Arzuman Abdulkərimov: “Qazilərimizə diqqət göstərmək hər birimizin borcudur”
44 günlük II Qarabağ savaşınıda sol ayağını itirən Musayev Kənan Nadir oğlu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar hər kəsin ciddi narahatlığına səbəb olub. Qazax rayonu, Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayan qazimizin anası Məmmədova Məhəbbət Seyfəddin qızı etdiyi müraciətdə hər kəsdən kömək istəyib.
Onun müraciətini təqdim edirik: “Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi yola saldılar. Amma hələ bir xəbər yoxdur. Sizdən xahişim, bunu işıqlandırın. Səsimə səs verin".
Səslənən ittihamlarla, qazimizin son durumu ilə bağlı Qazax Rayon İcra Hakimiyyətindən mövqe almağa çalışsaq da, buna nail olmadıq. Zənglərimizə cavab verən tapılmadı. İcra başçısının birinci müavini Məmməd Əliyevin telefonu ara-sıra məşğul olsa da, zənglərimizə cavab vermirdi...
Əslən Qazaxdan olan Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov problemin qısa zamanda həll olunacağına ümid edir: “Sosial şəbəkələrdə qazaxlı qazimizlə bağlı yayılan məlumatlarla mən də maraqlandım. Rayondakı təmsilçimizi ora göndərdim. Tərəfimizdən qazimizə imkan daxilində diqqət göstəriləcək. Sosial şəbəkələrdə olan məsələlər ictimailəşəndən sonra yəqin ki, aidiyyatı qurumlar, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə diqqət göstərəcəklər. Çünki qazilərimizə diqqət göstərmək hər birimizin borcudur. Bilirsiniz ki, Ali Baş Komandan qazilərimizə, şəhid ailələrinə xüsusi diqqət göstərmək üçün hər birimizə tapşırıq verib, hər birimizi bu məsələdə aktiv olmağa çağırıb. Biz ictimai adamlarıq. Düşünürəm ki, bu məsələnin ictimailəşdirilməsi bizim üzərimizə düşür. Ümid edirəm ki, müvafiq qurumlar yaxın günlərdə bu məsələyə diqqət yetirəcəklər. Qazimiz minimum olsa da, şəraitlərlə təmin olunacaq. İmkanlarımız daxilində bütün dəstəyimizi verməyə çalışacağıq. Bundan sonra da məsələni diqqətimizdə saxlayacağıq. Onu da qeyd edim ki, hərbi biletin verilməsinin yubadılması, eləcə də, qazimizin qonşularının onun müalicəsi üçün kömək göstərmələri barədə deyilənlərlə əlaqədar ona sual ünvanlamamışıq. Amma bu, mümkündür. Çünki Azərbaycan mentalitetində hər kəs, yaxında olanlar, bundan məlumatlı şəxslər belə insanlara dəstək verirlər. Bu dəstəyi vermək də hər birimizin borcudur. Hərbi bilet məsələsi ilə bağlı yəqin ki, bəlli bir zaman lazımdır. Bildiyiniz kimi qazimiz sol ayağını itirib. Protez məsələlərini Azərbaycan dövlətinin özü həll edir. Həm dövlət qurumları, həm də hörmətli I Vitse- Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu məsələdə qazilərimizə hər zaman dəstək verib. Əminəm ki, yaxın günlərdə qazimiz protezlə təmin olunacaq. Amma məsələni təkcə dövlət qurumlarının üzərinə atmaq da doğru deyil. Biz sadəcə ictimai adamlar olaraq məsələni ictimailəşdirməliyik. Dövlət qurumları ilə yanaşı imkanlı şəxslərin, iş adamlarının olduğunu da unutmayaq. Hər birimiz bu məsələyə diqqət ayırmalıyıq. Dövlət onsuz da əlindən gələni edir. Bu məsələdə biz də dövlətin yanında olmalıyıq”.
A.Abdulkərimov belə məsələlərdə Qazax Rayon İcra Hakimiyyətinin həssas olduğuna da xüsusi diqqət ayırdı: “Səmimi şəkildə deyirəm ki, Qazaxın icra başçısı belə məsələlərdə həssas adamdır. İndiyə qədər elə məsələlər olub ki, ictimailəşmədən belə həll olunub. Hansı ki, icra hakimiyyətinin işinə bəzən aidiyyatı olmayıb. Bunları icra başçısını şəxsən tanıdığım üçün deyirəm. Ola bilsin ki, müharibənin gedişində qazilərimiz çoxdur, şəhidlərimiz var. Bütün bunların hamısının problemlərini qısa zamanda həll etmək mümkün olmasa da, düşünürəm ki, rayon rəhbərliyi zaman-zaman növbəli şəkildə və digər yollarla bu məsələləri həll edəcək. İlkin zamanda qazimizin anasına mümkün iş yeri təşkil etmək lazımdır. Heç olmasa, işləyib ailəsini saxlaya bilər. Qarşıdakı zamanlarda bu və ya digər məsələləri diqqətdə saxlayacağıq. Lazım gələrsə, biz də aidiyyatı qurumlara fikirlərimizi çatdırarıq”.
Müsahibimiz sonda bir məsələni da xüsusi olaraq önə çəkdi: “Sosial şəbəkələrdə də buna tez-tez rast gəlirəm. Bizim Qazaxdan olan vətəndaşlarımız mənə müraciət edirlər. Belə məsələlərdə Qazaxdan seçilmiş millət vəkili xüsusi aktivlik etməlidir. Amma təəssüflər olsun ki, Qazaxın deputatı Səməd Seyidovu bu işlərdə görə bilmirik. Əgər kimsə görübsə, mənə də desin. İcra strukturlarından da çox belə məsələlər deputatın fəaliyyət dairəsinə daxildir. Amma Səməd müəllimi təəssüflər olsun ki, belə məsələlərdə görmək mümkünsüzə çevrilib. Bəlkə də edir, amma ictimailəşdirmir. Lakin belə məsələlərin ictimailəşməsi çox vacibdir. Yəni deputatın fəaliyyəti açıq olmalıdır. Gördüyü işləri ictimaiyyətə çatdırmalıdır ki, seçici görsün ki, seçdiyi adam bu işlərlə məşğuldur. Əgər edib, bunu ictimailəşdirmirlərsə, bu da onların günahıdır. Deputatlarla bağlı insanlar haqlı şəkildə öz iradlarını bildirirlər. Bu iradlardan sonra deputatlar ya küskünlük nümayiş etdirirlər, ya da heç bir reaksiya vermirlər. Yaxud da reaksiya verəndə küskünlük nümayiş etdirir, seçiciləri qınayırlar ki, bunları etmişdim, siz niyə belə danışırsınız. Qardaş, etmisənsə, hesabat verəcəksən ki, bu məsələni nəzarətə götürmüşəm, aidiyyatı qurumlar qarşısında bu problemi qaldırmışam”.
