|
Manukyan Paşinyandan demarkasiya prosesini dərhal dayandırmağı tələb etdi

Ermənistanın baş naziri postuna yeganə namizəd, Vətənin xilası hərəkatının lideri Vazgen Manukyan Azərbaycanla demarkasiya prosesinin dərhal dayandırılmasını tələb edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Manukyan öz bəyanatında bildirib ki, baş nazir Nikol Paşinyan davamlı şəkildə məğlubiyyət kursunu davam etdirir. O, Sünik (Zəngəzur-red.) vilayətinin də təhlükə altına düşdüyünü iddia edib. V.Manukyan bildirib ki, demarkasiya və delimitasiya prosesləri ilə bağlı məsələlər Qarabağda atəşkəsin əlddə olunması ilə əlaqədar imzalanmış üçtərəfli 10 noyabr bəyanatında əksini tapmayıb. İddia edib ki, məhz buna görə demarkasiya işləri aparıla bilməz.

Zəngəzur vilayətinin mərkəzi şəhəri olan Qafanın meri Gevork Parsyan bildirib ki, erməni silahlı qüvvələrinin geri çəkilməsi nəticəsində Qafanın 12 kəndi Azərbaycan hərbçilərinin nəzarəti altına düşəcək. Sabah, 18 dekabr saat 17.00-dək erməni hərbçiləri öz sərhədlərinə doğru geri çəkilməlidir, bununla bağlı Azərbaycan tərəf qarşı tərəfin qarşısında konkret tələb qoyub.