|
Sığorta haqqı gecikdirildikdə şirkət tərəfindən ödəniş edilməlidirmi?

Bakı şəhər sakini Qasımov Elgiz Şakir oğlu “Kia Sportage” markalı, 99 NE 103 dövlət nömrə nişanlı avtomobilini 2018-ci il aprel ayının 16-da bir illik sığortalatdırıb.

Razılaşmaya uyğun olaraq pulun 75 faizini ödəyib, sonuncu hissəni isə üzrlü səbəbdən gecikdirib.

Şirkət isə gecikməni bildiyi halda bu barədə vaxtında vətəndaşa məlumat verməyib.

Müqavilə bağlandıqdan 7 ay sonra Elgiz Qasımovun idarə etdiyi “Kia Sportage” markalı avtomobilin iştirakı ilə Lökbatan-Puta yolunda qəza baş verib. Nəticədə avtomobilə 15 751 manat zərər dəyib. Bundan sonra şirkət sığorta pulunun gecikdirilməsinə görə ödənişin verilməsindən imtina edib.

Elgiz Qasımovun şikayətlərini birinci instansiya və apelyasiya məhkəməsi təmin etməyib. Bundan sonra E.Qasımov Ali Məhkəməyə kassasiya şikayəti verib.

"Azad İstehlakçılar" İctimai Birliyi də Ali Məhkəməyə müraciət edərək digər ölkələrin qanunvericiliyindən nümunələr gətirərək, Azərbaycan qanunvericiliyi ilə müqayisəsini müzakirəyə çıxarıb.

Belə ki, Almaniyanın “Sığorta müqavilələri haqqında” qanununun 38-ci paraqrafında, Rusiya Mülki Məcəlləsinin 954-cü maddəsində, Gürcüstan Mülki Məcəlləsinin 817-ci maddəsində və Ermənistan Mülki Məcəlləsinin 1010-cu maddəsində göstərilib ki, əgər sığorta haqqı vaxtında ödənilməyibsə, şirkət onun ödənilməsi üçün müddət təyin etməlidir və vətəndaş həmin müddət ərzində də pulu ödəməsə, onda ödənişdən imtina edə bilər.

Qanun nə deyir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 920.1-ci maddəsinə əsasən, sığorta ödənişi ödənilmədikdə, şirkət dərhal vətəndaşı bu barədə xəbərdar etməlidir. Şirkət isə nəinki vaxt təyin edib, hətta vətəndaşa gecikmə barədə məlumat, xəbərdarlıq etməyib.

Həmçinin, Azərbaycan Mülki Məcəlləsinə görə, sığorta haqqı gecikdirilsə belə, sığorta ödənişi həyata keçirilə bilər. Yəni, sığorta şirkəti ödənilməmiş sığorta haqqını kompensasiyadan tutmağa haqlıdır.