TƏBİB: “Vaksinasiya ilə bağlı digər məqamlar vaksinasiya strategiyası hazırlandıqdan sonra ictimaiyyətə açıqlanacaq”
Hazırda dünyanın gündəmində bir nömrəli müzakirə koronavirusa bəlasına qarşı necə mübarizə aparmaq, vaksinlər və onların təsirləri haqda məlumatlarla bağlıdır. Qeyd edək ki, artıq koronavirusla bağlı dünya çapında peyvənd qrafikləri yayılır. Yəni hansı ölkənin hansı vaksindən, nə zaman, nə qədər dozada alacağı açıqlanır. Hazırda dünyada bir neçə vaksin var. Onlardan “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksin, “, ”Moderna" şirkətinin hazırladığı vaksin, Çinin istehsal etdiyi “CoronaVac” vaksini, Rusiyanın hazırladığı “Sputnik-V” vaksin, Çinin “Cansono Biologics” və “Walvax Biotechnology”nin hazırladığı “Janssen” vaksini.
Qeyd edək ki, Avropa və Amerika “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksindən istifadə edir. “Pfizer” Amerikanın nəhəng farmaseftik şirkətlərindən biri, “BioNTech” isə Almaniya şirkətidir. Bu vaksin 3-cü mərhələ sınaqlarından uğurla çıxıb və 95 faiz effektiv olduğu bildirilir. Peyvəndin yaşa, etnik qrupa və cinsə qarşı tutarlılıq göstərdiyi ifadə edilən açıqlamada peyvəndin 65 yaşdan yuxarı insanlarda 94 faiz təsirli olduğu qeyd edilib. Qeyd edək ki, vaksinin 95 faizli effektivliyin alınmasından ötrü bir neçə həftə fasilə ilə iki dozanın vurulmasını tələb edir.
Həmçinin məlumata görə, peyvəndin ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) tələb olunan təhlükəsizlik meyarlarına cavab verdiyi və ciddi təhlükəsizlik narahatlığı olmadığı ifadə edilib. Adıçəkilən peyvəndin bu il 50 milyon doza və 2021-ci ilin sonuna qədər 1,3 milyard doza ilə istehsalı planlaşdırılır.

Avropa ölkələrinin bir çoxunda artıq bu vaksinlə vaksinasiya prosesinə start verilib. Məsələn, Avstriyada 27 dekabrdan etibarən “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi vaksinlə vaksinasiya prosesi başladılıb. Dekabrın 26-da ölkəyə on min doza olmaqla bu vaksindən gətirilib və dekabrın 27-də ilk olaraq Vyana Tibb Universitetində ilk pasiyentə vurulub. Məlumata görə, Avstriyaya gələn ilin martına kimi ümumilikdə yarım milyon doza vaksin gətirilməlidir.
ABŞ-da isə artıq 1 milyondan çox insan koronavirusa qarşı vaksinasiya olunub. ABŞ da Avropa ölkələri kimi “Pfizer” və “BioNTech” şirkətlərinin, həmçinin “Moderna” şirkətinin istehsal etdiyi vaksindən istifadə edir. Məlumata görə, ABŞ-a 9,4 milyondan artıq vaksin gətirilib.
“Moderna” vaksininə gəldikdə isə, bu vaksin də ABŞ-ın eyni adlı şirkəti tərəfindən hazırlanıb. Onun 94 faiz effektli olduğu təsdiqlənib.
Rusiyanın hazırladığı “Sputnik-V” vaksini. Bu vaksinin isə 92 faiz effektliliyi təsdiqlənib. Rusiya İnvestisiya Fondunun prezidenti Kirill Dmitriyev bir neçə gün öncə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, adıçəkilən peyvənd koronavirusun bütün mutasiya keçirmiş növlərinə təsir edəcək:
“Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. ”Sputnik V" peyvəndinin sınaqlarında effektiv olduğunun şahidi olduq. İlkin təhlillərimiz də peyvəndin bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir".
Qeyd edək ki, Rusiya artıq istehsal etdiyi “Sputnik-V” vaksinini dekabrın 21-dən tətbiq etməyə başlayıb. Rusiyadan “Sputnik-V” vaksinini almaq istəyən ölkələrdən biri Qazaxıstandır. Ölkə rəsmilərinin açıqlamalarına görə, Qazaxıstanda “Sputnik-V” vaksini ilə kütləvi vaksinasiya 2021-ci ilin fevralında başladılacaq.
Çinin “Cansono Biologics” və “Walvax Biotechnology”nin hazırladığı “Janssen” vaksini. Cənubi Koreya bir neçə gün öncə bəyan etdi ki, koronavirusa qarşı ölkəsi “Pfizer” və “Janssen” şirkətlərinin istehsal etdiyi vaksinlərdən alacaq və bununla bağlı artıq müqavilələr imzalayıb. Müqaviləyə əsasən Cənubi Koreya “Pfizer” şirkətindən 10 milyon nəfərin, “Janssen” şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alacaq.

Çinin istehsal etdiyi “CoronaVac” vaksin. Bu vaksinin 95-97 faiz effektiv, daha təhlükəsiz olduğu iddia edilir. Vaksin ölü virus hissəciklərinin təhlükə törətməyəcək şəkildə bədənə yeridilməsi və bu yolla virusa qarşı immunitet müqaviməti yaratmağa əsaslanır. Bu vaksinin digərlərindən əsas fərqi quduzluğa qarşı istifadə olunan daha ənənəvi bir metodun tətbiqi ilə istehsal edilməsidir.
“CoronaVac”ın digər vaksin nümunələri ilə müqayisədə daha bir sıra üstün cəhətləri ortaya çıxıb. Belə ki, “Moderna” şirkətinin peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır. Bu vaksin isə adi soyuducuda saxlana bilər. Vaksin bu halda keyfiyyətini qoruya bilir. Deməli, aşağı temperaturlarda çox miqdarda vaksin saxlaya bilməyəcək inkişaf etməkdə olan ölkələr üçün “CoronaVac” daha faydalıdır. Bu vaksini saxlamaq üçün xüsusi soyuducular tikməyə ehtiyac qalmayacaq.
Türkiyənin isə 11-18 yanvar tarixlərində vaksinasiyaya başlayacağı gözlənilir. Qeyd edək ki, Türkiyə Çindən “CoronaVac” vaksinlərini alacaq. Artıq 50 milyon dozaya qədər “CoronaVac” vaksininin alınması ilə bağlı razılıq əldə olunub.
Azərbaycana gəldikdə isə ölkəmizin dəqiq hansı ölkədən, hansı dozada vaksin alacağı, ilk öncə kimlərə tətbiq olunacağı ilə bağlı rəsmi məlumatlar yoxdur. Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq TƏBİB-in rəyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, “Vaksinasiya ilə bağlı digər məqamlar vaksinasiya strategiyası hazırlandıqdan sonra ictimaiyyətə açıqlanacaq”. Həmçinin qeyd olunub ki, ilk öncə risk qrupuna görə vaksinasiya aparılacaq.
Bununla belə, rəsmilərin açıqlamalarından belə məlum olur ki, ölkəmiz də Türkiyə ilə əməkdaşlıq edərək “CoronaVac” vaksinindən alacaq. Qeyri-rəsmi xəbərlərə görə, Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb. Məlumatlarda deyilir ki, vaksin Türkiyənin “Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək. Hökumətin qərarına görə, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq və ilkin mərhələdə “Keymen İlaç” şirkətinə ümumi məbləğin 50 %-i ödəniləcək.
Ölkəmizdə vaksinasiyanın hansı tarixdə tətbiq ediləcəyi ilə bağlı məsələyə gəldikdə isə, məlumata görə, bu proses yaxın 3 ayda mümkün ola biləcək.

TƏBİB sədri Ramin Bayramlı qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq:
“Birinci dozanı qəbul edən insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus ”COVID-19" pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək".

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Əlbəttə ki, ölkənin hansı vaksindən alacağı barədə ictimaiyyətə açıqlama verilməlidir. Çünki vaksinin keyfiyyət göstəriciləri hər kəsə məlum olmalıdır. Düşünürəm ki, yaxşı olardı ki, Türkiyənin xətti ilə vaksin alaq. Ən yaxşısı Qərb vaksininə üstünlük verək. Hesab edirəm ki, ”Pfizer" və “Moderna” şirkətlərinin hazırladığı vaksinlər daha keyfiyyətlidir".
Adil Qeybulla qeyd edib ki, vaksinlər ilk öncə risk qrupunda olan şəxslərə tətbiq edilməlidir:
“Risk qrupunda olanlar əsasən tibb işçiləri, xəstələrlə təmasda olan tibbi texniki personallardır. Həmçinin 65 yaşdan yuxarı, yanaşı xəstəlikləri olan insanlardır, hansı ki, ölüm halları daha çox bu cür insanlar arasında olur”.
Daha bir məsələ, indidən bir sıra insanlar vaksinlərə inanmadığını və buna görə vaksinasiyadan imtina edəcəyini açıqlayır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlamasında bildirib ki, ölkəyə gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracaqlar:
“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onları ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.
Professor Adil Qeybulla məsələyə bu cür şərh bildirdi:
“İnsanların vaksinasiya ilə bağlı tərəddüdünə gəldikdə, təəssüflər olsun ki, vaxtilə koronavirusdf bağlı dezinformasiya yayan şəxslər indi də vaksinlərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq, insanları çaşdırır. Guya vaksinasiya olunan şəxslər sürətlə qocalmağa başlayır. Axı kimə vaksinasiya olundu ki, onun sürətlə qocalmasını gördük. Yəni yayılan bütün məlumatlar uydurma, şayiədir.
Bir şeyi nəzərə almaq lazımdır ki, bu gün vaksinasiya nəticəsində zamanında uşaqların kütləvi ölümünə səbəb olan qızılca, göy öskürək, difteriya, polimelit kimi uşaqların şikəst olmasına gətirib çıxaran xəstəliklər yoxdur. Həmçinin uşaqlar arasında vərəmə yoluxanlar azalıb, Hepatit B-yə yoluxma azdır. Məhz vaksinasiya nəticəsində zamanında pandemiyaya səbəb olan, milyonlarla insanın həyatına son qoyan “təbii çiçək” xəstəliyi yoxa çıxıb və sairə. Yəni vaksinasiyanın faydaları haqqında çox danışmaq olar. Onun ziyanı yoxdur. Doğrudur, alleqrik reaksiyalar yarada bilər, onun da dərhal qarşısı alınır.
Hesab edirəm ki, hər kəs vaksinasiya məsələsində məsuliyyətli olmalıdır".
