|
“Xankəndiyə gedənlər Ermənistandan yox, məhz Azərbaycan ərazisindən keçməlidir, bu bizim istəyimizdir” - politoloq

Əli Orucov: “Türk silahlı qüvvələrinin də Qarabağda yerləşdirilməsi bizim mövqeyimizi gücləndirəcək və ehtimal olunan təhlükəni, riskləri önləyəcək”

Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmir yolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb. Bərdədən isə Xankəndinə aparılacağı nəzərdə tutulur.

Bu proses bizə nə vəd edir? Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması Azərbaycana, Qarabağa təhdiddirmi?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan Ermənistan və Rusiya liderlərinin imza atdığı atəşkəs bəyannaməsində qeyd edilən bəndlərə əsasən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olması nəzərdə tutulur və de-yure Qarabağ Azərbaycanın ərazisidir. 2 min kv.km ermənilərin yaşadığı ərazilərdə Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilk günlərdə Ermənistan ərazisindən həyata keçirilirdi. Hüquqi cəhətdən sülhməramli qüvvələr məhz Azərbaycan ərazisindən Xankəndinə daxil olmalı idi. İndi isə bu qüvvələr Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə  və nəzarətimizdə Xankəndinə gedir. Özümüz müşayiət edirik: “Belə olmalıdır. Çünki Xankəndi, Xocavənd Azərbaycanın ərazisidir və oraya gedən sülhməramli qüvvələr buradan getməlidir, nəinki Ermənistandan. Ümumiyyətlə, Ermənistan ərazisindən Xankəndinə Rusiyanın hərbiçi göndərməsi müəyyən suallar və şübhələr doğura bilər. Düşünürəm ki, biz bu prosesə nəzarət etməliyik. Bu onu göstərir ki, Kreml açıq şəkildə etiraf edir ki, Qarabağ ərazisi Azərbaycanın tərkib hissəsidir”.

Ekspert dedi ki, burada həm də dəmiryol daşımalarının da ucuz başa gəldiyini vurğulamaq lazımdır. Rusiya sülhməramlı qüvvələrinin, onların təchizatının bu şəkildə keçməsindən narahat olmağa dəyməz: “Azərbaycan əvvəlki ölkə deyil. Rusiya sülhməramlıları bizim ərazimizə elə öz ərazimizdən keçir. Bura bizim nəzarətimizdə olacaq. İndiyə qədər Xankəndinə gedən Ermənistan tərəfindən gedirdi. Biz daim qeyd edirdik ki, Xankəndinə gedənlər Ermənistandan yox, məhz Azərbaycan ərazisindən  keçməlidir. Bu bizim istəyimizdir”.

Politoloq eyni zamanda qeyd etdi ki, Rusiya sülhməramlı qüvvələri Xankəndində bəzi öz missiyalarindan kənar işlərə əl atırlar. Qarabağın statusu məsələsi bəzən qaldırılır.  Bu da haqlı narahatlıq doğurur: “Hesab edirəm ki, Rusiya istədiyi şərtlərə tam nail ola bilməyəcək. Türkiyə faktoru da ortadadır. Türkiyə Rusiyanın neytrallığını qoruyacaq. Ümumiyyətlə, Rusiyanın Qarabağda olması Azərbaycanı təhdid etmir. Azərbaycan Ordusu və Türkiyə Ordusu gələcəkdə də zərərli ssenariyə imkan verməz. Düzdür, Rusiyanın planında regionda mövqeyini möhkəmləndirmək durur. Hesab edirəm ki, bu taktikidir. Strateji olaraq Rusiya burada Türkiyə-Azərbaycan faktoru qarşısında istədiyi planı reallaşdıra bilməyəcək. Ona görə də geosiyasi reallıqları nəzərə alıb, biz buna icazə vermişik ki, Xankəndində təhlükəsizliyi təmin etsinlər. Amma bəzən Rusiya sülhməramlıları burada ermənilərin inkişafina töhfə verir. Sosial layihələr həyata keçirir. Düşünürəm ki, gələn ildən biz Rusiyanın bu addımlarına icazə verməməliyik”.

AMİP-in ilk qeydiyyata alınan namizədi Əli Orucovdur

AMİP katibi Əli Orucov bildirdi ki, İkinci Qarabağ savaşı Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələndi: “Müzəffər Ordumuz qısa vaxt ərzində qarşıya qoyulmuş vəzifənin öhdəsindən yüksək əzmkarlıqla gəldi. Azərbaycanın apardığı bu Vətən müharibəsi dünya hərb sənətini kökündən dəyişdi. Bununla belə, biz bir daha gördük ki, Azərbaycanın haqq işinə nə qədər xaricdən maneələr yaratmaq istəyən qüvvələr var. Rusiya müharibənin gedişində üzdə müdaxilə etmədiyini göstərsə də, Ermənistanı silah-sursatla təmin edirdi. Azərbaycanda Rusiya hərbi kontingentinin hansı ad altında olursa-olsun yerləşdirilməsini mən narahatlıqla qarşılayıram. Bu ordunun və bu dövlətin bizə münasibəti bəllidir. Ancaq elə məsələ ondadır Moskva heç vaxt imkan verməzdi ki, özünün forpostu olan Ermənistan darmadağın edilsin  və yaratdığı Qarabağ problemi birdəfəlik ortadan qaldırılsın.  Rusiya Cənubi Qafqazdakı maraqlarını kimsəyə verməz. Ona görə də rus hərbi kontingentinin Qarabağda yerləşdirilmə məsələsinə Azərbaycan da könülsüz razılıq verib. Türk silahlı qüvvələrinin də Qarabağda yerləşdirilməsi bizim mövqeyimizi gücləndirəcək və ehtimal olunan təhlükəni, riskləri önləyəcək”.