|
“Azərbaycan xalqı illərlə qələbə paradı gözləyib”

Birlik sədri hərbi paradda iştirak edəcək ali qonaqlardan danışdı

Vətən müharibəsindəki qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Paradda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və digər dövlətlərin başçılarının qatılacağı haqda xəbərlər var.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli “Yeni Müsavat”a deyib ki, dekabrın 10-da keçiriləcək hərbi parad əvvələr keçirilənlərdən fərqli olacaq:

“Bu Qələbə paradıdır. Azərbaycan xalqı illərlə bu paradı gözləyib. Bu parad Azərbaycan xaqlının haqqıdır. Azərbaycan bir neçə dəfə Silahlı Qüvvələrin yubileylərindən, ildönümlərində parad keçirib. Hər dəfə Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident qeyd edirdi ki, Şuşada, Qarabağda dalğalanan bayraqlar Azadlıq meydanına gətiriləcək və biz Qələbə paradı keçirəcəyik. Dünyada qalib orduların parad keçirməsi ənənəsi var.  Bu gün Azərbaycan Ordusu Azərbaycan xalqının qürur mənbəyidir. Vətən müharibəsi onu göstərdi ki, dünyada yaşayan bütün Azərbaycanlılar vətən, ordu, şəhid, qazi məsələsində  həmrəydir. Hər kəs ordumuzu, şəhid ailələrinin yanındadır, şəhidlərimizlə, qazilərimizlə qürur duyur”.

Emil Həsənli deyir ki, parada dəvətlilər sırasında bir neçə dövlət rəhbərinin olması istisna deyil: “Türkiyə Azərbyacanın müttəfiqi deyil, qardaşıdır. Siyasi, hərbi, elmi, mədəni, regional layihələrdə böyük əməkdaşlığımız var. Azərbaycanla Türkiyə hərbi təlimlər keçirib, türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı daima Azərbaycanı dəstəkləyir. Müharibə zamanı Türkiyə Azərbaycana hərtərəfli dəstək verdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana 44 gün ərzində 5 dəfə səfər etdi. Müdafiə naziri Hulusu Akar gəldi. Türkiyə parlamentinin 4 partiyası bizə dəstək ifadə etdi. Türkiyə mətbuatı, QHT-ləri, cəmiyyəti, diasporası böyük mənəvi dəstək verdilər. Buna görə də Türkiyə prezidentinin Qələbə paradında iştirakının mənəvi cəhətdən əhəmiyyəti böyükdür”.

Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın  etdi” - FOTOLAR

Emin Həsənli

Emin Həsənli deyir ki, Azərbaycan Rusiya ilə birgə böyük layihələr həyata keçirir: “Türkiyə, Azərbaycan və Rusiya nəqliyyat qovşağı tikilir. İran, Azərbyacan, Rusiya birgə əməkdaşlıq layihələri var. Cənab prezident Laçınla bağlı son çıxışında dedi ki, Azərbaycan regionda bütün dövlətlərlə əməkdaşlıq edir. Bir Ermənistanı çıxmaq şərti ilə. Ermənistan ağlını başına yığarsa, onunla da qonşu kimi əməkdaşlıq etmək olar. Azərbaycan dövləti ortaya bir model qoyub. Öz milli maraqlarına uyğun olaraq dünyanın aparıcı dövlətləri, qonşu dövlətlərlə bütün sahələrdə normal əməkdaşlıq edir. O cümlədən Rusiya dövləti ilə belə münasibətlər var. Rusiya dövlət başçısı gələrsə, iştirak edərsə, çox yaxşı olar. Azərbyacan hər zaman Rusiya ilə yüksək münasibətlərdə maraqlı olub”.

Qeyd edək ki, mərhum prezident Heydər Əliyev 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.