Son günlər COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım ölkəmiz üçün ciddi problemə çevrilib.
Yay ayları ilə müqayisədə gündəlik ölüm halları 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artmasının gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcəyi bildirilir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir. Nəzərə alınsa ki, vaksinlər də hələ ki gətirilməyib, bəs yoluxma sayının azalması üçün alternativ yollar varmı?
TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Musavat.com-un mövzu ilə bağlı bu və digər suallarını cavablandırıb.
- Doktor, Azərbaycanda artıq koronavirus pik həddə çatıb. "Kollektiv immunitet"in yarandığını söyləyə bilərikmi?
- Deməzdim ki, yoluxma sayı pik nöqtəyə çatıb. Pik hədd, bilirsiz, nə vaxt olacaq? Bu dalğavari gedişdir, biz onu tədbirlərlə
azaldırıq, minimuma salırıq. Sonra yenidən qalxır. Bir hətfə hiss etsəz ki, yoluxma saylarında artım yoxdur, bilin ki, pik həddə çatmışıq. Amma hər gün artım o deməkdir ki, hələ o həddə deyilik.
"Kollektiv immunitet"in yaranmasına gəlincə, bizim əlimizdə bununla bağlı hələ elə bir məlumat yoxdur. Bir neçə ay qabaq TƏBİB tərəfindən Bakıda belə bir tədqiqat aparılmışdı. Xəstələnənlərin sayı 20-25 faiz müəyyənləşdi. Biz isə istəyirik, bu say 60-70 faiz olsun. Amma 60 -70 faiz olmasını, hamının xəstələnməsini gözləyə bilmərik. Bir hissə artıq özü xəstələnib, vaksinlər gətiriləndə ondan istifadə edib bu sayı qaldırarıq. 60 -70 faiz insanın 23-də bu xəstəliyə qarşı immunitet olsa, ola bilər, pandemiya ilə mübarizədə uğur qazanmış olarıq.
- Azərbaycanda xəstəliyə təkrar yoluxma ilə bağlı vəziyyət necədir, insan nə qədər müddətə yenidən koronavirusa yoluxa bilər?
- Təkrar yoluxmalar haqqında müşahidələr var, amma biz bütövlükdə elmi bir nəticəyə gəlməmişik. Bunun üçün gərək uzun müddətli müşahidələr aparasan, çoxlu sayda əlimizdə faktlar olsun. İndinin özündə Azərbaycanda təkrar yoluxma halları var. Bunun necə getməsi hələ sual doğurur. Bəzi şəxslər xəstəliyi əvvəlkindən də ağır, bəziləri isə yüngül keçirir. Bəzilərində də simptomsuz keçir. Gərək yeni yoluxma o qədər sayda olsun ki, biz bunu toplayaq, statistikasını aparaq, analiz edək, bir məlumat verək. Ona görə biz deyirik ki, yoluxmuş, xəstələnmiş şəxslər də maska gəzdirməlidirlər. Həmin qorunma tədbirləri onlara da aiddir. Vaksin gələcəkdə vurulacaqsa, onlara da mütləq vurulmalıdır.
- Apteklərdə kleksan, arbidol kimi dərman vasitələrinin çatışmadığı bildirilir. Bunlar monitorinq edilirmi?
- Ümumiyyətlə, mən razı deyiləm ki, antivirus preparatları apteklərdə satılsın. Kəskin təsir edən dərmanların apteklərdə olmasının əleyhinəyəm. Niyə? Çünki özbaşına müalicə başlayır. Həkim resepti və yaxud müəyyən göstəriş olmaldır ki, onu aptekdən alsınlar. Mən bunun tərəfdarıyam.
-Bəs, doktor, xəstəxanalar dolu, həkimlər, tibb bacıları yoluxmamaq üçün evə gəlməkdən imtina edirlər. O dərmanlar da olmasa, insanlar nə etsinlər?
- Mən başa düşürəm, amma müraciət etsinlər. Sahə həkimləri, poliklinikalar, yaxud TƏBİB tərəfindən xəstələr üçün dərman təchizatı nəzərdə tutulub.
