Sosial şəbəkədə vəziyyətə etiraz edən ermənilər yerli məmurları ittiham edirlər
Qarabağda yaşayan ermənilər kəskin elektrik böhranı ilə üzləşiblər. Bu barədə “Kavkazskiy uzel” xəbər yayıb. Bildirilir ki, Xankəndinə elektrik fasilələrlə verilir. Xüsusilə, kəskin vəziyyətin Xocavənd rayonunun ermənilər yaşayan ərazilərində hökm sürdüyü bildirilir.
Sosial şəbəkədə vəziyyətə etiraz edən ermənilər yerli hakimiyyəti ittiham edir, onları xalqın taleyində biganəlikdə günahlandırırlar. Özünü hələ də yetkili adam hesab edən separatçıların lideri Araik Arutyunyan isə iclas keçirməklə “problemləri həll etməyə” çalışır. Qarabağdakı sadə ermənilər isə indi “müstəqillik” havasında deyillər. Qarabağda artıq soyuqlar düşüb, bəzi yerlərə qar da yağıb. Axşam isə havanın temperaturu mənfi 3-4 dərəcəyə düşür.
Bu vəziyyətdə ermənilər canlarını qızdırmağın qeydinə qalmalıdırlar. Xankəndində işıqlı otağında(yəqin ki, generatordan istifadə edirlər) oturan Araik kimilər isə bədbəxt ermənilərə ancaq “vəd verirlər”. Vədlə isə nə qarın doyur, nə evdə istilik olur...

Qarabağda məskunlaşmış ermənilərin indiyədək istifadə etdikləri 36 su elektrik stansiyasından indi cəmi 6-sı onların nəzarətindədir. Həmin stansiyaların gücü isə tələbatı ödəməyə imkan vermir.
Virtualaz.org öz mənbəsinə istinadən bildirir ki, Dağlıq Qarabağı Ermənistandan elektriklə təchiz edən iki xətdən biri Kəlbəcərdən, digəri Qubadlıdan keçirdi.
Qubadlı istiqamətindən gələn elektrik xətti döyüş əməliyyatları zamanı Şuşa yaxınlığında sıradan çıxıb. Həmin xətt Azərbaycan ordusunun nəzarəti altında olan ərazilərdən keçir. Deməli, onun bərpası da Azərbaycanın razılığı olmadan mümkün deyil. Dağlıq Qarabağda elektrik təchizatını həyata keçirən müəssisənin nümayəndəsi deyir ki, xəttin bərpası üçün azərbaycanlılarla danışıqlar gedir, amma hələlik razılıq əldə olunmayıb.
Bildirilir ki, müharibəyə qədər fəaliyyət göstərən 36 su elektrik stansiyası regionu əslində zəruri həcmdə elektriklə təchiz etmirdi. Bu stansiyalar Ermənistandan gələn 110 kilovoltluq xətlərə qoşulmuşdu və “köməkçi” funksiya daşıyırdı. Həmin stansiyalar yerli oliqarxların biznes layihələri idi və yalnız Sərsəng SES Dağlıq Qarabağda elektrik təchizatının əsas hissəsini təmin edə bilirdi. “Ona görə də əgər Qubadlı istiqamətindən gələn xətt bərpa edilməsə o zaman Sərsəng su anbarında qış aylarında suyun həcmi azaldığı üçün Dağlıq Qarabağ elektriksiz qalacaq”,-həmin mənbə deyib.
Mənbə əlavə edib ki, Dağlıq Qarabağın energetika sistemi qəza rejimində işləyir, amma Sərsəng su anbarının ehtiyatlarını nəzərə alanda bu vəziyyətdə ancaq bir neçə ay işləmək mümkündür. “Əgər Ermənistandan gələn xətt bərpa edilməsə o zaman hazırda elektrik hasilatının əsas hissəsini təmin edən Sərsəng heç iki ay da davam gətirməyəcək, yüklənmə isə qarşıdakı aylarda daha da artacaq”,-deyə o bildirib.

Xatırladaq ki, ordumuzun Talış və Suqovuşan kəndlərini azad etməsindən sonra Suqovuşandakı 2 su elektrik stansiyası da Azərbaycanın nəzarətinə keçib. Hazırda “Azərenerji” həmin stansiyaların bərpasını həyata keçirir. İşğalçılar Kəlbəcəri tərk edərkən Tərtərçayın üzərində tikdikləri kiçik SES-ləri də dağıdıb sıradan çıxarıblar.
Beləliklə, artıq indidən bəlli olur ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində həyat fəaliyyətini təmin etmək Azərbaycanın dəstəyi olmadan baş tuta bilməz. Separatçılar gec-tez Azərbaycan vətəndaşlığını qəbul etməsə bu regionda hansısa iqtisadi inkişaf bir yana qalsın, heç elektriklə normal təchizat da mümkün olmaya bilər.
Dövlət başçısı İlham Əliyev həm müharibə günlərində, həm də ondan sonra dəfələrlə vurğulayıb ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlarıdır. Prezident həm də onu deyib ki, Azərbaycan təkcə işğaldakı ərazilərini deyil, illərdir ki, terrorçu Ermənistan hakimiyyətinin girovu, təhdidi altında yaşamağa məcbur olmuş Qarabağ ermənilərini də xilas etmək istəyir. İşğala son qoyuldu, Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərpa etdi.
Qarabağda yaşamaq istəyən ermənilərə Azərbaycan yumruq göstərmir, onlara Rusiya sülhməramlılarının gətirdiyi yardımların çatdırılması üçün də köməkliyini əsirgəmir. Əgər ermənilər Araikdən fərqli olaraq, adam kimi, həm də Azərbaycan vətəndaşı olaraq yaşamaq istəyirlərsə, bunun üçün çox düşünməməlidirlər...Bir tərəfdə aclıq, səfalətin hökm sürdüyü, it hürən tərəf- Ermənistan var, bir tərəfdə isə işıqlı, iqtisadi inkişaf etmiş, vətəndaşına sahib çıxan Azərbaycan...
