|
Ermənistandan minaların xəritəsini tələb etməliyik

Elçin Mirzəbəyli: “Rusiyanın bu xəritəni almaq imkanı var, İrəvan onun sözündən çıxmağa cürət eləməz”

Erməni işğalından azad edilən rayonların ərazisində minaya düşmə hadisələrinin sayı artır. Noyabrın 28-də Füzulu rayonu ərazisində Füzulu rayon sakinləri olan 4 mülki şəxs minalı əraziyə daxil olduqları üçün həlak olmuşdu. Dekabrın 13-də Ağdam sakinləri olan iki mülki şəxs rayonun Şahbulaq kəndi ərazisində minaya düşmüş, onlardan biri həlak olmuşdu. Dekabrın 21-də isə Füzuli rayonu ərazisində növbəti bu cür bədbəxt hadisə baş verib və 4 nəfər mülki şəxs həyatını itirib.

Müvafiq rəsmi orqanlar dəfələrlə ictimaiyyətə, xüsusilə də işğaldan azad olunan rayonların sakinlərinə icazə olmadan həmin bölgələrə səfər etməmək çağırışlarını etsə də belə görünür ki, uzun illərin həsrəti bir çox insanları bu cür çağırışlara əməl etməyə və həyatlarını riskə atmağa sövq edir. Ona görə də Qarabağda mina qurbanlarının sayı belə görünür ki, zamanla artacaq. Nə qədər “getməyin” deyilsə də, yerli sakinlər öz rayonlarına  gedirlər. 27-28 illik həsrət onları doğma rayonlarına aparır, lakin orada da minaya düşüb, həlak olurlar. Bunun qarşısını almağın bir yolu var! Hərbi ekspert Şair Ramaldanov deyib ki, Ermənistan bizə mina xəritələrini verərsə, ərazilərimizin minalardan təmizlənməsi qat-qat sürətli gedə bilər.

Bəs Azərbaycan tərəfi belə bir müraciət edə bilərmi, belə bir tələbdə bulunmağa beynəlxalq hüquqa, müharibə qaydalarına görə əsasımız varmı? Bir yolu da Rusiya vasitəsilə bunu etməkdir. Rusiya bu xəritəni hətta İrəvandan tələb etməlidir və edə bilər. Çünki artıq bir rus hərbçisi də Şuşa ətrafında minaya düşərək ölüb. Ermənilərin basdırdığı minalar bu gün azərbaycanlılarla yanaşı, rusları da təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan minalanmış ərazilərin xəritəsini əldə etmək üçün Rusiyaya da müraciət edilə bilərmi?

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, minalarla bağlı məsələ kifayət qədər mürəkkəbdir və yalnız beynəlxalq hüquqa istinad etməklə, problemin həllini tapmaq mümkün deyil: “Məsələ burasındadır ki, piyadalar əleyhinə minaların istehsalı, tətbiqi, ötürülməsi və ehtiyat kimi saxlanılması Ottava konvensiyası ilə qadağan olunur. Bundan başqa, piyadalar əleyhinə minalarla bağlı Brüssel bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleysının 51/45 S saylı qətnaməsində də belə konvensiyaya qoşulan və qoşulmayan dövlətlərə piyadalar əleyhinə minalardan istifadə etməmək çağırışları yer alır. Bununla bağlı piyadalar əleyhinə minaların tətbiqi həm beynəlxalq humanitar hüququn, həm də ”Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" cinah sazişinin prinsiplərinə ziddir. Ottava konvensiyasına əsasən, bu və ya digər dövlət yurisdiksiyası və ya nəzarəti altında olan ərazilərdə piyadalar əleyhinə minaları zərərsizləşdirməyə borcludur. Yəni Azərbaycan torpaqları Ordumuzun qələbəsinədək Ermənistan silahlı birləşmələrinin nəzarətində olduğu üçün onlar da bu ərazilərdəki piyadalar əleyhinə minaları zərərsizləşdirməlidilər. Amma göründüyü kimi, bunu etməyiblər. Burada bir məqamı da qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizdə piyadalar əleyhinə minalarla yanaşı, nəqliyyat əleyhinə minalar da var. Belə minalar da nəqliyyat vasitələri ilə hərəkət edən mülki vətəndaşlarımızın ölümünə səbəb olur. Amma təəssüf ki, bəşəriyyət nə hüquqi müstəvidə, nə də təcrübədə problemin həllinə nail olmayıb".

Ekspert qeyd etdi ki, işğalçı ölkənin ərazilərimizdən qovulmuş silahlı qüvvələrindən manaların basdırıldığı ərazilərin xəritələrinin tələb edilməsi ilə bağlı hər hansı bir hüquqi mexanizm yoxdur: “Əgər olsaydı da Ermənistan ən müxtəlif bəhanələrlə xəritələri Azərbaycan tərəfinə təqdim etməkdən imtina edəcəkdi. Ola bilsin ki, zəmanətçi dövlətin, yaxud dövlətlərin iştirakı ilə bu xəritələri əldə etmək mümkün olsun. Rusiya hərbçilərinin belə bir imkanı var. İrəvan Moskvanın sözündən çıxmağa cürət eləməz”.