2020-ci ilin on ayı ərzində Azərbaycandan 1,4 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayına istinadən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173 milyon dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 158,7 milyon dollar) ikinci və pambıq mahlıcı (94,7 milyon dollar) üçüncü olub.
2020-ci ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 467,3 milyon, pambıq lifi ixracı 95,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 70 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 42,9 milyon, pambıq ipliyi ixracı 13,6 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9,7 milyon, şəkər ixracı 16,8 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 19,2 milyon, çay ixracı 7,7 milyon dollar təşkil edib.
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 162,8 milyon dollar təşkil edib. 2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti məhsullarının payı isə 51,2 faiz təşkil edib.
Oktyabrda qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon dollar), Türkiyəyə (33,5 milyon dollar), İsveçrəyə (10,7 milyon dollar), Gürcüstana (9,5 milyon dollar) və ABŞ-a (5,4 milyon dollar) ixrac edilib.
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon dollar) ikinci, sair təzə meyvələr – (13,6 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
