|
Sahibə Qafarova: “İşğaldan azad olunmuş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb”

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan büdcə haqqında qanun layihəsi barədə danışan spiker Sahibə Qafarova cari ilin yekunları ilə bağlı fikirlərini bölüşdü.

"Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir”, deyən sədr bildirdi ki, Vətən müharibəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub: “İşğaldan azad olunan torpaqlar, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşımızda çox mühüm yeni səhifələr açıb. Eyni zamanda pandemiya ilə mübarizə də davam edir. Ölkə həyatında müşahidə olunan yeni reallıq və çağırışlar 2021-ci il büdcəsinə təsir göstərməyə bilməzdi”.

Parlament sədri qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

S.Qafarova 44 günlük Vətən Müharibəsinin şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışdı: “Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq”.