|
Ermənistan əsirləri “hamını-hamıya” prinsipi ilə dəyişmək istəyir

Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.
T.Avinyan deyib ki, Ermənistan əsirlərin “hamını-hamıya” prinsipi əsasında qaytarılmasını təklif edir. Bundan əlavə, İrəvan yeni əsirlərin heç bir ilkin şərt olmadan qaytarılması mexanizminin yaradılmasını istəyir, Ermənistan rəsmisi əlavə edib.

Eyni zamanda T.Avinyan Qarabağdakı hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin tətbiqi ilə bağlı Rusiyaya təşəkkürünü bildirib. Müzakirələrin gedişi zamanı hərbi əsirlərin qaytarılması, itkin düşənlərin və ölənlərin meyitlərinin axtarışı məsələləri də müzakirə olunub.

Qeyd edək ki, son günlər hərbçilərin yaxınları davamlı aksiyalar keçirərək Nikol Paşinyandan yaxınlarının ölü və ya dirisini tələb edirlər.

Əsirləri “hamını-hamıya” prinsipi ilə dəyişdirilməsini isə aylar öncə Azərbaycan tərəfi təklif etmişdi. Lakin Ermənistan tərəf bundan israrla imtina edirdi. Ermənilər iddia edirlər ki, Azərbaycan tərəfdə 60 hərbi əsirləri var. Azərbaycan hərbçiləri ilə yanaşı, artıq yeddinci ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsi də tezliklə reallaşa bilər.