Milli Məclisdəki büdcə müzakirələri Baş nazir Əli Əsədovun və digər hökumət üzvlərinin iştirakı ilə davam edir. Spiker Sahibə Qafarova gündəlikdə 17 məsələnin olduğunu bildirdi. Gündəlik təsdiqlənəndən sonra sədr bildirdi ki, ilk 9 məsələ dövlət büdcəsinə aid olan qanun layihələridir və layihələr üçüncü oxunuşda müzakirə olunacaq.
Əvvəlcə 2021-ci ilin dövlət büdcə layihəsi barədə komitə sədri Tahir Mirkişili məlumat verdi. Deputat bildirdi ki, komitə müzakirələrindən sonra layihə plenar iclasda birinci və ikinci oxunuşda geniş müzakirə olunub, deputatlar tərəfindən yüksək qiymətləndirilib. Komitə rəhbəri həmkarlarını büdcəni dəstəkləməyə çağırdı.
