|
Tahir Mirkişili: “İlk dəfə olaraq Vətən Müharibəsində qalib gəlmiş dövlətin büdcəsini qəbul etmək ərəfəsindəyik”

Milli Məclisin plenar iclasında, hökumətin iştirakı ilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Spiker Sahibə Qafarova büdcə zərfinə daxil olan qanun layihələri barədə məlumat verərək deputatları müzakirələrdə aktiv şəkildə iştirak etməyə çağırdı.

İqtisadi siyasət, sahibkarlıq və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Tahir Mirkişili büdcə layihəsi barədə çıxışında öncə 2020-ci ilin Azərbaycan üçün Zəfər ili olduğunu vurğuladı: “Biz ilk dəfə olaraq Vətən Müharibəsində qalib gəlmiş dövlətin büdcəsini qəbul etmək ərəfəsindəyik”. Komitə sədri bildirdi ki, 2021-ci ildə Azərbaycan üç cəbhədə - pandemiya, qlobal böhran və işğalçı Ermənistanla mübarizə aparıb və iqtisadi inkişafını təmin edib. T.Mirkişili 2020-ci ildə bir sıra sahələrdə geriləmənin olduğunu qeyd etsə də, əlavə etdi ki, 2021-ci ildə Ümumi Daxili Məhsulun artacağı, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Komitə rəhbəri bildirdi ki, neftin qiymətinin dövlət büdcəsində 40 dollardan götürülməsi aparılan təhlillərə uyğundur. Əlavə etdi ki, neftin qiymətinin daha 15 faiz artacağı gözlənilir.