|
Deputatlar büdcə ilə bağlı geniş müzakirələrə ehtiyac görmədilər:

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Elşən Musayev seçildiyi dairənin qazlaşdırma probleminə hökumət üzvlərinin diqqətini çəkməyə çalışdı. “Zaqatalada qazlaşdırma faizi 50 faizdir. Amma digər rayonlarda bu göstərici 97 faizdir. Bilmək istəyirəm, bunun səbəbi nədir? Bizim Zaqatalanın qonşu rayonlardan fərqi nədir və meyar nə götürülür?”

Ardınca söz alan deputat Fəzail Ağamalı isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı söz alaraq bildirdi ki, o da bu cür problemləri, narazlıqları qaldıra bilər. Amma hesab edir ki, dövlətin əsas diqqəti işğaldan azad olunmuş ərazilərimizin abadlaşdırılmasına, əhalinin oraya köçürülməsi üçün zəruri olan addımların atılmasına yönəlməlidir. Ona görə də F.Ağamalı müzakirələrin dayandırılmasını, büdcə haqqında qanun layihəsinin ikinci oxunuşda səsə qoyulub, qəbul edilməsini təklif etdi.

Sədr Sahibə Qafarova isə “təklif yaxşı təklifdir, amma əgər deputatların böyük əksəriyyəti istəyirsə ki, bu müzakirələrə son qoyaq və gündəlikdəki məsələni gərək səsə qoyaq”. Məsələ səsverməyə çıxarıldı, 84 nəfər lehinə, 8 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla müzakirələr kəsildi. Qanun layihəsi isə ikinci oxunuşda qəbul edildi.