Hökumət üzvləri deputatlar qarşısında çıxış etdilər, millət vəkilləri büdcə ilə bağlı təkliflər verdilər; Mərkəzi Bank rəhbəri devalvasiya ilə bağlı narahatlıqların əsassız olduğunu bildirdi
Dekabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyində “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi və büdcə zərfinə daxil olan digər məsələlər var idi.
2021-ci ilin büdcə müzakirələrində iştirak edən baş nazir Əli Əsədov və hökumət üzvlərini, deputatları, jurnalistləri salamladı. Daha sonra sədr bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. “Azərbacan Prezidenti Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanıb. O öz fəaliyyətində xalqımızın maraqlarını daim üstün tutur”, deyən S.Qafarova bildirdi ki, ölkəmizin xoşbəxt gələcəyi onun davam etdirdiyi quruculuq və inkişaf strategiyasına əsaslanır. Sədr qeyd etdi ki, ölkəmizin Prezidenti öz parlaq zəkası, yüksək liderlik keyfiyyətləri, qətiyyətli mövqeyi, əsl sərkərdəlik keyfiyyətləri ilə Vətən müharibəsində böyük qələbənin qazanılmasına nail oldu.
Spiker doğum günü münasibətilə Prezidenti ürəkdən təbrik etdi, uğurlar arzuladı. Deputatlar və hökumət üzvləri sürəkli alqışlarla təbriklərə qoşuldular.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan büdcə haqqında qanun layihəsi barədə danışan spiker Sahibə Qafarova cari ilin yekunları ilə bağlı fikirlərini bölüşdü.
İqtisadi siyasət, sahibkarlıq və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Tahir Mirkişili büdcə layihəsi barədə çıxışında öncə 2020-ci ilin Azərbaycan üçün Zəfər ili olduğunu vurğuladı: “Biz ilk dəfə olaraq Vətən müharibəsində qalib gəlmiş dövlətin büdcəsini qəbul etmək ərəfəsindəyik”. Komitə sədri bildirdi ki, 2021-ci ildə Azərbaycan üç cəbhədə - pandemiya, qlobal böhran və işğalçı Ermənistanla mübarizə aparıb və iqtisadi inkişafını təmin edib. T.Mirkişili 2020-ci ildə bir sıra sahələrdə geriləmənin olduğunu qeyd etsə də, əlavə etdi ki, 2021-ci ildə Ümumi Daxili Məhsulun artacağı, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Komitə rəhbəri bildirdi ki, neftin qiymətinin dövlət büdcəsində 40 dollardan götürülməsi aparılan təhlillərə uyğundur. Əlavə etdi ki, neftin qiymətinin daha 15 faiz artacağı gözlənilir.
Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, 2020-ci ildə dövlət tərəfindən əhalinin sosial rifahının qorunması, iqtisadiyata dəstək göstərilməsi üçün kompleks tədbirlər həyata keçirilib. “Sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları Vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”, nazir bildirdi. Qeyd etdi ki, cari ilin sonunda ölkədə ÜDM-in 4 faizədək azalması gözlənilir. Nazirin sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 20,5 faiz, sosial xərclərə 14,1 faiz, məhkəmə hakimiyyətinə 8,1 faiz, təhsilə 8 faiz, kənd təsərrüfatı xərclərinə 5 faiz maliyyə vəsaiti nəzərdə tutulub. Koronavirusla mübarizə məqsədilə 261 milyon manat vəsait ayrılacaq. Məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması üçün 248 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 35 milyon manat vəsait nəzərdə tutulub.
S.Şərifovun sözlərinə görə, 2021-ci ildə QHT-lərə, siyasi partiyalara, yaradıcılıq birliklərinə maliyyə yardımının ayrılması, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına dəstək məqsədilə 56 milyon manat vəsait yönəldiləcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qalib çıxdı. Bu qələbə indiyə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərin daha inamla davam etdirilməsi üçün möhkəm zəmindir”. Nazir bildirdi ki, işğaldan azad edilmiş ərazilərin bərpası, ora qayıdacaq əhalinin yaşaması üçün lazımi şəraitin yaradılması, məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. M.Cabbarov qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların böyük marağı var.
M.Cabbarov ölkədəki durumdan bəhs edərkən dedi ki, cari ildə pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, neft hasilatının azalması neft-qaz sektoruna təsir edib. M.Cabbarov da qeyd etdi ki, növbəti ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması üçün 2,2 milyard manat ayrılacaq: “Hesab edirəm ki, həmin ərazilərin investisiya qoyuluşu gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq. Beynəlxalq nəqliyyat-kommunikasiya layihələri məhz Qarabağda həyata keçiriləcək”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən devalvasiyanın olacağı ilə bağlı söz-söhbətlərə reaksiya verdi: “Hansısa qüvvələr arzu etdiklərini reallıq kimi görmək istəyir. Bu proseslər üçün heç bir əsas yoxdur”. E.Rüstəmov dedi ki, çətinliklərin mövcud olduğu cari ildə əgər Azərbaycan rəhbərliyi, Azərbaycan hökuməti devalvasiyaya getmədisə, deməli, bu məsələ öz aktuallığını saxlamır. “Mən əhalimizi belə bir şayiələrə inanmamağa çağırıram! Hazırda ölkəmizdə nikbinlik hökm sürür. Heç kəs ölkəmizdə olan nikbinliyə xələl gətirməyə çalışmasın!”
AMB rəhbəri ölkə əhalisinin böyük hissəsini maraqlandıran bir məsələyə də münasibət bildirib: “Bizim qarşımızda böyük işlər durur. Mən əminəm ki, konstitusiyamıza uyğun olaraq, bizim bütün ərazilərimizdə manat yeganə ödəniş vasitəsi olacaq”.
Komitə sədri Zahid Oruc Milli Məclisdəki büdcə müzakirələrində öncə ölkə Prezidentini doğum günü münasibətilə təbrik etdi. Deputat səhiyyə sahəsindəki problemlərə sərt etiraz bildirdi: “Səhiyyə, TƏBİB sisteminə güvənc aşağıdır. Halbuki inam hissi böyük qüvvədir. Məgər biz müharibədə ordumuza ən yüksək etimada görə qalib gəlmədikmi! Başa vurdugumuz ildə 3 dəfə sərt karantin rejiminə keçərkən dövlətin və millətin 10 milyardlarla manat ziyanı öz üzərinə aldıgını hamı görməlidir. Vətəndaşlar deyir, elə mübarizə aparırsınızsa, dərmanların qara dövriyyəsini təşkil edənləri cəzalandırın. 6 manata olan kleksanı 60 manata, 40 manata olan favir-piraviri ”qara bazar"da 500 manata satırlar. Necə ki, ordunun silahının qanunsuz satılması Hərbi Tribunal qaydasında ən ağır cəzaya layiqdir, xəstəxanalara verilən dərmanları da ələ keçirib, onu çarəsiz durumda olan xəstəyə 20-30 dəfə baha satmaq Qələbəmizə kölgə salmaqdır, ən ağır cinayətdir".
Bəzi deputatlar yerlərindən “çıxışlar üçün reqlament 10 dəqiqə yox, 5 dəqiqə olsun”, təklifini verdilər. Ancaq spiker Sahibə Qafarova bu təkliflərə qarşı çıxdı: “Xeyir, 5 dəqiqəyə keçməyəcəyik! Hələ ki reqlament 10 dəqiqə olacaq. Çünki bu, sıradan bir məsələnin müzakirəsi deyil, dövlət büdcəsinin müzakirəsidir. Əgər koronavirusa görə narahatsınızsa, qeyd edim ki, dünən burada oturan bütün deputatlar testdən keçiblər, burada yoluxan insan yoxdur”.

“Bu gün Azərbaycan xalqının və dövlətimizin qarşısında duran ən vacib vəzifə işğaldan azad edilmiş ərazilərimizə qayıtmaqdır”. Bunu isə deputat Fəzail Ağamalı söylədi. Büdcə layihəsində sosial layihələr, pensiyalar və digər sahələrə vəsaitlərin ayrıldığını vurğulayan deputat qeyd etdi ki, qalan bütün vəsait işğaldan azad edilmiş şəhər və kəndlərimizin abadlaşdırılmasına yönəldilməlidir: “Mənim də çoxsaylı təkliflərim var. Lakin düşünürəm ki, bu təkliflərin bu gün reallaşması mümkün deyil, həm də doğru deyil. İnsanların o ərazilərə qayıdışını təmin etməliyik. Hətta hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərin abadlaşması üçün ayrılmış 2,2 milyardlıq vəsait yetərli deyil, əlavə mənbələrdən istifadə etməklə bu vəsait artırılmalıdır”.
F.Ağamalı dedi ki, Azərbaycan iki cəbhədə müharibə apardı. Bu müharibənin hər ikisində hökumətimiz öz peşəkarlığını göstərdi. Hökumət üzvlərinin müharibə dövründəki fəaliyyətini yüksək qiymətləndirən deputat həmkarlarını mükəmməl şəkildə hazırlanmış büdcə layihəsinə səs verməyə çağırdı.
Deputat Əli Məsimli büdcə layihəsi barədə danışarkən işğaldan azad edilən torpaqlarımızın dövlətimizə qazandıracağı mənfəətdən bəhs etdi: “İşğaldan azad edilən torpaqların bərpa edilməsi nəticəsində gücümüzə güc qatacaq. Qarabağ zəngin torpaqdır. O ərazilərin də iqtisadiyyata qoşulması ilə iqtisadi inkişafımız artacaq”. Ancaq deputat bildirdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir: “Həmin işlər yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bizi bu müharibədə dəstəkləyən ölkələrin şirkətlərinə də burada işləməyə imkan tanınmalıdır”.
Ə.Məsimli vaxtilə dəfələrlə qaldırdığı, həmçinin qanun layihəsi ilə çıxış etdiyi məsələ, təhsil kreditlərinin ayrılmasına hökumətin ciddi reaksiya verməsini təqdir etdi. Bildirdi ki, təhsil kreditləri üçün ayrılan 80 milyon manat vəsait tələbələrin təhsil alması üçün geniş imkanlar yaradacaq.
“Azərbaycanın qədim şəhərlərindən olan Xankəndinin statusu bərpa edilməlidir. Xankəndi şəhərinin dövlət strukturları formalaşdırılmalı, bu şəhərin büdcəsi bir maddə kimi 2021-ci ilin müdcəsinə salınmalıdır”.
Bu fikirləri deputat Aydın Mirzəzadə söylədi. Millət vəkili qeyd etdi ki, bu istiqamətdə addımın atılması Azərbaycanın Xankəndindəki suverenliyini göstərən bir amil olacaq. A.Mirzəzadə müharibədən sonrakı dövr üçün atılmalı olan addımlardan bəhs etdi: “Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır, bu istiqamətdə artıq işlər gedir. Dünən bildirildi ki, səfərbərliyə çağırılanlar ayda 400 manat maaş alacaq”. Deputat banklardakı yüksək faizə də etiraz etdi: "Mərkəzi Bank, Maliyyə Nazirliyindən, hörmətli baş nazirdən xahiş edirəm, banklardakı kredit faizinin aşağı salması istiqamətində addım atsınlar". Onun sözlərinə görə, banklarının bəzilərinin vəsaiti var, amma o vəsaiti aşağı faizlə vətəndaşlara verə bilmirlər.

Deputat Elşən Musayev bir sıra məsələlərə münasibət bildirdikdən, təkliflərini səsləndirdikdən sonra 120 minlik Zaqatala əhalisi adından hökumətə müraciət etdi: “Zaqatalanın Natiq Mahmudov adında qazisi var. O, 42 gündür ki, komadadır. Mən baş nazir Əli Əsədovdan, Müdafiə Nazirliyinin rəhbərliyindən, hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələni yox, əllərindən gəlməyəni də etsinlər! Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir!”

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə müzakirələrində çıxış edərkən bildirdi ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb: “Həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib”. Komitə sədri qeyd etdi ki, növbəti ilin ilk rübündə ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı proses başa çatacaq. Ə.Əmiraslanov 2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacağını söylədi: “Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insalarımız bunu gözləyirdi”. Ə.Əmiraslanov bildirdi ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb: “Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da, səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub. Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdlar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək”. Ə.Əmiraslanov bildirdi ki, bu gün koronavirusla yanaşı, ürək-damar, ankoloji xəstəliklər də ölümə səbəb olur: “Bu xəstəliklərin müalicəsi üçün də gələcəkdə maliyyələşmə aparılmalıdır. Mən hörmətli maliyyə naziri Samir Şərifovla bu barədə danışdım və onun fikirləri məni tam qane etdi”.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə vitse-spiker Fəzail İbrahimli məlumat verdi. Maliyyələşmə ilə bağlı olan layihə ilk oxunuşda qəbul edildi.
Bu gün büdcə müzakirələri davam etdiriləcək.
