Koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna ciddi mənfi təsir göstərib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ilin eyni dövründə ölkəmizə gələnlərin sayı 2,7 milyon nəfər olmuşdu. Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayına istinadən xəbər verir ki, 2020-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat(2019-cu ilin eyni dövründə 104,7 milyon manat) təşkil edib. 2020-ci ilin yanvar-oktyabr ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq(2019-cu ildə 1 milyard 74 milyon manat) əməliyyat aparıblar.
