşu hesabına həyata keçirilməkdədir.

Müsbət haldır ki, Azərbaycanda dizellə işləyən avtomobillərin sayında azalma tendensiyası var. Belə ki, 2013-2019-cu illərdə dizellə işləyən minik avtomobillərinin xüsusi çəkisi 10 faizdən 8,7 faizə qədər azalıb. Dizellə işləyən yük maşınlarının və avtobusların xüsusi çəkisi isə 66 faizdən 53 faizə enib.

Lakin buna baxmayaraq, hələ də ölkədə dizel yanacağının 70 faizə yaxını nəqliyyat, 30 faizə qədəri isə aqrar sektorda istifadə edilir. Ən son enerji balansına görə, aqrar sektor cəmi 305 min ton dizel yanacağı istehlak edib. Bu isə o deməkdir ki, qiymət artımı aqrar sektor üçün il ərzində əlavə 70 milyon manata yaxın xərc yaradacaq ki, dövlətin aqrar istehsalçılara verilən subsidiyanı artırmaqla bu xərci kompensasiya etmək imkanı var.

Dizel yanacağının bahalaşması ilə yanaşı, hökumətin ölkənin avtomobil parkında “qocalma”nın qarşısını almaq üçün də addımlar atmalıdır. Belə ki, 2014-cü illə müqayisədə 2019-cu ildə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 17 faizdən 4 faizə enib, 10 ildən çox istismarda olanların payı isə 62 faizdən 77 faizə yüksəlib. Bunun qarşısını almaq üçün idxal olunan avtomobillərə gömrük rüsumu müəyyənləşdirilərkən diferensiallaşmanın tətbiq olunmasına ehtiyac var.  Bu zaman avtomobillərin yalnız yaşı deyil, motor gücü, yanacaq sərfiyyatı və sair amillər nəzərə alınmalıdır. Eyni zamanda elektromobil və hibrid avtomobillərin idxalını stimullaşdıracaq addımlar atılmalıdır.

Onu da qeyd edək ki, 2019-2020-ci illərdə dövlət əhalinin aztəminatlı təbəqəsinin sosial təminat səviyyəsini yüksəltmək üçün ardıcıl addımlar atıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən,  2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində yüksəldilib. Minimum pensiya 200 manata çatdırılıb.

İki sosial paket birlikdə əhalinin 40 faizini əhatə edir

2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. Devalvasiyalar nəticəsində xarici valyutada olan kreditlərinə görə itkiyə məruz qalan 400 min nəfərin zərəri kompensasiya edilib, daha 400 min insanın problemli kredit narahatlığına son qoyulub.

2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 milyon nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manat təşkil edib. 

2020-ci ildə koronavirus (COVID-19) pandemiyasının biznesə və əhaliyə vurduğu zərərin minimallaşdırılması üçün 3,5 milyard manata yaxın vəsait ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. Ötən ildən başladılan dəstək tədbirlərinin əksəriyyəti hələ də davam etdirilir.

Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə iki min manat təqaüd  veriləcək - FƏRMAN - son xeberler

2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat təqaüd müəyyənləşdirilib. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb.

Bütün bunlarla yanaşı, ölkədə postkonflikt dövründə də geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır və onun sosial təminatına yarana biləcək hər hansı bir mənfi təsirin qarşısını almağa hazırdır.