Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki büdcə müzakirələrində əvvəlcə Vətən müharibəsindəki zəfərimizdən bəhs etdi.
“Bu qələbəmizi bizə qazandıran bizim şəhidlərimiz, qazilərimiz oldu”, deyən millət vəkili bildirdi ki, ona görə də sağlamlığını itirən vətəndaşlarımız üçün nəzərdə tutlan vəsait ən azı 3 dəfər artırılmalıdır.
Vəsaitin hardan əldə olunmasına gəldikdə, Q.Həsənquliyev söylədi ki, bu vəsait bizdə var: “Bu məqsədlə ölkədə böyük özəlləşdirmə həyata keçirib büdcəyə milyardlarla vəsait cəlb etmək mümkündür. İri dövlət müəssisələri gəlirlə işləmirlər, hətta bəzi hallarda zərərlə işləyirlər. Onların heç biri öz vəsaitləri hesabına heç bir layihə həyata keçirmirlər. Yalnız dövlət zəmanəti ilə xaricdən borclar götürürlər və həmin vəsaitlər hesabına hansısa layihələri həyata keçirirlər. Mən dəfələrlə söyləmişəm ki, bu cür borc müqavilələri mütləq Milli Məclis tərəfindən təsdiq olunmalıdır. Ona görə ki, biz sonradan həmin vəsaitləri qaytarmaq zorunda qalırıq”.
Q.Həsənquliyev bildirdi ki, icbari tibbi sığortaya keçdiyimiz bir dövrdə səhiyyə müəssisələri özəlləşdirilməlidir: “TƏBİB adlandırılan qurum özünü doğrultmadı, xalqın nifrətini qazanıb. Səhiyyə Nazirliyinin səlahiyyətləri özünə qaytarılmalıdır və həmin qurum da ləğv olunmalıdır. Bundan başqa, səhmdar cəmiyyətlər var, əgər onlar özəlləşdirməyə çıxarılmırsa, heç olmasa, 51 faiz nəzarət paketi hökumətdə saxlanılsın, 49 faiz satışa çıxarılsın. Bununla da dövlət milyardlarla vəsait cəlb edə bilər, həm də ölkəyə böyük miqdarda pullar gələr”.
