|
Məlahət İbrahimqızı Vətən müharibəsində sağlamlığını itirənlərlə bağlı çağırış etdi

Deputat Məlahət İbrahimqızı Milli Məclisdəki büdcə müzakirələrində vacib bir məsələyə hökumətin diqqətini çəkməyə çalışıb.

Deputat bildirib ki, Vətən müharibəsində sağlamlığını itirənlərə vəzifə maaşlarının 85 faizi ödənilir:
“Amma başqa ölkələrdə, o cümlədən, Rusiyada bu kateqoriyadan olan insanlara vəzifə maaşlarının 100 faizi verilir. Azərbaycanda da bu faizin artırılması zəruridir”.

Bu barədə ona çoxsaylı hərbçilərin müraciət etdiyini deyən deputat bildirib ki, bu vəsaitin miqdarı bütün respublika üzrə 1 milyon manatı da aşmır.

Deputat yaralı hərbçilərimizin müalicə aldıqdan sonra yenidən xidmət etdiyi hərbi hissələrə qayıdıb, oradan sənəd alması barədə tələbə əməl etməli olduqlarını da vurğulayıb: “Nəzərə alsaq ki, onlar 44 gün acılar yaşayıblar, müalicə olunurlar. Ancaq yaralılar müalicə aldıqdan sonra yenidən hərbi hissələrə qayıtmalı, oradan sənəd almalıdırlar. Bu proseduru asanlaşdırmaq mümkündür”.

Nazir Sahil Babayevin müxtəlif bölgələrdə reabilitasiya mərkəzlərinin açıldığı barədə dediklərinə istinad edən M.İbrahimqızı belə mərkəzlərin Qarabağda da açılıb-açılmayacağı barədə sual etdi.