Cari il ərzində təkcə dürüstləşdirilmə prosesi nəticəsində 250 milyon manat dövlət büdcəsinin vəsaitinə qənaət edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu sözləri Milli Məclisdəki çıxışında söyləyib.
Nazir bildirib ki, təkcə cari ildə 121 min nəfərə elektron xidmətlər təmin edilib: “Eyni zamanda artıq 30 növ arayışlar vətəndaşlara elektron şəkildə təqdim edilir ki, bu da 1,5 milyon müraciət deməkdir”.
S.Babayev qeyd edib ki, Fondla bağlı 10 min 200 məhkəmə qərarı 1200-dək azaldılıb: “Ümumilikdə illik 93 faizlik azalma var. Yəni məhkəmə qərarları ilə Fondun itkiləri ciddi şəkildə azaldılıb”. Nazir bildirdi ki, DOST mərkəzlərində indiyədək 200 minədək vətəndaşımıza xidmət göstərilib, məmnunluq səviyyəsi 97 faiz olub.
Nazir deputatların qaldırdığı məsələlərə də münasibət bildirib: “Hörmətli deputatlarımız çox haqlı olaraq şəhid ailələri və müharibə iştirakçılarının problemlərini qaldırırlar. Məlumat üçün bildirim ki, bu sahə cənab prezidentin daim diqqət mərkəzindədir. Təkcə son bir ayda 4500-dən artıq şəhid ailəmiz və müharibə əlilimiz dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Dünən Gəncədə 103, bu gün 15 ailəyə mənzillər təqdim etdik. Bu il ümumilikdə 1500-dək ailə mənzillər təmin edilib. Ümumiyyətlə, bu günədək 9 min mənzil, 7 min avtomobil bu kateqoriyadan olan ailələrə təqdim olunub. Dünən 53 ailə mənzillə təmin olundu. Bundan əlavə, 1560 nəfərə sosial müavinətlər təyin olunub. 1300 ailə özünəməşğulluq proqramına cəlb edilib. Son bir ay ərzində 21 min şəhid ailəsi və müharibə iştirakçısı ailəsi ilə sosial və psixoloji iş aparılıb”.
