|
Deputat: “Azərbaycan BMT-ni məhkəməyə verməlidir”

“2021-ci ilin büdcəsində Qarabağın bərpasına 2,2 milyard vəsait nəzərdə tutulub. Mən hesab edirəm ki, bu, çox kiçik vəsaitdir. Biz hər il Qarabağa bu qədər vəsait ayırsaq, bizə orada normal yaşayışı təmin etmək üçün on illərlə vaxt lazım olar”.

Bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələrində söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan Qarabağdakı bərpa işləri ilə bağlı beynəlxalq birliyə və BMT-yə yardım üçün müraciət etməlidir: “Əgər BMT bundan imtina etsə, bu qurumu məhkəməyə verməliyik. Düzdür, vaxtilə Haiti BMT-ni məhkəməyə vermişdi, amma bu qurum özünün immunitet hüququndan istifadə etdi. Hesab edirəm ki, nəticə belə olsa da, biz BMT-ni məhkəməyə verməliyik.

Çünki BMT Təhlükəsizlik Şurasının səhlənkarlığı nəticəsində bizim torpaqlarımız işğal olunub, 1 milyon vətəndaşımız qaçqın həyatı yaşayıb, bu qurumun məsuliyyətsizliyi nəticəsində ərazilərimiz vəhşicəsinə darmadağın edilib”.

Q.Həsənquliyev işğaldan azad olunmuş ərazilərimizdə DTX, DİN, FHN, Müdafiə Nazirliyinin əməkdaşlarının xidmət etdiyini xatırladıb: “Orada normal yaşayış standartları olmadığına görə, onların əmək haqı ən azı 2 dəfə artırılmalıdır”.

Deputat əlavə edib ki, tikinti materiallarının daşınmasını təmin etmək üçün Qarabağa dəmir yolu çəkilməlidir: “Amma bizə bəlli deyil ki, dövlət dəmir yoluna nə qədər vəsait ayrılıb”.