Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli müharibə dövründə informasiya təminatı ilə bağlı bəzi obyektiv problemlərin ortaya çıxdığını, operativ məlumatların əsasən Türkiyə mediasından alındığını söylədi. Ona görə də deputat AzTV-yə əlavə səyyar qurğularının alınması üçün vəsaitin ayrılmasını təklif etdi.
Ardınca T.Kərimli Şimali Qafqaz və Dağıstanla çox ciddi ticarət, sənətkarlıq əlaqələrini artırmağı da zəruri saydı. Millət vəkili hərbçi kateqoriyadan olan hər kəsin əmək haqqını artırmağı da xahiş etdi. Siyasi partiyalar üçün vəsaitin artırılmasını da təklif edən T.Kərimli Quba-Şamaxı yolunun və Ağsu aşırımlarının təmiri üçün hökumətin addımlar atmasını vacib saydı. Bildirdi ki, bir maşın Ağsudan Rusiya sərhədinə getmək üçün 400 km məsafə qət etməli olur, hansı ki, kəsə yolla cəmi 100 km-lik məsafədir.
