“Azərbaycan hər zaman qonşu Rusiya ilə dostluq və tərəfdaşlıq münasibətlərinə çalışıb, geniş iqtisadi əlaqələr, ticarət əlaqələri var. Üstəgəl, ortaq layihələr həyata keçirilir, Şimal-Cənub nəqliyyat dəhlizini misal göstərmək olar. Amma Ermənistanla qarşıdurmada biz hər zaman Rusiyanın mövqeyindən məyus olmuşuq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin son vaxtlar oynadığı “xəritə oyunu” barədə danışarkən bildirib. Qeyd edək ki, sülhməramlılar son bir həftədə üç dəfə təsir zonasına daxil olduqları ərazilərlə bağlı yeni xəritələr yayıblar ki, bu da narazılıq doğurub. Rusiya prezidenti Vladimir Putin növbəti dəfə “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir”, desə də, Rüstəm Muradovun rəhbərlik etdiyi kontingentin yerləşdiyi ərazi ilə bağlı fərqli mövqe ortaya qoyur. Təbii ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bu xəritə anlaşılmazlıq yaradır. Sonuncu xəritədə isə Tərtər rayonu ərazisinə doğru “irəliləyiş” əksini tapıb, bütün bunlar suallar doğurur.

E.Şahinoğlu bildirdi ki, Rusiya hər zaman Ermənistanı dəstəkləyib, ona havayı silahlar göndərib: “Hətta müharibə günlərində belə, dövlət başçısı İlham Əliyev dönə-dönə vurğuladı ki, Rusiya həmsədr olmasına rəğmən, Ermənistana silah göndərməkdə, onu silahlandırmaqda davam edir. Amma bunun bir xeyri olmadı, göndərilən silahların 80 faizini biz darmadağın etdik”.
Politoloq qeyd etdi ki, bu da Rusiyada kimlərinsə xoşuna gəlmədi: “Çünki hərbi paradda Ermənistanın qənimət götürülmüş hərbi texnikaları göstəriləndən sonra müəyyən hadisələr baş verdi. Bizim kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qadağa qoyuldu, Rusiya sülhməramlıların Dağlıq Qarabağla bağlı saxta xəritələri yayınlandı. Bunlar əlbəttə ki, əlaqələrə mənfi təsir edir. Hazırda Rusiya hərbçiləri bölgədədir. Biz gözləyirik ki, onlar üzərinə düşən vəzifələri həyata keçirəcəklər. Amma onlar əks fəaliyyətlə məşğuldurlar, saxta xəritələr paylaşırlar, erməni separatçıları ilə öpüşüb-görüşürlər, birgə şəkillər paylaşırlar, erməni uşaqların əlinə “Kalaşnikov” verib fotolar çəkdirirlər, azərbaycanlı jurnalistin Kəlbəcərdəki məbədə girməsinə qadağa qoyurlar. Üstəgəl, meşələrdə gizlənən separatçıları tərksilah etmək əvəzinə, kənarda durub, müşahidə edirlər. Ona görə də Azərbaycan ordusu özü məcbur qalıb oradakı terrorçuları tərksilah edir”.
E.Şahinoğlunun sözlərinə görə, bütün bunlar Rusiya-Azərbaycan münasibətlərindəki sualları azaltmır, əksinə, çoxaldır: “Rusiya hərbçilərinin bölgədə yerləşməsi müəyyən problemlər yaradır. Məhz bu problemlərin həlli kimi biz düşünürük ki, Türkiyə hərbçilərinin bölgədə olması mütləq mənada vacibdir. O halda Rusiya qarşısında real bir gücü görə biləcək. Əlbəttə, Azərbaycan ordusu üzərinə düşəni etdi. Amma Rusiya böyük dövlətdir, imkanları da çoxdur. O, qarşısında daha böyük gücü görməlidir, həmin güc də məhz Türkiyə olmalıdır”.
Politoloq Azərbaycan və Türkiyənin regional barışa maraqlı olmasına diqqət çəkdi: “Türkiyə və Azərbaycanın təklifi var ki, ümumiyyətlə, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü qəbul edərsə, burada böyük regional layihələr həyata keçirmək, yəni altılıq formatını yaratmaq olar, bu bütün regional ölkələrinin xeyrinədir”.
Ancaq E.Şahinoğlu qeyd etdi ki, Ermənistan revanş siyasəti davam edir: “Çox təəssüf ki, Rusiyanın da bu, revanşist siyasətə hələ ki, dəstək var. Halbuki Rusiyada anlamalıdırlar ki, Azərbaycanla mehriban qonşuluq, əlaqələrin inkişafını istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Yəni Dağlıq Qarabağdakı separatizmə ümumiyyətlə, son qoyulmalıdır, indi bu, daha çox Rusiyadan asılıdır. Azərbaycan ordusu torpaqlarımızın 15 faizini azad etdi, 5 faiz hələ də separatçıların əlində qalıb orada Rusiya hərbçiləri hakimdirlər. Deməli, erməni separatizminə məhz Rusiya hərbçiləri də son qoya bilərlər. Biz çox şey tələb etmirik. Deyirik ki, oradakı əlisilahlı separatçılar tərksilah edilməlidir. Bu, olmayınca, gərginlik də qalacaq, antiterror əməliyyatının davam etdirilməsi də real olacaq, üstəgəl, Rusiya-Azərbaycan münasibətlərində irəliləyişlər qeydə alınmayacaq”.
