Vətən müharibəsində fədakarlıq edən həkimlər nələr danışdı
“Doktor, tez özünüzü çatdırın. Daha 60 yaralı da gətirildi. Aralarında çoxlu qan itirən, ayağı, qolu, hətta başından yaralanan da var...
Gətirilən yaralılar soyuqdan əsirlər, rəngləri ağappaq, xəstəxana büsbütün qarışıqlıq...
44 günlük müharibənin demək olar ki, hər günü belə keçirdi. Amma yaralıların çoxluğundan özümüzü itirmirdik. Bir saatın içində 50 nəfəri yerbəyer edirdik, tez bir zamanda şöbələrə bölüşdürürdük. Sarğı, şok, ayıltma... Bu həyəcan dolu anlar ön cəbhəyə yaxın olan Füzulidə yaşandı. Biz müharibənin kədərini də, ağırlığını da, sevincini də orada gördük. Nə qalmağa yerimiz vardı, nə yeməkxana. Bütün bunlara baxmayaraq, müharibənin açıq, dəhşətli səhnələrini görmək, digər tərəfdən də əsgərlərimizi xilas etmək kimi möhtəşəm bir missiyanı yerinə yetirirdik..."
Bunu nəql edən ağ xalatlılar Vətən müharibəsinin ən dəhşətli səhnələrinin şahidi olublar. Onlar da müzəffər hərbçilərimizlə birlikdə canlarını fəda ediblər. Haqqında bəhs etdiyim qəhrəmanlar “City Hospital”ın həkim heyətidir. Neçə-neçə igid əsgərimizi yenidən həyata bağlayıb, döyüş əzmlərini geri qaytaran həkimlər...
“Yeni Müsavat”ın redaksiyasında qonaq olan qəhrəman həkimlərimizi danışdırdıq, onlardan əsgərlərimizi xəbər aldıq...

“City Hospital”ın baş həkimi, travmatoloq Bayram Qorçiyev ilk döyüş günləri haqqında danışdı: “Müharibənin ilk vaxtları idi, artıq mənə zəng gəldi ki, yaralılar var, yardım lazımdır. Bütün yaralılar kütləvi şəkildə Mərkəzi Hərbi Hospitala gətirilirdi. Bu hospitalda da həkim sayı az olduğuna görə düşünmədən həkimlərimizlə xəstəxanaya yollandıq. Birinci gün olmasına baxmayaraq 70-80 əsgərimiz gətirilmişdi. Mən 1992-ci ildə I Qarabağ savaşında da həkim kimi iştirak etmişəm. O vaxt yaralılar az idi və bu cür deyildilər, bunlar tam başqa zədələr idi. Döyüşdə istifadə olunan silahlar dəyişirsə, əsgərlərin yaraları da dəyişir. 90-cı illərdə daha çox güllə yaraları idi. Bu dəfə hərçilərimiz çox ağır xəsarətlər, güclü travmalar almışdılar. Ən çox bizi sarsıdan, tələfata, ölümə səbəb olan isə mina yaraları idi. Düşmən hər tərəfi minalamışdı. Əksəriyyəti böyük travma, qan itkisi, ətrafların amputasiyası ilə gətirilirdi. Xəstəxanalar dövlət tərəfindən narkoz, rentgen aparatları və bir çox tibbi avadanlıqlarla təmin olunub, amma bu sahədə lazım olan avadanlıqlar az idi. Bu səbəbdən də gecəyarı öz həkim heyətimizlə toplaşdıq”.

Söhbəti davam etdirən klinikanın digər travmatoloqu, tibb elmləri namizədi İnar Seyidov da qeyd etdi ki, yaralılar əsasən sümük qırıntıları, ətrafların zədələnmələri, damar, sinir zədələnmələri ilə gəliblər: “Burada briqada şəklində həm damar cərrahları, həm də travmatoloqlar olmalı idi. Bayram doktora dedik ki, əlimizdə olan alətlər köhnədir. Bizim hərbçilərimiz yeni avadanlıqlarla müalicə olunmalı idi, buna eksternal fiksator deyilir, bu aparatlar çox azdır. Bayram doktorun həm özünün tanışlarından, həm öz maliyyəsi hesabına, həm kollektivin maliyyəsi hesabına vəsait yığıldı, alətlər sifariş olundu. Tez bir zamanda o alətlər bizə çatdırıldı. Öz alətlərimizlə hərbi hospitalda bu işi daha da təkmilləşdirdik. Daha geniş şəkildə əməliyyatlar etməyə başladıq. Biz ora gələndə iki əməliyyatxana fəaliyyət göstərirdi. Sonra bu say 4-ə çatdırıldı. Daha sonra başqa klinikalardan da həkimlər köməyə gəldi. Artıq 10 gün ərzində Mərkəzi Hərbi Hospital saat kimi işləyirdi. 2-3 həftə ərzində oranın işini qaydasına saldıq.
Artıq 3 həftədən sonra Mərkəzi Hərbi Hospitalda bütün yerlər doldu. Artıq yaralılar “Yeni klinika”ya gətirilirdi, orada da vəziyyət eyni idi, avadanlıqlar çatışmır, travmatoloq yox, tibbi personal bu işə hazır deyil. Yenidən alətlər sifariş verildi.
Bayram doktorla ikimiz, Moskvadan gələn həkim Aqşin Bağırovla getdik, bir-bir xəstələrə baxdıq. Həmin gün briqada şəklində yaralıları əməliyyat etdik, sonradan bu klinikanı da nəzarətə götürdük. Çünki xəstələr davamlı olaraq gətirilirdi. Təcili əməliyyat olanda gecə ilə gəlirdik. Sonra xəstələri başqa klinikalara yerləşdirdilər. “Yeni klinika” COVİD-19 xəstələri üçün bağlandı. Artıq haqqımızda danışılırdı, bu sahədə işlərimizə, uğurlarımıza görə bizi ön cəbhəyə çağırdılar..."

“Səndən çiçək iyi gəlir, əsgər...”
“Əməliyyata qaldırırıq! Doktor, (pıçıltı ilə) döyüşlərdə hər gün oldum, uzun müddətdir imkan olmayıb çiməm, ola bilsin məndən iy gəlsin, üzrlü sayın. Həkim qucaqlayıb əsgəri bağrına basdı, ”qardaş, səndən çiçək iyi gəlir. Sənin iyin ən gözəl qoxudur. Bu qədər mərifətli gənclərimiz var" - deyən doktorlar Füzulidə döyüşdə yaralanan əsgərlə bağlı xatirəni yada saldılar.
Bayram doktor Füzuli Müalicə Diaqnostika Mərkəzində də dayanmadan işlədiklərini dedi: “Dayanmadan 3 sutka əməliyyat elədik. Elə oldu ki, əməliyyatxanada yer olmadı, ortopedik stollar qoyduq, qələbə gününə kimi bu şəkildə Füzulidə işimizi davam etdirdik. İşləmək çox çətin idi. Səhər saat 9-da işə başlayırsan, o biri gün səhər 6-ya qədər işləyirsən, istəyirsən bir saat dincələsən, zəng edirlər ki, daha neçə xəstə gəlir. Geriyə qayıdırıq, yemək yemədən. Su da boğazımızdan keçmirdi, dincəlmək yox idi. Bir də baxırdıq, sanitar yıxılır, dəfələrlə bir-birimizin qolundan tutub saxlamışıq. Amma əsgərlərimizə görə hər şeydən keçməyə hazır idik. Gələn əsgərlərlə biz qürur duyurduq. Bir əsgərimiz də bir dəfə ”uf" demədi, ağrıdığını bildirmədi. Birini əməliyyata götürmək istəyəndə, “mənə dəymə, orada komandirim var, birinci ona yardım göstərin, mən gözləyərəm”, deyirdilər. Belə uşaqları görəndə adam nə yemək, nə içmək istəyirdi. Hər əməliyyatdan sonra kənara çəkilib hönkürtü ilə ağlayırdım..."
Əsgərlərin həm COVİD-19, həm ağır zədə ilə sınağı...
İnar Seyidov isə COVİD-19-a yoluxmuş yaralı əsgərlərin çətin vəziyyətə düşməsindən danışdı: “Bizim əsgərlərin bəziləri həm koronavirus tutmuşdular, həm də yaralanmışdılar. Biz koronavirusdan qorxmadıq, yəni Vətən uğrunda döyüşən uşaqlar heç nədən qorxmadılarsa, biz niyə qorxmalıydıq. 5 əsgərin əməliyyatı uğurla keçdi. Amma biri ayağından amputasiya olunmuşdu, həm COVİD-ə yoluxmuşdu, həm bağırsaq yaralanması, həm də sidik kisəsinin yaralanması vardı. Bağırsağını da, sidik kisəsini də əməliyyat etdik. Virusa görə immuniteti o qədər düşmüşdü ki, ayağında təkrar qanqrena başladı. Yenidən onu əməliyyata götürdük. Çətinliklə onu ölümdən qurtardıq. Sonradan məlum oldu ki, çətinliklə, möcüzə ilə sağalan əsgər həmkarımız Sənanın bibisi oğludur. Heç kəs onun harada olduğunu bilmirdi. Bu həyatın qəribə bir təsadüfü idi... Srağagün ayağı da düzəldi, siz təsəvvür edə bilməzsiz, biz nə hisslər keçirdik...”

“O yaraları su ilə yumaq olmaz...”
Baş həkim Füzulidə olarkən bir sıra çətinliklərlə üzləşdiyini də dilə gətirdi: “Biz əsgərin həyatını qurtarmaq üçün ən müasir avadanlıq nə varsa aldıq, gözləmədik ki, bunu dövlət etsin. Bir çox imkanlı adamlara zəng vurduq kömək üçün. Bəziləri bizə yardım etmədilər, söylədilər ki, Silahlı Qüvvələrə Yardım Fonduna pul vermişik və s. Nə dəxli var, bunu hamımız köçürməliyik. Prezident, sağ olsun, hər cür şərait yaradıb, biz Füzulidə o xəstəxananı gördük, heç Ermənistanın mərkəzində o cür xəstəxana yoxdur. Yeni alətlər, narkoz aparatı, süni tənəffüs aparatı, rentgen, KT, MRT aparatları - hər şey var. Amma müharibə gedə-gedə hər xırda, amma çox vacib olan bir şeyi dövlətlətdən istəyə bilməzdik ki. Bu xəstəxana travmatologiya üçün nəzərdə tutulmayıb axı. Sağ olsunlar, yaxın dostlarımız yardım elədilər. Rayonda steril material çatdıra bilmirdik, bütün personalımız gecə yatmayıb steril material tikdi. Bunlar adi yaralar deyildi, içində torpaq, pas, barıt var, çirkli paltarın cırığı dəyib yaraya. O yaraları su ilə yumaq olmaz, bahalı antibiotik lazım idi, tez bir zamanda təşkil etdik. Həkimlərimiz yatmadılar, səhərə kimi. İgid əsgərlərimiz, xüsusi təyinatlılarımız döyüşdə tarix yazdılarsa, mən deyərdim ”City Hospital"ın cavan həkimləri də tibb sahəsində o cür tarix yazdılar. Yorulmadan, usanmadan yaralılara nə kömək lazımdırsa, canından, pulundan, malından əsirgəmədilər..."
“Ermənilər çaxıra zəhər qatıbmış...”
“Hadrutda 4 əsgərimiz erməninin evində zəhərlənmişdi” deyən baş həkim söhbətə davam etdi: “Əsgərlərimiz neçə gün ac-susuz olublar, bir evdə şərabı görüb içiblər. Hamısı da zəhərlənmişdi. Çaxıra qəsdən tosol maddəsi tökübmüşlər. Əsgərlərin 4-ü də komaya düşmüşdü. Tez Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudova zəng vurduq, təcili göndərdik ora. 4-ü də Allaha şükür sağaldı”.
Xüsusi Təyinatlı Dəstənin hərbçilərini əməliyyat edən cərrah Rəşid Əliyev isə dedi ki, ən qürurlu an əsgərlərin bir-birinə yardım etməsi olub: “Həkimlərimiz özləri əsgərlərin ayaqlarını yuyub əməliyyata salırdılar, əsgərlər özləri də bir-birilərinə yardım edirdilər. Bu birlik bizi daha da ruhlandırırdı”.
“City Hospital”da yenicə işə başlayan travmatoloq Fərid Məmmədov isə təcrübəsini döyüş bölgəsindən başladığını dedi: “Ən böyük uğurumuz döyüş bölgəsində olmağımız oldu. Əsgərlərimiz əfsanə yazdılar. Vəfat edənlər az deyildi, amma bizim əsgərlər qorxmurdular, daha da irəli gedirdilər. Bizi heyran edən gənc əsgərlərin başqa ruhda, xarakterdə olmaları idi. Olduqca vətənpərvər, dostlarına canı yanan, yaralı halda belə, qayıtmaq üçün israr edirdilər. Bəzilərini zorla saxlayırdıq. Bu, çox qürurvericidir”.
İnar doktor bir neçə dəfə səhhətinin pisləşdiyini də gizlətmədi: “Bizə güc verən əsgərlərimiz idi. Yoldaşlarımız idi. Mən xəstələnmişdim, Bayram doktor dəfələrlə sistem vurur, yenidən qalxıb əməliyyat etməyə qayıdırdım. Əsgərlər ruh verirdilər.
Heç biri ölümdən danışmırdı, yaraları ağır olsa da, heç biri ağlamırdı".

“Şuşada yaralanan əsgərlərin gözü gülürdü...”
“Mənə ən çox təsir edən isə Şuşadan yaralı gətirilən əsgərlərimiz oldu”. Bunu Bayram doktor söylədi: “Harada yaralandığını soruşanda o qədər həya ilə, ”Şuşada yaralanmışam" dedilər. Təvazökarcasına, lovğalanmadan, gözləri gülürdü əsgərlərimizin. Hər zaman deyirdim, səbirli olun. Biz müharibə etməsək torpaqları ala bilmərik. Bu yolda əziyyət də çəkəcəyik, şəhidimiz, yaralımız da olacaq. Lazım gəlsə 10 nəfərin əvəzindən də işləyəcəyik. Bir var məğlub olan əsgərin həkimi olasan, bir də var qalib əsgərin, qalib dövlətin həkimi olasan, bundan qürurlu heç nə ola bilməz. Buna görə yorulmurduq, cəmi iki saat yatırdıq. Üzümüzə soyuq suyu vurub, gedirdik. Daxili ruh yüksəkliyimiz vardı".
Əslən Füzulidən olan travmatoloq Sənan Quliyev də təəssüratlarını bölüşdü: “Qarabağlı olaraq əsgərlərimizə xidmət etməkdən fəxr duydum. Şəhidlərimizə Allah rəhmət eləsin. Vəzifə borcumuzu yerinə yetirdik. Biz sonadək mübarizə apardıq, oradan qayıtmadıq. Ayın 12-si bütün xəstələr ayağa qalxdı, sonra Bakıya döndük. Bizim kollektivin özəlliyi bundan ibarətdir. Biz tək getmədik, heç birimiz də şöhrət dalıyca qaçaraq, ”mən etmişəm" demədik. Biz kollektiv olaraq getdik, uğurumuz da budur".
