Qondarma “DQR” ordusunun 1993-1999-cu illərdə komandiri, 44 günlük son savaş dövründə isə “DQR” Təhlükəsizlik Şurası adlı oyuncaq qurumun sədri vəzifəsini tutan, məğlubiyyətdən sonra istefa vermiş Samvel Babayandan erməni mediası intervü alıb.
Həmin intervüdən bəzi hissələrin tərcüməsini oxucularımıza təqdim edirik:
“Savaş 27 sentyabr səhər başlandı. 15 dəqiqə ərzində erməni tərəfi özünün hava hücumundan müdafiə qüvvələrinin 50 faizini, artilleriyasının 40 faizini itirmişdi. Elə ilk gündə, 15-20 dəqiqədə.
Sonra isə, mənim hələ 2016-cı ildə etdiyim xəbərdarlıq doğruldu: Azərbaycan cəbhəni yardı və artilleriya zərbələri bizim əsgərlərin başına dolu kimi yağırdı. Bütün cəbhə boyu. Ancaq əsasən Talış-Madagiz və kənd Horadiz istiqamətlərində. Madagiz istiqamətində biz geri çəkildik və mövqeni saxlaya bildik, Horadiz istiqamətində isə Azərbaycan cəbhəni yardı, eyni zamanda 4-5 istiqamətdə hücuma keçdi: Araz çayı boyunca, Hadruta tərəf, Cəbrayıla və sairə. Qabaqlarını saxlaya bilmədik, hücuma keçdik, itki verdik, yenə geri çəkildik...
İndi generallarımız bir-birini ittiham edir, siyasiləşdirir, deyirlər, yuxarıdan qərar olmadı və sairə... Ancaq mənə bu durum 1992-dən tanışdır. Əsas həqiqət odur ki, biz təşkil olunmağı bacarmadıq...
Qarabağ 17500 ehtiyatda olan hərbçini toplamalıydı, ilk etapda 7500-8000 nəfər. İlk etapı 90 faiz yerinə yetirdik. Ardı isə gəlmədi. Dövləti dərhal savaş relsinə keçirməliydik, bunu edən olmadı. İkincisi, hərəkət sərbəst idi. Giriş-çıxış, kim hara istəsə gedirdi... Bu, yolverilməzdir, çünki Qarabağın sakinləri Qarabağda qalmasa, döyüşməsə, biz nə eləsək heç nə alınmaz. Qarabağdakı bu 8000 ehtiyatda olan hərbçinin 3000-i çıxıb getmişdi. Ermənistan 11000 ehtiyatda olan hərbçi verməliydi, lakin 6-7 min verdi, onların da böyük hissəsi tapşırıqların öhdəsindən gələ bilmədi. Əgər qoşun görürsə ki, biz düşmənin artilleriya və PUA-larıyla bacarmırıq, o zaman qoşunun canına vəlvələ düşür, qorxu çökür. Komandirlər də prosesi təşkil edə bilmir...
Zabit heyətimizin 70 faizi keyfiyyət, nizam-intizam və sairə baxımından yerində deyildi. Qaçanlar da vardı. Müdafiə ordusunun komandiri Cəlal Arutyunyan davanın gedişində 19 yaşlı uşaqlara leytenant rütbəsi verib alay komandiri qoymağa məcbur olmuşdu. Zabitlər qaçırdılar, onlar yerlərində deyildilər. Bu, ən azı son 10 ilin kadr siyasətindən xəbər verir: zabit heyəti tamamilə yalana söykənirdi. Bir birilərini yalanla yemləyirdilər, yerlərdən yalançı məruzələr edirdilər. Bunlar ciddi problemlərdir. İndi generallar var, deyirlər “mənim günahım yoxdur, məndən sonra gələn hər şeyi korlayıb”. Bu, gerçəkliyə uyğun deyil. Son 10 ildə qərargah rəisi, nazir, komandir olmuş hər kəs günahkardır...
Azərbaycan cənubda 10 kilometrlik döyüş xəttini yararaq 270 kilometrlik cəbhə xəttini bir anda 470 kilometrə çatdırdı. Bizim buna müdafiə ehtiyatlarımız çatırdımı? Belə müdafiəni quracaq generallarımız var idimi? Mən sizə deyirəm: yox idi.
Cənubda ayrıca idarəetmə məntəqəsi yaradıb ona general Movses Akopyanı (“DQR” ordusunun keçmiş komandiri və baş qərargah rəisi, 2019-2020-ci illərdə Ermənistan ordusunun nəzarət xidməti rəisi; son məğlubiyyət zamanı istefa verib və Paşinyanı hərbi cinayətlərdə suçlayıb) başçı qoymağı təklif etdim. Ancaq o, bundan imtina elədi, səbəb də təklifi mənim irəli sürməyimi göstərdi. Bu adam qərargah rəisi olub, birinci, ikinci, beşinci korpuslarla, ordakı hərbi hissələrin zabit heyətiylə tanışdır. Və bu general-polkovnik deyir: mənim Samvellə köhnə haqq-hesabım var, mən getmirəm... Belə rütbəsi olan adam əmri yerinə yetirməkdən imtina etdi. İndi mən soruşuram: əgər 4-5 il baş qərargah rəisi, 8 il komandan olmuş general-polkovnik əmri yerinə yetirmirsə, siz zabitdən, batalyon komandirindən nə tələb edəcəksiniz? Onlar da imtina edəcəklər...
Azərbaycan Cəbrayıla çatanda və gücünü Xudafərinə cəmləyəndə mən kənd Horadiz yolunu blok etməyi, onları mühasirəyə almağı təklif etdim. Bu istiqamətə 2 tank batalyonu göndərdik. Ancaq bu briqadalar da əmri yerinə yetirmədilər. Biri qabağa getdi, o biri getmədi, komandiri ayağından vurdular, müavini əmri eşitmədi və sairə... Mən hərbi prokurorluğa təklif edirəm bunu araşdırsın. Əmr niyə yerinə yetirilməyib? Bəlkə də biz 2000 əsgəri və əraziləri itirməzdik...
Azərbaycan tərəfi Sığnaq kəndində baza yaradıb ordan Şuşa istiqamətinə hərəkət edirdi. Biz əməliyyat hazırladıq. Ermənistandan 2 batalyon, Qarabağdan isə biri – aradcazor batalyonu Çanaxçı üzərindən keçməli, yüksəkliyi tutmalı, düşmənin yolunu bağlamalıydı, həmçinin Sığnaq iki tərəfdən mühasirəyə alınmalıydı, nəticədə onlar Şuşadan aralı düşərdi. 5 noyabrda iclas oldu, 6 noyabrda əməliyyat başlamalıydı. Ancaq 6 noyabr gecəsi mənə xəbər verildi ki, aracazor batalyonu əmri yerinə yetirməkdən imtina edir, sonra isə Ermənistandan gələn 2 batalyon da əmrə tabe olmadı. Bax belə olub. Orda heç kim hərbi nizamnaməyə əməl etmirdi, dərəbəylik idi. Sonra mənə dedilər ki, onları əməliyyatdan Mardakertin icra başçısı saxlayıb. Deyibmiş Araiklə məsləhətləşək, baxarıq. Sən kimsən axı? İstintaq qoy indi bunu da araşdırsın...
Uduzmamaq üçün biz nə etmişdik? Məğlubiyyətimiz çoxdan başlanmışdı. Son 10 ildə ordumuz nə idi, artıq dedim. Bizim hava hücumundan müdafiəmiz yox idi. “Tor” qurğusu haqda danışırlar... Qarabağda bizim 6 “Tor”umuz vardı, onun 4-ünü davanın ilk 15 günündə məhv etdilər. Sonra daha 4-ünü verdilər, ancaq bunlar cəmi 40-45 kilometrə baxa bilir. Artıq yox. Bizim isə, dediyim kimi, 280 kilometr cəbhəmiz vardı, onun da üstünə 200 kilometr gəlinmişdi... İndi deyirlər silah vardı, ancaq Ermənistan bizə vermədi. Mən sizə deyim: Ermənistanın nəyi vardısa, bizə vermişdi. 6 “Tor”dan 4-ünü vermişdilər. “Buk” sistemləri vermişdilər. Ancaq məlum oldu 6 sistemdən 5-i xarabdır. Moskvadan mütəxəssis gəlib onları düzəltməliydi, 10 noyabrda bizə verməliydi. Çatdırmadıq”.
