|
Dünyada koronavirusa yoluxanların sayı 85,5 milyon oldu- Yeni statistika

Dünyada koronavirusa yoluxanların sayı 85,5 milyon olub. Bu virusdan dünyasını dəyişənlərin sayı isə 1,8 milyonu ötüb. Koronavirusa yoluxan 60, 4 milyondan çox insan isə virusla mübarizədə qalib gələrək, sağalıb.

Beləliklə, koronavirus bəlası tüğyan etməkdə davam edir. Bununla belə artıq 50-dən çox ölkə müxtəlif vaksinlərlə vaksinasiya prosesinə başlayıb. İndi dünyanın gündəmində əsas məsələlərdən biri vaksinlər, onların təsiri ilə bağlı araşdırmalar və müzakirələrdən ibarətdir.

Bəs hazırda dünya ölkələrində koronavirusla bağlı son vəziyyət necədir?

ABŞ hər zamankı kimi yenə də yoluxma və ölüm sayına görə dünya ölkələri arasında liderdir. Son statistik məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 21,1 milyona çatıb, virusdan ölənlərin sayı isə 360 min nəfəri ötüb.

_115975166_55250848.jpg (29 KB)

Qeyd edək ki, ABŞ-da vaksinasiya tənzimləyicinin təsdiqlədiyi “Pfizer” və “BioNTech” kompaniyalarının vaksinləri ilə 4,2 milyondan çox insana peyvənd vurulub. Peyvənd olunan şəxslərə hələlik tələb olunan iki dozadan biri vurulub. Ümumilikdə müvafiq tibb müəssisələrinə 13 milyon 72 min dozaya yaxın vaksin göndərilib. Ölkənin baş infeksionisti Entoni Fauçinin fikrincə, kollektiv immunitetə nail olmaq üçün əhalinin 70-90 faizə qədəri vaksinasiya edilməlidir.

Hindistan da yoluxma sayına görə aylardır ki, ikinci sırada qərarlaşıb. Bu günə qədər ölkədə 10,3 milyondan çox insan koronavirusa yoluxub ki, onun da 149,6 mindən çoxu dünyasını dəyişib. İndi bütün ümidlər tətbiq olunacaq peyvəndlərədir.

Bu günlərdə Hindistanda koronavirus əleyhinə iki peyvənd təsdiq edilib. Verilən məlumata görə, onların hər ikisi “Bharat Biotech” şirkətinin əməkdaşlığı ilə hazırlanıb. Bu barədə ölkənin baş naziri Narendra Modi öz “Twitter” səhifəsində yazıb:

“Biz hər iki peyvəndin Hindistanda istehsal olunduğundan qürur duyuruq”.

Xatırladaq ki, Hindistan Rusiyanın “Sputnik V”i də daxil olmaqla, dünya peyvəndlərinin 60%-ni istehsal edir. Ölkə 800 milyon insanı təmin edəcək 1,6 milyon dozaya sahibdir ki, bu da əhalinin 60%-i deməkdir.

5e9e0e0dd3806c25c400d238.jpg (45 KB)

Braziliyada da koronavirus bəlası tüğyan etməkdədir. Bu günə qədər ölkədə 7,7 milyon insan koronavirusa yoluxub, 196 min nəfər isə virusdan dünyasını dəyişib. Ölkə rəsmilərinin arasında da virusa yoluxanların sayı çoxdur. Bu günlərdə isə Braziliyanın vitse-prezidenti Amilton Mouranın yeni növ koronavirus infeksiyasını müəyyən etmək üçün verdiyi analiz nümunələri müsbət çıxıb. Amilton Mouran iqamətgahında özünü təcrid edib. İlkin məlumatlara görə, siyasətçi özünü yaxşı hiss edir, xəstəliyi yüngül keçirir.

Qeyd edək ki, Braziliya da bir neçə ölkə kimi əsasən “Sinovac” peyvəndini sifariş edib.

İtaliyada isə bu günə qədər 2,1 milyondan çox insan virusa yoluxub, 75,3 min insan isə dünyasını dəyişib. Ümumiyyətlə, ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına koronavirus pandemiyası olduqca baha başa gəlib. Pandemiyanın sosial və iqtisadi nəticələri  kifayət qədər ağır olub. Ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.

Qeyd edək ki, ötən ilin dekabrın sonundan etibarən İtaliyada “Pfizier-BioNTech” peyvəndi ilə vaksinasiya başladılıb. Bununla da tezliklə ölkənin epidemioloji vəziyyətində dönüş yaranacağına ümid edilir.

Ölkənin 79 yaşlı prezidenti Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırmışdı. Prezident ən yaxın zamanda özünə koronavirusa qarşı peyvənd vurduracağını açıqlayıb.

Bununla belə digər ölkələrdə olduğu kimi İtaliyada da peyvəndə inanmayanların sayı kifayət qədərdir. Peyvəndin neqativ təsirləri haqda yaylan məlumatlar bu inamsızlığı daha da artırır. Belə ki, bir neçə gün öncə İtaliyanın Umberto Xəstəxanasının İnfeksiya Xəstəlikləri departamentinin baş həkimi Antonella Franko 6 gün əvvəl “Pfizier-BioNTech” peyvəndi vurdurduqdan sonra onun koronavirus testi pozitiv çıxıb.

Həkim Franko isə açıqlamasında bildirib ki, yenidən peyvənd olacaq:
“Mən yenidən peyvənd vurduracam, düşünürəm ki, vaksinasiya olmasaydım virus mənə daha ağır zərər verə bilərdi”.

5e982a31c9de3d21504b946f.jpg (74 KB)

Fransada da koronavirusla bağlı vəziyyət daha da pisləşib. Ölkədə bu günə qədər 65 min insan koronavirusun qurbanı olub. Virusa yoluxanların sayı isə 2,6 milyona çatıb. Qeyd edək ki, ölkədə 27 dekabrdan etibarən vaksinasiya prosesinə başladılıb. Bununla belə virusla bağlı vəziyyət daha da ağırlaşdığı üçün ölkənin koronavirus pandemiyasından ən çox ziyan görən 15 departamentində komendant saatının müddəti uzadılıb. Belə ki, 2 yanvar tarixindən etibarən ölkədə komendant saatı saat 20:00-da deyil, yerli vaxtla 18:00-da başlayacaq. Bu tədbirlər əsasən Dənizkənarı Alplar, Myort və Mozel, Sona və Laura, Mozel departamentlərini əhatə edəcək.

Qərbi Afrikada isə koronavirusa yoluxanların sayı 1,1 milyon nəfər çatıb, 29,5 min nəfər isə virusun qurbanı olub. Qeyd edək ki, Rusiyanın “Sputnik V” peyvəndinin ilk dozaları ötən həftədən başlayaraq Qvineyada tətbiq olunmağa başlayıb.