Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gəlir. Vətəndən vətənə, öz evinə gəlir. Xoş gəlir!..
Ərdoğanın budəfəki səfəri əvvəlkilərə əsla bənzəməz. Zira, indiki ziyarət Azərbaycanın Qarabağdakı tarixi zəfəri ilə birbaşa bağlıdır.
Qardaş ölkə prezidentinin bu dəfə Bakıda məxsusi coşqu ilə qarşılanacağına da zərrəcə şübhə yox. Belə ehtiram ona özünün təbirincə desək, ana südü kimi halaldır, eləcə də Ərdoğanın timsalında böyük Türkiyə xalqına.
Yada salaq, az öncə Türkiyə lideri Qarabağdakı zəfərin Azərbaycana “anasının ağ südü kimi halal olduğunu” söyləmişdi.
Bəli, nə biz, nə də qardaş dövlət, ümumən Türk toplumu heç vaxt onun olmayana, yəni harama əl uzatmaz. Bu - gendən, soydan, milli əxlaqdan gələn bir adət. Keşkə, harama öyrəşən qəvi düşmənlərimiz də bunu anlaya bilsəydi...
Söhbət təkcə mənfur qonşulardan getmir. Daha çox onların arxasında duran və durmaqda davam edən bir sıra xristian dövlətlərindən, “ilana (işğalçıya) zəhər verən kərtənkələlər”dən gedir. Demokratiya çuxasına bürünüb də zalımı, zülmü, təcavüzkarı hələ də müdafiə edən Fransa kimi dövlətlərin misilsiz həyasızlığından gedir.
Azərbaycan xalqı əlbəttə ki, bunu heç vaxt unutmayacaq.

Bizə - haqqı tapdanana dəstək vermək bir yana, 44 günlük savaşda hər gün Türkiyə və Azərbaycan əleyhinə dövlət səviyyəsində görünməmiş qarayaxma kapmaniyası aparan bəzi Qərb ölkələrinin vicdansızlığını da yaddan çıxarası deyilik!
Amma ermənilərin Qərbdəki dostları gərək onu da bilsinlər ki, belə hərəkətlərlə onlar Azərbaycan toplumunda demokratik dəyərlərə olan kövrək inama, bütövlükdə Qərbin imicinə, Avropaya inteqrasiya ilə bağlı gözləntilərə də sağalmaz zərbə vurmuş oldular...
Allahsız ittihanmlardan biri və birincisi bu idi ki, guya Türkiyə müharibədə bizə birbaşa hərbi dəstək verib və bu azmış kimi, üstəlik, regiona Azərbaycan tərəfdə vuruşmaq üçün muzdlular göndərib.
Absurda bax: NATO-da ikinci güclü orduya və məhdudsuz hərbi arsenala sahib Türkiyə əgər bizə birbaşa hərbi dəstək veribsə, o zaman bir ovuc işğalçı ilə bacarmaq üçün bizə muzdlular nə gərək? Biz hələ onu demirik ki, Azərbaycan döyüşlərə əlavə canlı qüvvə cəlb eləmək üçün heç ümumi səfərbərliyə ehtiyac duymadı.
Yaxşı, bəs nə oldu o muzdlular, hara yox olub buxarlandılar? Görən vamı? Əlbəttə ki, yox. Mövcud olmayan bir şeyi necə vitrinə qoyasan? İkinci yandan, qardaş ölkə bizə hərbi dəstək versəydi, nəinki Qarabağı ikicə günə azad edərdik, uzağı 1 həftəyə İrəvanda olardıq.
Doğru, qardaş məmləkət milli istehsalı olan hərbi texnikası ilə bizlə necə lazımdı kömək edib. Azərbaycan Rusiyadan bahalı silahlar alırsa, nədən öz qardaşı ilə, 1 nömrəli təbii müttəfiqi ilə hərbi-texniki əməkdaşlıq içində olmasın? Burada qeyri-adi nə var?
Amma və lakin... bizim üçün qat-qat qiymətlisi - Türkiyənin, onun xalqı və siyasi elitasının əvvəldən axıradək mənən yanımızda olması idi. Bu, silahdan da güclü, möhtəşəm bir dəstək idi...
Türkiyənin “daşı”nın nə qədər ağır olduğunu 44 günlük Vətən savaşında bir daha gördük. Qaradaş dövlətin ünvanına Qərbdən haqsız, yaramaz ittihamlar müharibə bitəndən sonra da davam edir. Özlərini “ədalət etalonu”, “demokratiya beşiyi” kimi qələmə verən bəzi dövlətlər ərazi bütövlüyümüzün bərpasını heç cür “həzm edə”, bizə bağışlaya bilmir. Hərbi qələbəmiz sanki ox kimi ürəklərinə batıb. Bu da növbəti fakt.
“Türkiyənin Qarabağdakı son döyüş əməliyyatlarında oynadığı rol Birləşmiş Ştatlar son dərəcə narahat edir”.

Bu sözləri dünən (!) – müharibənin bitməsinin düz 1 ayının tamamında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini (Helsinki Komissiyası) icra edən Filip Riker deyib. “Türkiyənin ordakı rolu ilə bağlı bir çox sualımız var. Biz Ankaranın rolu, xarici muzdlu döyüşçüləri və silahları regiona göndərməsi barədə son dərəcə narahatlıq keçiririk və bu narahatlığımızı ifadə etmişik. Bu məsələlər Türkiyə və Rusiya ilə dialoqumuzun bir hissəsi olaraq qalır”, - deyə Riker qeyd edib.
Yəni yenə alçaq erməni lobbisinin ağzı ilə oxunan köhnə bayatı. Hər şey qırağa, əgər Türkiyə ən azı, BMT TŞ-nin elə həm də ABŞ-ın günahı üzündən 27 ildir reallaşmayan Qarabağ qətnamələrinin həyata keçməsinə yardımçı olubsa, bunun nəyi pisdir, Ankaraya buna görə ittiham yox, təşəkkür düşür ki...
Nə isə. Ən yaxşısı, bu cəfəngiyatlara boş verməkdir. Gözəl bir Ata məsəlimizdə deyildiyi kimi, “İt hürər, karvan keçər”.
Əsas odur, Can Türkiyəmizlə 44 gündə daha da ət-dırnaq kimi olduq və artıq bu birliyi kimsə, heç vaxt sarsıda bilməz. Sabah bir daha dünyadakı gerçək dostlarımız və düşmənlərimiz, eləcə də dost cildinə girmiş “rəqiblərimiz” buna əyani şahidlik edəcəklər.
Bu xüsusda Bakıdakı möhtəşəm parad yalnızca hərbi texnika nümayişi olmayacaq. “Tək millət – iki dövlət”in əbədi birliyinin paradı, hərbi-siyasi güc nümayişi olacaq! Qaliblərin paradı olacaq! Ana südü kimi halal qələbəmizin paradı!..
Öz evinə xoş gəldin, sayın Ərdoğan! Böyük Dost!..
