Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Elman Nəsirov Azərbaycanla Ermənistanın dövlət büdcələri arasında paralellik apararaq bəzi sahələrə əlavə vəsaitin ayrılmasını təklif edib.
Spiker Sahibə Qafarova işğalçı ölkə ilə geniş müqayisə aparılmasına ironik münasibət bildirib.
Söz alan deputat Aqil Abbas isə bəzi həmkarlarının dediklərinə reaksiya verib: “Mən iqtisadi cəhətdən savadsızam. Amma büdcə tutan mütəxəssislər hesablayıblar ki, dövlətin nə qədər gəlirləri ola bilər.
Mən müharibə dövründə Qarabağdaydım, orda bir nəfər soruşdu ki, Aqil müəllim, bizim kəndə nə vaxt qaz çəkiləcək? Digərləri az qaldı onu döysünlər ki, müharibə gedir, sən qaz hayındasan. İndi dövlət ağır bir müharibədən çıxıb, hamımız da nə isə tələb edirik.
Təklif edirəm ki, deputat yoldaşlar, eləcə də Elman müəllim bu təklifləri edəndə vəsaitin mənbəyini də göstərsinlər. Qoyun hökumət də öyrənsin. Hökumətin üstünə bu qədər gedirsiniz, gedəndə onu da deyin ki, o pulu haradan alsın. Bəlkə xaricdən borc götürsün?”
