Ermənilər Azərbaycan şəhəri Xankəndindəki evlərini və dükanlarını satışa çıxarırlar. Bu, müharibədən sonra yaranmış yeni tendensiyadır.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “list.am”da çoxsaylı elana rast gəlmək olar. Portaldan aydın olur ki, son vaxtlar Xankəndindəki ermənilərin öz daşınmaz əmlaklarını satışa çıxarması halları artıb. Diqqətçəkən nüans satışa çıxarılan evlərin əksəriyyətinin mebel və məişət avadanlıqları ilə birgə alıcılara təklif edilməsidir. Mənzillər kvadratından asılı olaraq 35-45 min dollar civarında satışdadır. Bu, heç də əmlak bazarında canlanma yaranmasından qaynaqlanmır. Ermənilərin belə ümidsiz olmasının səbəbi Xankəndində necə yaşamağı götür-qoy etmələridir.
Onlar anlayırlar ki, bu vəziyyətdə yaşamaq çətin olacaq. Doğrudur, Rusiya Müdafiə Nazirliyi 40 min erməninin Dağlıq Qarabağa qayıtdığını bildirir, amma bir tərəfdən də onlar evlərini satışa çıxarırlar. Təbii ki, rus sülhməramlılarının və Azərbaycan əsgərinin nəzarəti altında yaşamaq onlar üçün asan deyil. Üstəlik, gələcəkdə Ermənistana gediş-gəliş, iş təminatı onları düşündürür. Həmçinin bölgənin inzibati quruluşu, pasport məsələləri, hüquqi məsələlər ermənilərdə gələcəyə böyük pessimizm yaradıb. Çünki Azərbaycan tərəfi hər zaman bəyan edib ki, onlar bizim vətəndaşlarımızdır, bizim qanunlarla hamı kimi bərabərhüquqlu yaşaya bilərlər. Lakin ermənilər üçün bu, həzm edilməsi çətin olan məsələdir.
Bu baxımdan evlərin satışa çıxarılması azərbaycanlılara yeni imkanlar açır. Xüsusən xankəndililər və imkanlılar fürsətdən istifadə edə bilər. Ümumiyyətlə, Azərbaycan rəsmi kanallar vasitəsilə Xankəndində ev və obyektləri almaqda maraqlı ola bilər. Bununla azərbaycanlıların öz şəhərinə qayıdışını, köçünü təmin etmək mümkündür. Düzdür, hələlik bu proses ağır görünür. Azərbaycanlılar orada qalacaq ermənilərlə qonşu olmaq, birgəyaşayış haqda hələ təsəvvür etmirlər. Amma gec-tez biz Xankəndinə dönməliyik. Sadəcə, bu işi necə etməliyik? Bu siyasəti həyata keçirməyin mexanizmi olmalıdır. Birinci növbədə Xankəndində yaşamış azərbaycanlıların sayı açıqlanmalıdır, o cümlədən bu şəhərə gediş-gəliş tədricən təşkil edilməlidir. Hətta hazırda Araik Arutyunyan və dəstəsi orada qalırsa belə, Xankəndi bizim şəhərdir, rus sülhməramlılarının müşayiəti ilə ən azı xankəndili insanlarımızın ora səfərlərini həyata keçirməliyik. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, öz torpaqlarımızda hərəkət sərbəstliyimiz var. Bütün bu işlərə vaxt lazımdır, amma Xankəndi sakinləri öz şəhərlərinə sülməramlıların nəzarəti altında olsa belə hələlik gedib-gəlməlidirlər, sonra birgəyaşayış üçün addımlar atılmalıdır.

Aqil Abbas: “Sən gəl Kəlbəcərdə evimi yandır, amma mən sənin evinə pul verim?”
Əslən Ağdamdan olan, elə bu yaxınlarda düşməndən azad edilmiş ev-eşiyini ziyarət etmiş deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, evlərib satışı məsələsi ermənilərin növbəti oyununa oxşayır. Onun sözlərinə görə, buna çox da inanmasa belə, ermənilər gec-tez Xankəndindən getməli olacaqlar: “Əvvəla, öz evimi mənə sata bilməsən. Sən kimsən mənə evimi satırsan? Əgər gedirsənsə, rədd ol get, yaşayırsansa, qal, vətəndaşlığımızı qəbul et, yaşa. Yox istəmirsənsə, o İrəvan, o da sən, çıx get. Hərçənd heç Ermənistana gedəcəklərinə inanmıram, yəqin başqa respublikaya köçəcəklər. O ki qaldı mənzillərin satılmasına, oradan ev almalı deyilsən, gedib öz doğma yuvana köçəcəksən. Məsələn, atamın Ağdamda evi vardı, qoyub çıxmışdıq. 27 il sorna gedəndə yerində daş-kəsək qalmışdı. Ona görə gedib evi Xankəndində götürəcəksən, yaşayacaqsan. Amma orada çox qalmayacaqlar”.
A.Abbasın sözlərinə görə, rus sülhməramlıları nə qədər erməni qaytarsa da, faydası yoxdur: “Real statistika var, hadisələr vaxtı nə qədər adam olub, nə qədər uşağ doğulub, o rəqəmlərə uyğun sayda əhali yaşayacaq. Amma Ermənistanda məcburi gətirib Xankəndinə, başqa yerlərə süni şəkildə köçürmüsənsə, onlar çıxarılacaqlar. Çünki ortada qanun, bəyanat var və üç ölkənin rəhbərinin imzası var. Ona görə mənə belə gəlir onlar gedəcəklər, biz də qayıtmalıyıq, sadəcə, buna zaman lazımdır. Biz Ağdərəyə, Xankəndinə, Xocalıya, Xocavəndə qayıdacağıq. Amma sən gəl Kəlbəcərdə evimi yandır, amma mən sənin evini pulla alım, niyə, dədənə borcum var?”

Elxan Şahinoğlu: “Əsgərlərimiz istədiyi vaxt Xankəndinə girir-çıxır, biz də...”
Kökəncə şuşalı olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Ordusu üzərinə düşəni etdi. Politoloqun “Yeni Müsavat”a bildirdiyinə görə, bundan sonra ağıl oyunları başlayır: “Ordumuz böyük əraziləri işğaldan azad edib, amma Xankəndi, Əsgəran hələ ki separatçıların nəzarətindədir. Bizi indi elə ağıl oyunu aparmalıyıq ki, onlar Azərbaycan pasportu daşısınlar, qanunlarımız orada işləsin, həmçinin mənim doğma kəndim olan Malbəyliyə köçə bilək, evlərimizi bərpa edək. Bunun üçün ilk növbədə insanların təhlükəsizliyini təmin etməliyik".
Onun sözlərinə görə, əsgərlərimiz istədiyi vaxt Xankəndinə girir-çıxır, bu da erməniləri müəyyən qədər təşvişə salır: “Bakıda ev almaq çətindir. Kredit şərtləri, faizlər ağırdır. Amma dövlət şərait yaratmalıdır, Xankəndində ev almaq istəyənlərə yumşaq şərtlər təklif etməlidir. Mən sosial mediadan da izləyirəm, xeyli adam köçməyə hazır olduğunu bildirir. Düzdür, Şuşaya hamı köçəcək, amma kritik Xankəndinə köçmək olacaq. Amma üç ay qabaq Şuşanı azad edəcəyimizə inanmırdıq. Yəni zamanla bu məsələlər də adiləşəcək. Ermənilər Xankəndində Azərbaycan əsgəri görürlər, artıq buna getdikcə öyrəşirlər. Sovet vaxtı bölgədə iki xalq yaxın yaşayırdılar. Bir gün bu da yenə olacaq. Ermənilər istəsə də, istəməsə də azərbaycanlılarla yaşamalıdır”.
Analitikin fikrincə, sərhədlərin müəyyənləşməsi, Paşinyanın razılaşması o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir: “SSRİ vaxtı Dağlıq Qarabağ bizim ərazilərə daxil idi. Deməli, Paşinyan bunu qəbul edir. Gələcəkdə xəyal kimi görünsə də, azərbaycanlıların Xankəndində yaşaması mümkündür. Ən azı orada bir məhəllə yaratmalıyıq. Amma Xocalıya mütləq qayıtmalıyıq. İstanbulda, Təbrizdə erməni məhəllələri var. Odur ki, bu da mümkündür”.
