Bir ilə yaxındır ki, bu virusla mübarizə aparırıq. Elə hazırda tək çarəmiz də xəstəliklə mübarizə qaydalarına əməl etməkdir.
Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
"Yalnız bütün dünya ölkələrinin birgə mübarizəsi ilə virusa qalib gəlmək olar. Doğrudur, bir çox ölkələrdə radikal tədbirlər görüldü. Daha əvvəl virus haqqında məlumatımız yox idi. Lakin qısa müddət ərzində xəstəliyin diaqnostikasında istifadə olunan metodlar müəyyən uğurlarla nəticələndi. Bu virusla mübarizə digər infeksiyalarla müqayisədən çox çətindir. Aptekdə anti-bakterioloji dərmanlar çox olsa da, virusa qarşı dərman tapmaq çətindir. Biz virusa qalib gəlmək üçün hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nə isə tapdığını iddia etsə də, koronavirusa qarşı heç bir dərman preparatı yoxdur".
O qeyd edib ki, dünyanın çox sayda laboratoriyalarında bu virusa qarşı vaksin və dərman hazırlığı aparıldı: "Hazırda 11 vaksin ABŞ-da yerləşən qida və dərman təşkilatına təsdiq üçün müraciət edib. Əlimizdə təsdiqlənən vaksin yoxdur. Vaksin təsdiqlənsə belə, nə qədər effektiv olacağı məlum deyil. Vaksinin effektivliyi insanlarda nə qədər müddət özünü göstərəcək, bu barədə suallar çoxdur. Lakin virusa yoluxub, sağalan şəxslərdə COVID-19-a qarşı yaranan anti-tellər 3-4 ay yaşayır. Hazırda da vaksin üzərində işlər ciddi şəkildə araşdırılır".
