ATƏT-in Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri Bakıya necə gəlmişdilərsə, elə də yola salındılar. Çağırılmamış qonaqların Azərbaycana səfəri onlara yəqin ki, nəticə çıxarmağa kifayət etdi. Prezident İlham Əliyevin həmsədrlərlə tet-a-tet söhbətdə üzlərinə söylədikləri yetərli olmalıdır ki, Bakıya bir də ayaq qoymasınlar.
“Yeni Müsavat” xatırladır ki, İ.Əliyev Minsk Qrupunun həmsədrlərinə vecsiz olduqlarını deməyə çalışdı. Çünki torpaqlarını işğaldan hərb yolu ilə azad edən dövlətə bundan sonra vasitəçilərin nə kimi faydası ola bilər?! Ümumiyyətlə, həmsədrlərin Bakı və İrəvan səfəri mövcudluqlarını göstərmək, Qərbin münaqişənin həllində iştirakdan kənarda qalmadığına eyham vurmaq missiyası daşıyırdı.
Amma Prezidentin onlara verdiyi dərs, hətta deyərdik ki, danlaq Minsk Qrupunun işinə ciddi şəkildə təsir edəcək. Sitat: “Buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
Bu çıxış həmsədrləri qovmaqdan betər idi. Doğrudan da Minsk Qrupunun bundan sonra nə işlə məşğul olacağı maraqlıdır. Hər halda, rəsmi Bakının həmsədrlərin vasitəçilik missiyasına ehtiyacı qalmayıb. Ermənistan tərəfinin Minsk Qrupunun fəallaşması ilə bağlı mövqeyi fərqli ola bilər. Amma üçtərəfli bəyanat imzalanıbsa, işğala son qoyulubsa, Azərbaycan həmsədrlərdən nə gözləməlidir? Ümumiyyətlə, biz nə vaxt yaramaz Minsk Qrupundan qurtulacağıq? Həmsədrlər də görüşdə etiraf etdilər ki, indi yeni reallıq yaranıb və onların əhəmiyyəti azalıb.
Asim Mollazadə: “Bundan sonra Ermənistanla məşğul olmalıdırlar”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupunun cavabı Bakıda dəqiq verildi. Deputatın fikrincə, gələcəkdə hansısa ölkələr münaqişənin qalan problemlərinin həlli barədə nəsə etmək istəsələr, ilk növbədə Ermənistanla məşğul olmalıdırlar: “Ermənilərin revanşist planlarının, qonşularına qarşı ərazi iddialarının qarşısını almalıdırlar ki, yeni müharibə başlamasın. Həmsədr ölkələrdən Fransa Ermənistanla dostdur, onları xilas etmək üçün ciddi addımlar ata bilər. Ancaq ermənilər işğal planlarına son qoyarsa, bölgədə yeni əməkdaşlıq platformasına qoşula bilər. Hesab edirəm ki, Minsk Qrupunun bundan sonra fəaliyyəti belə olmalıdır, bölgədə sabitliyi pozan, ərazi iddiaları olan Ermənistanın qarşısını almalıdırlar”.

Tural Abbaslı: “Minsk Qrupu buraxılmalıdır”
AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, Minsk Qrupu 20 il əvvəlki reallıqlar əsasında formalaşmışdı: “İndiki yeni siyasi şəraitdə missiyasını başa vurmuş sayılır. İndi məğlub dövlət qalib dövlətdir, güc balansı dəyişib. Ümumiyyətə, Minsk Qrupu çoxdan əhəmiyyətini itirmişdi və 25 ildir heç bir iş görməyiblər. Orada kimlərsə karyera qurub, maaş almaqla məşğul olublar. Minsk Qrupu həlli yollarını belə çıxılmaza aparıb. Onlara elə gəlirdi ki, münaqişə həllini tapsa, işsiz qalacaqlar, regiona təsir imkanları azalacaq. Ona görə konfliktin qalmasında maraqlı idilər”.
T.Abbaslının fikrincə, Minsk Qrupu buraxılmalıdır: “Həmsədrlər həmişə deyirdi ki, münaqişənin həllində hərb yolu yoxdur. Amma məlum oldu ki, yeganə yol elə müharibə imiş. O baxımdan Minsk Qrupu buraxılmalıdır. Orada Fransa kimi qərəzli ölkə var, ABŞ Ermənistana yardım etmiş dövlətdir, o halda biz niyə bu formatda qalmalıyıq? Onları proseslərin yaxınına buraxmaq lazım deyil. Bundan sonra Rusiya-Türkiyə-Azərbaycan formatında fəaliyyət davam etməlidir”.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, 44 günlük münaqişənin hərbi mərhələsi bitib, danışıqlar periodu başlayıb: “Danışıqlar prosesinin əsas mərhələsində isə Rusiya və Türkiyə həll prosesinə ATƏT-in Minsk Qrupunu daxil etməyərək razılığa gəldilər. Yəni məsələni ikilikdə həll edirlər. Prezident İlham Əliyevin görüş zamanı açıq şəkildə Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynamadığını, lakin bunu edə bilmək üçün 28 il ərzində müvafiq mandata sahib olduğunu diqqətə çatdırması bu qurumun artıq danışıqlar prosesində əhəmiyyətli yer almayacağından xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin “Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək”, xarici işlər naziri Sergey Lavrovun “Türkiyə regionda real faktordur” kimi ifadələri isə Rusiyanın regionda maraqlarını, sadəcə, Türkiyə ilə bölüşdüyünün göstəricisidir".
Siyasi şərhçi hesab edir ki, gələcəkdə Minsk Qrupunun danışıqlara qoşulub-qoşulmayacağı gündəmdəki proseslərdən asılı olacaq: “Digər tərəfdən isə Amerikada Demokrat Con Baydenin hakimiyyətə gəlişi və Qafqazla bağlı fərqli ritorika aparma ehtimalı da hadisələrin istiqamətini dəyişə bilər. Fransanın Dağlıq Qarabağa müstəqillik iddialarını qaldırması faktı da Makron administrasiyasının Qarabağ münaqişəsinin həllində kənarda qalmasından irəli gəlirdi. Onun ”Beynəlxalq hüquqa görə Qarabağ BMT tərəfindən tanınan Azərbaycana məxsusdur.
Suveren bir dövlətin işinə onun razılığı olmadan müdaxilə edə bilməzsiniz" bəyanatı isə artıq heç bir fayda əldə edə bilməyəcəyini düşünməsi və geri çəkilməsi demək idi. Beləliklə, Makron regionda hələlik Türkiyə və Rusiyanın həlledici rolu ilə barışmış oldu".
