Hikmət Babaoğlu: “Milli inkişaf tariximizdə tamamilə yeni və fərqli bir tarixi mərhələ başlayır”
Prezident İlham Əliyev savaş günlərində göstərdiyi fəaliyyətlə ortaya bir yüksək nümunə qoydu. O, hamıya master klass keçdi. Bu ustad dərsinin ən ciddisini öz komandasına keçdi. Çoxları deyirdi ki, biz bu iqtidar üçün onu etdik, bunu etdik, fədakarlıq göstərdik, iqtidarın yükü çiyinlərimizdə olub. Minnət qoyanlar çox olurdu. İlham Əliyev göstərdi ki, bütün yük də, məsuliyyət də onun çiyinləri üzərindəymiş.
Bundan sonrakı dövrdə məmur ordusu bu nümunədən nəticə çıxarıb, buna uyğun çalışa biləcəkmi?
Bu kontekstdə danışarkən bir məqam diqqəti çəkir ki, telekanallara çıxan iqtidar təmsilçilərinin müəyyən hissəsi həmin tələblərə cavab vermir, o səviyyəni saxlamaqda çətinik çəkir.
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, hakim siyasi komanda öz siyasi liderinə layiq olmağı bacarmalıdır və buna borcludur. Hazırda milli inkişaf tariximizdə tamamilə yeni və fərqli bir tarixi mərhələ başlayır. Bu təkcə sosial-iqtisadi sahədə deyil, çox böyük mənada həm də siyasi - mənəvi sahədə tarixi mərhələ olacaq: “Biz bir millət kimi önümüzü çox aydın görməyi bacarmalı yeni dövrün yeni milli çağırışlarını dərk etməli onu qlobal çağırışlarla uzlaşdırmağı bacarmalıyıq. Ona görə də ölkəmizdə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dərin islahatlar da məhz buna xidmət edir. Biz artıq yeni məmur obrazları ilə tanış oluruq və əksər hallarda bu, çox nümunəvi olur. Eyni zamanda ictimai rəy liderlərinin və media vasitələrilə ictimai rəy formalaşdıran fəalların da yenilənməsi şərti aktualdır. Buna paralel olaraq siyasi sistemimizin əsas hissəsi olan siyasi partiyalar da ölkəmizdəki siyasi münasibətlərə yeni siyasi dəyərlər, yeni siyasi təfəkkür və yeni keyfiyyət dəyişikliyi gətirməyi bacarmalıdırlar. Bunu edə bilməyənlər geri çəkilmək mədəniyyəti nümayiş etdirməlidir, siyasi mədəniyyətimizə bu cür xidmət nümunəsi göstərməlidrlər”.
H.Babaoğlu həmçinin qeyd etdi ki, eyni zamanda ictimai ünsiyyət vasitələri və media da özlüyündə bir qədər tələbkar olmalıdır. Yəni efir sadəcə bu kütləvi vasitələrdən auditoriyaya müraciət etmək üçün intellektual göstəriciləri və üstün zəkası olanlar üçün əlçatan olmalıdır: “ Beləliklə siyasi maariflənmə də intellektual əsaslarda və rasionla izahetmə kontekstində baş tutmalıdır. Çünki bəzi sosioloqlar siyasi mədəniyyəti milli mədəniyyətlə eyniləşdirirlər. Kim bu mədəniyyəti zənginləşdirə bilmirsə, əldə etdiyimiz böyük qələbənin gətirdiyi bütün mənalarda böyük yenilikləri milli vəzifə və qlobal çağırışlar kontekstində izah edə bilmirsə, deməli, onun fəaliyyətinin ictimai faydalılığı yoxdur . Bu hakim komandaya daxil olanlara da, olmayanlara da aiddir”.
