Parlamentin plenar iclasında deputat Ermənistandan deportasiya olunanlarla bağlı hüquqi-siyasi qiymət verilməsi prosesini başa çatdırmağa çağırdı; hakimiyyət təmsilçisindən radikal müxalifətə: “Onlar məkrlərini həyata keçirə bilməyəcəklər...”
Dekabrın 22-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib. Cari məsələlər ətrafında çıxış edən komitə sədri Siyavuş Novruzov bildirib ki, 44 günlük Vətən müharibəsində jurnalistlər çox yaxşı fəaliyyət göstərdilər, hərbi vəziyyətin tələblərinə uyğun davrandılar, istər cəbhədə, istərsə də informasiya savaşında yaxından iştirak etdilər".
Deputat deyib ki, bu tendensiya qorunmalıdır: “Xankəndində torpaq alaq-almayaq məsələsini mediada müzakirəyə çıxarmaq düşmən dəyirmanına su tökməkdir. Azərbaycan vətəndaşları istənilən ərazimizdə torpaq ala bilərlər”.
S.Novruzov əlavə edib ki, bəziləri Ali Baş Komandan, ayrı-ayrı qurumlar haqqında əsassız fikirlər söyləməyə başlayıblar: “Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbəni ermənilər və ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmirlər. Onlar Dağlıq Qarabağ problemi vasitəsilə hakimiyyətə gəlməklə bağlı imkanlarını da itirdilər. Bunu həzm edə bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.
Komitə sədri Zahid Oruc bir sıra vacib məsələlərə toxunub: “Bu ilin martın 5-də Tovuz rayonuna səfəri zamanı ölkə Prezidenti Tarix-Diyarşünasılıq Muzeyini ziyarət edərkən divardan asılmış xəritəyə iradını bildirərək demişdi: ”Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın... Özü də uşaq otağıdır. Onlar gəlib soruşacaq ki, hanı mənim qədim şəhərlərim? Əvəzində orada Urartunu görürük. Eyni səhnə ölkə başçısının Tərtərdə Dövlət rəmzləri muzeyində olarkən də təkrarlanmışdı. Prezident orada dedi ki, gərək tarixi yerlərimiz öz adları ilə əks olunsun: “Sisyanın əsl adı Qarakilsədir... bunu pozun və Qarakilsə yazın”.
Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun, müstəqillikdən keçən 30 ilə yaxın müddətdə biz tariximizə hərtərəfli və obyektiv baxışı, dünya elminin qəbul etdiyi sistemli yanaşma metodu ilə onun yazılmasını təmin edə bilməmişik: “Başa düşməliyik ki, tariximiz ideologiyaların və siyasətin qurbanına çevrilə bilməz. Onu müxtəlif imperiyaların bir parçası kimi görməklə ”xronoloji-təsvirçi-təhkiyəçi" “konsepsiyası” ilə dövlətçilik tariximizə kompleks baxışı deyil, əksinə, epizodik fraqmentar münasibətlə “Ana Vətən”dən - Ata Yurdu" səviyyəsinə qədər kiçiltmişik. Halbuki tarix siyasəti və elmi, institutu, alimlərimiz müharibənin ön cəbhəsində olmalıdır".
Z.Oruc ölkə rəhbəri yanında xüsusi Tarix Komissiyasının yaradılmasını təklif edib: “Biz keçmişimizi gedib ticarət köşklərindən almalı deyilik. Azərbaycan tarixinin ən mühüm salnamələrinin qorunub saxlandığı Rusiya arxivləri, eləcə də İran, Gürcüstan, Fransa, Britaniya, həmçinin ABŞ-a hissə-hissə səpələnmiş tariximizin vahid bir binaya-ölkəmizə gətirilməsi düzgün Milli Tarix Kitabımızın yazılması üçün müvafiq dövlət proqramı qəbul edilsin. Bu, torpaqlarımızın azad olunması qədər vacib olan vəzifədir. Çünki tarixi dünənini düzgün öyrənmək mifologiyalardan və ilgımlardan azad olaraq, daha gerçək milli hədəflər uğrunda mübarizə aparmaq deməkdir”.
Deputat Razi Nurullayev çıxışını milli birliyi unudub, nifrət dolu çıxış edənlərə həsr edib: “44 gün səssiz qaldınız, sağ olun. İndi isə gəlin ağıllı söhbətlər edək. Nə qədər ürəkbulandırıcı danışmaq və qaragünlü olmaq olar?” R.Nurullayev bildirib ki, Əli Kərimli, Əli İnsanov və xaricdə olan blogerlərin bəzisi köhnə peşələrinə qayıdıblar: “Əli İnsanovun dünənki müsahibəsi nifrət doludur. Başa düşürəm ki, həbsdə məşəqqətlər yaşamısınız. Köhnə ritorikanız sizə və xalqa nəsə qazandırmır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbuledilməzdir. Əli Kərimli də Qarabağ zəfərini kiçildir, çünki içində vəzifə tutanlara nifrəti var. Deyir ki, zəif düşməni udmağa nə var idi ki? Ayıbdır və orada tökülən şəhid qanlarına sayqısızlıqdır. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında zəfər çalıb. Buna kölgə salmaq istəyənlər şəhidlərimizin ruhunu incidir və onlara qarşı ən sərt qınama kampaniyası olmalıdır. Danışın ki, korrupsiya olmasın, oğurlayanlar dar ağacından asılsın. Bu xalq gözəl xalqdır, hər şeyindən keçdi ki, qələbə qazanaq. Bu xalq bir oğlundan keçdi ki, torpaq qayıtsın. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doymur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddirmi? Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salaq. Başqa işiniz gücünüz yoxdur? Daha torpaqlar alınıb, nə istəyirsiniz? Hamı çalışır ki, narazı olanların xoşuna gələn şeylərdən danışsın ki, daha çox adam baxsın. Allah şahiddir ki, içim etirazla doludur. Çünki korrupsiya və rüşvətxorluq sözdə dayanıb. Xalq sözdə yaxşı yaşayır. Amma sizin hərəkətləriniz ona dəlalət edir ki, xalq həmişə pis yaşasın. Qəlbimdən keçənin çoxunu demirəm ki, sizə bənzəməyim”.
Deputat əlavə edib ki, hər kəsin gözü Prezidentdədir: “Bundan sonra daha gözəl işlər görüləcək. İmkan verin etsin. İlham Əliyevdən başqa mövzunuz yoxdur? Biabırçılıqdır sizin işiniz. Bəsdirin! Nifrət tökə-tökə bir də görəcəksiniz ki, o nifrətin içində özünüz də boğulursunuz. Bu, müxalifətçilik yox, düşmənçilikdir. 5 adamı idarə edə bilməyənlər idarəçilikdən, cibindən beş manatı çıxarıb yaralıya verməyə ürəyi gəlməyənlər milyonlardan danışır. Bir olaq, xalqa xidmət edək”.

Deputat Əziz Ələkbərli Ermənistandakı dədə-baba yurdlarından deportasiya edilmiş azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verilməsinin başa çatdırılmasının vacibliyindən bəhs edib: “Hörmətli sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Sabah (bu gün - red.) dekabrın 23-dür. Düz 73 il bundan əvvəl - 1947-ci il dekabrın 23-də ovaxtkı SSRİ rəhbəri İosif Stalin indiki Ermənistan ərazisindən 100 min nəfər soydaşımızın minillər boyu yaşadıqları dədə-baba yurdlarından qovulması barədə Qərar imzalamışdır. Bu qərar ”Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında Qərar" adlanırdı. Amma bu qərar Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisinin etnik təmizlənməsi, tamamilə erməniləşdirilməsi istiqamətində atılmış və 1988-ci ildən başlanan faciələrimizə yol açmış ədalətsiz bir qərar idi. O vaxt bu deportasiya 3 il üçün nəzərdə tutulmuşdu, amma 5 il davam etdi, 100 min nəfər insanın köçürülməsi nəzərdə tutulmuşdu, amma 150 min nəfər öz yurd-yuvasından qovuldu. O vaxt Zəngəzur, Dərələyəz, Göyçə, Dərəçiçək, İrəvan kimi dağlıq və dağətəyi bölgələrdən insanları tamam fərqli iqlim bölgələrinə, Azərbaycanın aran rayonlarına daşıyıb tökdülər və həm də əvvəldən heç bir hazırlıq işləri görülmədən, bu insanların harada yaşayacağını fikirləşmədən. Minlərlə insan - qoca, qadın, uşaq istidən, qızdırmadan tələf oldu. Ermənilər isə Ermənistandakı hazır azərbaycanlı evlərinə dolub yaşadılar. Stalinin ölümündən sonra SSRİ-də öz tarixi ərazilərindən deportasiya edilmiş bütün xalqlar - çeçenlər, inquşlar, Axıska türkləri, Krım tatarları və başqaları tarixi bəraət aldılar, öz dədə-baba yurdlarına qayıtmaq hüququ qazandılar. Təkcə Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən deportasiya olunan soydaşlarımıza tarixi bəraət verilmədi".
Ə.Ələkbərli bildirib ki, bu gün bu insanların tarixi hüququ bərpa olunmalıdır, bu insanlara bəraət verilməlidir: “Bu insanların övladları öz dədə-baba yurdlarına qayıtmaq hüququ qazanmalıdırlar və bunu istəyirlər, bu, onların hüququdur. Bu gün Ermənistan dövləti ya bu insanların övladlarının geri qayıtmaq hüququnu tanımalıdır, ya da bu insanların övladlarına 70 illik təzminat ödəməlidir. Bu məsələyə hüquqi-siyasi qiymət verilməsinin təməlini deportasiyanın 50 illiyində - 1997-ci il dekabrın 18-də Ulu Öndər ”1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" adlı tarixi Fərmanı ilə qoydu və bu gün biz ulu Öndərin bu siyasətini davam etdirməli, bu deportasiyaya hüquqi-siyasi qiymət verilməsi prosesini başa çatdırmalıyıq. Mənə elə gəlir ki, Azərbaycanın Qarabağ münaqişəsini birdəfəlik həll etməsi ilə hələ də barışmaq istəməyən bəzi revanşist Ermənistan siyasilərinə və onların havadarlarına da bu gün bu, çox tutarlı cavab olardı".

Deputat Əli Məsimli deyib ki, Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir. Millət vəkili qeyd edib ki, əslində bu məbləğ 17-32 manat olmalıdır: “Ekspress testləri isə 20-23 manata etmək olar. Bu kimi təcrübələrdən istifadə edə bilərik”. Ə.Məsimli bildirib ki, koronavirusla mübarizə tədbirləri başlanandan andan Milli Məclis prosesdə fəal iştirak edib. O digər problemlərdən də bəhs edib: “Pulsuz testlər, xəstəxanalarda yerlər, dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallar yaradır. Cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxslərin köməyi ilə aidiyyəti qurumları da cəlb etməklə Milli Məclisdə dinləmə keçirilsin”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova müraciət edərək təklif edib ki, ehtiyac olsa, belə bir dinləmə keçirilsin.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı ilk olaraq “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Layihədə qeyd olunub ki, orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
Qanunvericiliyə təklif edilən növbəti dəyişikliklərə əsasən, korrupsiyanın qarşısının alınması üçün maliyyə xarakterli tələblər sərtləşdirilir. Belə ki, Milli Məclisin iclasında “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər. Layihəyə əsasən, Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

“Banklar haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri 1 manata endiriləcək.
İclasda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi də müzakirəyə çıxarılıb. Layihəyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı" təsis ediləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
“Şərti maliyyə vahidi haqqında” Qanunun ləğv edilməsi barədə məsələ iclasın müzakirəsinə çıxarılıb. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda sədr əlavə edib ki, sabah (bu gün-red.) deputatlar COVİD-19 testi verəcək. S.Qafarova həmçinin 2021-ci ilin dövlət büdcəsi və həmin zərfə daxil olan qanunların Milli Məclisə daxil olduğunu deputatların diqqətinə çatdırıb.
Qeyd edək ki, növbəti iclaslarda 2021-ci ilin dövlət və icmal büdcəsinin müzakirəsi gözlənilir. Müzakirələrdə baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edəcək.
