Səbəblər fərqli, nəticələr isə eynidir - bu bəladan necə qurtulaq?
Son illər Azərbaycanda qadına qarşı şiddət faktlarında bir artım var. Bunun da nəticəsi olaraq zaman-zaman “evdən qaçan gəlinlər” mövzusu aktual olub. Amma bu, ümumən dünya üçün də belədir. Ən azından araşdırmalar bunu sübut edir.
İngiltərədə aparılan bir araşdırmada qadın cinayətləri öyrənilib və qadınların həyat yoldaşları, ya da partnyorları tərəfindən öldürülməsinə qədər gedən dövrdə səkkiz mərhələ yaşadıqları müəyyənləşib.
“Yeni Müsavat” BBC Türkcəyə istinadən xəbər verir ki, kriminal mütəxəssis Ceyn Monckton Smit İngiltərədə törədilən 372 qadın cinayətini araşdırıb. Monckton Smitin gəldiyi nəticələrə görə, cinayətlər baş verənə qədər böyük bənzərliklər göstərən mərhələlər yaşanır.
“Gloucestershire” Universitetində akademik olaraq çalışan Monckton Smit bildirib ki, münasibətin şiddətə, hətta cinayətə gedə biləcəyini göstərən ən vacib siqnal kişinin qadını daim nəzarət altında saxlamağa çalışmasıdır.

Araşdırılan bütün cinayət hadisələrində rast gəlinən mərhələlər aşağıdakı şəkildə sıralanır:
- Münasibət başlamadan əvvəl kişinin qadını daim təqib və istismar etməsi;
- Tanışlıq dönəminin sürətli bir şəkildə münasibətə çevrilməsi;
- Kişinin qadını daim, zorla nəzarət etməyə başlaması;
- Kişinin qadın üzərindəki bu nəzarətinin ortadan qalxmasına və ya zəifləməsinə yol açan bir tətikləyici. Məsələn, münasibətin sonlanması və ya kişinin maddi problemlərlə üz-üzə qalması;
- Kişinin qadını nəzarət altında tutma cəhdlərinin çoxalması. Məsələn, daim təqib etməyə başlaması və ya intihar edəcəyini deyərək təhdid etməsi;
- Kişinin üslubunu dəyişdirməyə qərar verməsi. İntiqam alma və ya cinayət gerçəkləşdirmə variantlarını düşünməyə başlaması;
- Kişinin qadını öldürmək üçün plan hazırlaması. Silah alıb, qadını tənha bir yerə aparmağa çalışması;
- Kişinin qadını öldürməsi, eyni zamanda cütlüyün uşaqları kimi yaxın çevrəsindəki insanlara da zərər verməsi.
Araşdırılan qadın cinayəti hallarında bu mərhələlərə uymayan az saydakı nümunədə yeganə çatışmayan məqamın ilk mərhələ olması, o nümunələrdə də cütlüyün münasibət başlamadan əvvəl ümumiyyətlə, bir-birini tanımadığı qeyd edilir.
Həssas plan və “incə” qatillik
BBC-yə danışan Monckton Smith bildirib ki, ümumən bu günə qədər qadın cinayətlərinə hər zaman bir anlıq şəhvətlə həyata keçirilmiş cinayətlər, bir tərəfin bir an gözünün qaralmasını nəticəsi olaraq baxılıb. Ancaq bu halları araşdırmağa başladığımız zaman burada bir planlaşdırma, bir qaranlıq məqam olduğunu görürsünüz. Amma daha da önəmli olan odur ki, cinayətlə nəticələnən bu münasibətlərin hamısında qarşı tərəfi zorla nəzarət altında saxlamaq cəhdi özünü göstərir".
Monckton Smith, səkkiz mərhələdən ibarət bu modelini İngiltərədə psixoloqlara, polislərə və vəkillərə öyrətməyə başlayıb. O, akademik əsərinin yayınlanması ilə birlikdə bu təhsilin daha əhatəli şəkildə verilməsini ümid edir: “Əgər bu mərhələnin fərqində olsalar, həm qurbanlar, həm də səlahiyyətli şəxslər dərhal bunun qarşısını almağa çalışar. Məsələn, ”Allahım, qarşımda uçüncü mərhələyə çatmış bir hadisə var"-deyib, prosesin qarşısını ala bilərlər".
Bu qadınları niyə öldürürlər?
Dünya boyu hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən ortalama 137 qadın öldürülür, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, “qadının öldürülməsi ehtimalı ən yüksək olan yer onun yaşadığı evdir”.
2017-ci ildə 87,000 qadın qətlə yetirilib. Onlardan yarıdan çoxu yaxınları tərəfindən öldürülüb: təxminən 30 min qadın partnyoru, daha 20 min qadın isə qohumu tərəfindən öldürülüb.
Öldürülən kişilərin sayı hələ daha çoxdur, lakin...
UNODC-in topladığı məlumatlar göstərir ki, “qəsdən adam öldürmə nəticəsində həyatlarını itirən kişilərin sayı qadınlardan 4 dəfə çoxdur”
Hesabatda qeyd olunub ki, qəsdən adam öldürmə hallarının hər 10 qurbanından 8-i kişidir.
Eyni zamanda deyilir ki, intim partnyorun əlindən ölənlərin hər 10 qurbanından 8-i qadındır.

Bir gündə 21 ölkədə 47 qadın
BBC 100 Qadın layihəsi və BBC Monitorinq statistik rəqəmlər arxasında duran qadınlar barədə daha çox məlumat əldə etmək qərarına gəlib.
Biz bir gün ərzində - 2018-ci il oktyabrın 1-də - dünya boyu başqa şəxs tərəfindən öldürülən qadınlar barədə mediada işıqlandırılan xəbərləri araşdırdıq.
Regional mütəxəssislərimiz xəbərlərdə əksini tapmış 21 ölkədə gender səciyyəli səbəblər zəminində 47 qadının öldürülməsi hadisəsini aşkar ediblər.
Bu qətllərin əksəriyyəti hələ də araşdırılır.
Aşağıda göstərilən həmin hadisələrdən beşi yerli KİV-lərdə işıqlandırılıb və BBC-nin müraciət etdiyi yerli rəsmilər tərəfindən yoxlanılıb.
BMT hesabatına görə, Afrika qadınların intim partnyoru və ailə üzvü tərəfindən öldürülməsi riski ən yüksək olan bir yerdir: hər 100 min adama 3.1 ölüm hadisəsi təsadüf edir.
2017-ci ildə Asiyada intim partnyor və ya ailə üzvü tərəfindən ən çox sayda qadın öldürülüb - 20000-ə yaxın.
Onlar ölməmək üçün evdən qaçırlar?
Keçək Azərbaycana. Azərbaycanda isə öldürülmək istəməyən qadınlar bir çox hallarda evlərini tərk edirlər. Bir neçə il öncəyə qədər bununla bağlı az qala “evdən qaçan gəlinlər” başlıqlı bir kampaniya başlamışdı. Onlardan bir neçəsini arxivdən tapıb, nəzərinizə çatdırırıq.
3 il öncə İsmayıllının Qalınçaq kəndindən yoxa çıxan 3 uşaq anasının yazdığı məktub tapılıb. Gəlinin qohumlarından 2007-ci ildə Göyçayın Mallı Şıxlı kəndindən İsmayıllının Qalınçaq kəndinə gəlin köçən və hazırda 3 uşaq anası olan Pərvanə Bədəlova ötən ayın 28-i gecə saatlarında uşaqlarından birini götürərək evdən gedib.
Qohumların sözlərinə görə, P.Bədəlovanın anası qızının yoxa çıxmasından sonra məktub tapıb. Məktubda “Məndən nigaran qalmayın, gəlib o biri uşaqlarımı da aparacam” yazılıb.
28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları, 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımovla birlikdə Qazax rayonu Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onlar daha sonra Bakı şəhərində tapılıblar. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib.
Daşkəsən rayonunda gənc qadın itkin düşüb. Daşkəsən şəhər sakini Bəxtiyar Abbasov polisə müraciət edərək həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Tahirinin gecə saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, bir neçə ay əvvəl ailə həyatı qurduğu qadının gecə saat 12 radələrində Daşkəsən şəhəri Nizami küçəsində yerləşən mənzili tərk etdiyini və naməlum istiqamətə getdiyini bildirib.
Sosial şəbəkədə macəra axtarıb, faciə tapanlar
Amma bir çox hallarda bu hekayələrin nəticəsi heç də xoş olmur. Çünki evdən qaçan gəlini bəzən daha pis bir tale gözləyir. Bugünlərdə məhkəmələrdən birində bacısının yaşadığı kişini öldürdüyü üçün ittiham olunan şəxsin başına gələnlər barədə mətbuatda oxuduq. Elşən Abdullayev adlı şəxs onun evli və iki uşaq anası olan bacısını yoldan çıxarıb qaçıran, daha sonra Qəbələyə geri yola salan Murad Quliyevi qətlə yetirmişdi. O, bu yolla ailələrinin “namusunu təmizlədiyini” bildirmişdi. Bacısı isə məhkəmədəki ifadəsində demişdi ki, on il boyunca əri ilə yaşayıb. Amma evliliklərinin ilk günündən ərinin ailəsində ona xoş münasibət olmayıb. Buna səbəb də toyun səhəri günü baldızının ölməsi və ona “qaradaban” damğasının vurulması olub. Bu illər ərzində iki övladı dünyaya gəlib. Günlərin birində sosial şəbəkədə tanış olduğu şəxsə özü barədə danışıb, yenidən ailə quracağını düşünüb, qadın kimi xoşbəxt olacağına ümid edib. Lakin bu dəfə də bəxti gətirməyib. İkinci cəhd birincidən də uğursuz alınıb. Onun ərini və iki uşağını atıb qaçdığı adam narkoman çıxıb, qadını da narkotikə qurşadıb, pis rəftara məruz qoyub və nəhayət Qəbələyə geri göndərib.
Ailə bağı güclü olanlar... dözür, qaçmır...
Psixoloqlar isə deyir ki, insanların həyat, yaşam haqqında fikirləri son dönəmlərdə dəyişib. İnsanlarda gərginlik, narahatlıq artıb və ailə dəyərlərinə münasibət də fərqli hala salınıb. İstər ailə dəyəri olsun, istər mental dəyərlər - böyük-kiçiyə, anaya münasibətdə dəyişikliyin şahidi oluruq. Bunu özgələşmə kimi dəyərləndiririlər. Valideynlə övlad arasında münasibət əvvəlki illərlə müqayisədə fərqlidir. Bunlar ailə dəyərlərinə də təsir göstərir. Burda bir mühüm məqam var, araşdırma aparmaq lazımdır. İstər sosialı şəbəkədə, istər mediada bir xanımın evdən getməsi barədə xəbər verilir. Amma o, xoşbəxtliyi tapa bildimi? Xəyal qırıqlığı yaşadımı? Bütün bunlar araşdırılmır, göstərilmir. Onun bu qaçış hekayəsinin nəticələri barədə məlumat verilmir. Yaxşı olardı ki, evdən qaçan insanın sonrakı taleyi barədə məlumat verilsin. O, xoşbəxtliyini tapdı, yoxsa bütün dəyərlər itdi, gününü yaşamağa başladı?
Ailə dəyərləri güclü olan insanlar ailə streslərinə qarşı daha dözümlüdür. Əks halda, kiçik bir problem - bəzən bu problemə 5-6 il dözürlər - dağılmaya səbəb olur. Gənclərimiz ailə dəyələri ilə bağlı maariflənməli, tədqiqatlar genişlənməlidir. Biz bu qaçış hekayələrini informasiya kimi verəndə - tendensiya kimi görünür. Amma hadisələr daha çox bölgələdə baş verir. İnsan o addımı atandan sonra hər şey onun üçün dəyərini, mənasını itirir. Ən təhlükəli insan isə itirəcək heç nəyi olmayan insandır. O adam sabah başqasının da ailəsini rahatlıqla dağıda bilər. Boşanan hər bir ailə sağlam bir ailənin dağılmasına təsir göstərə bilər. Bu gün boşanmayan ailələr barmaqla sayılacaq qədərdir.
Təbii ki, seriallar, sosial şəbəkə, mobil vasitələri də unutmaq olmaz. Onlar bir çox hallarda qadınların düşüncələrinə təsir göstərir. Amma şiddət varsa, qadın orada qalmalı deyil. Qadın hara müraciət etməli olduğunu bilməlidir. Tədbir görülməlidir.
Qadın haqları müdafiəçiləri isə məsələyə fərqli situasiyalardan baxmağın tərəfdarıdır. Belə ki, gəlinlər ailədaxili konfliktlərə, dözülməz şəraitə və s. müxtəlif səbəblərə görə evdən qaçırlar. Belə ki, araşdırmalar bəzi gənc xanımların müstəqil olmaq istədiyini üzə çıxarıb. Onlar özlərini müstəqil şəkildə idarə edə biləcəklərini hesab edirlər. Müstəqil yaşaya bilmək üçün də evdən qaçırlar.
Digər səbəb, ailədə uşaqla valideyn arasında münasibətlərin tənzimlənməməsidir. Məcburi ərə verilən qızlar da evdən qaçmağa meylli olurlar. Valideynlər əksər vaxtlarda qız uşaqlarını təhsildən yayındırırlar. Məcburi ərə vermək halları baş verə bilir. Burada əsas sosial psixoloji amildir ki, valideyn övlad ilə münasibətləri tənzimləyə bilmir, psixoloqa müraciət etmir, özündə günah görmür.
Qızların bir qismi isə sosial şəbəkələrdə yazışır və yazışdığı insanın inandırıcı təklifləri qızların evdən çıxmasına səbəb olur.
