|
“Zəfər” və “Qarabağ” ordenləri təsis edildi

Hər iki ali mükafatla hərbi qulluqçular, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş şəxslər təltif ediləcək

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova bildirib ki, bir gün əvvəl Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli qətnamə qəbul edilib. Sədr qeyd edib ki, bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli yanaşmaya əsaslandığını görmək olar: “Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib. Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb”.

S.Qafarova bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün aparılan danışıqlar nəticəsiz qalıb: “1994-cü ildən etibarən bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün heç vaxt təcavüzkarı öz adı ilə çağırmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Məhz bu yanaşma aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biridir. Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər”.

Sədr vurğulayıb ki, bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğurur.

Daha sonra iclasda Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsinə başlanılıb.

Deputat Azay Quliyev deyib ki, Fransa senatının qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib: “Bu, Fransa adına böyük bir ləkədir. Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimiz geri çağırılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır”.

Zəfər" və "Qarabağ" ordenlərinin təsis edilməsi ilə bağlı layihə qəbul  olundu | Report.az

Deputat Aqil Abbas Fransa prezidentinin qudurduğunu bildirib. Aqil Abbas Fransanın Türkiyənin qələbələrini həzm edə bilmədiyini deyib: “Prezident deyir ki, status-kvo gorbagor oldu. İndi Minsk Qrupunu Ankara və Bakı əvəz edir. İndi Dağlıq Qarabağ da yoxdur. Qarabağ var. Bunu Putin də dedi. Sən Allah, bu ATƏT-in Minsk Qrupundan az danışın. Camaat qorxur”

Deputat Fəzail Ağamalı bildirib ki, Fransa senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar. Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir: “Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik. Bu qələbəni biz ona görə qazandıq ki, Azərbaycan xalqı ordu və Prezidentlə birgə oldu”.

Deputat Vahid Əhmədov çıxış edərək Fransa senatının ermənipərəst qərarına etirazını bildirib. Həmçinin xatırladıb ki, ötən iclasda senatdakı hazırlıqlarla əlaqədar parlamentin etiraz bəyanatı qəbul etməsi barədə təklif səsləndirmişdi. Daha sonra millət vəkili “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin daha 1 il uzadılmasını təklif edib. V. Əhmədov qeyd edib ki, bu qanunun müddəti dekabrın 4-də bitir. "Bizim hazırda işğaldan azad eidlmiş ərazidiə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməldiir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılması ilə bağlı Prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar", - deyə, V. Əhmədov sözlərinə əlavə edib.

Deputat Razi Nurullayev çıxışında bildirib ki, şəhid ailələri övladlarının adının əbədiləşdirilməsini istəyirlər: “Biz onların istəklərini yerinə yetirməyəndə incik düşürlər”. O qeyd edib ki, hər şəhidin adına məktəb, küçə vermək olmur: “Hər deputatın adına şəhid ailələrindən bu cür məktublar daxil olur. Təklif edirəm ki, Bakıda olan 5 hektarlıq sahədə ”Qəhrəmanlar parkı" yarada bilərik. Burada Şəhidlər Xiyabanında olmayan şəhidlərin adı əbədiləşdirilə bilər. Bu park turist parkı kimi də ola bilər. İsraildə belə nümunə var. Beləliklə, heç bir valideyn incik düşməz. Çünki bir şəhidin adı əbədiləşdirilib, digəri əbədiləşdirilməyəndə narazılıqlar yaranır".

Milli Məclisin komitə sədri Əli Hüseynli bildirib ki, şəhid ailələri ilə bağlı məsələlərin hamısı Prezident İlham Əliyevin diqqətindədir.

Deputat Qüdrət Həsənquliyev xatırladıb ki, vaxtilə mərhum Prezident Heydər Əliyev Fransanın Minsk Qrupunun həmsədri olmasına kəskin etiraz edirdi: “O zaman Fransa hökuməti təkidlə bizi inandırmağa çalışdı və söz verdi ki, onlar neytral, ədalətli olacaqlar. Azərbaycan da həmin dövrdə indiki qədər güclü deyildi. Ona görə də biz Fransanın həmsədrliyini qəbul etdik. Amma çox təəssüf ki, onlar sözlərini tutmadılar”. Millət vəkili qeyd edib ki, biz senatın qərarını Azərbaycana münasibətdə düşmənçilik aktı kimi qəbul etməli, senatla bütün əlaqələri kəsməli və səfirimizi də məsləhətləşmək üçün geri çağırmalıyıq: “Bu, həm də digərlərinə dərs olmalıdır. Ümumiyyətlə, cənab Prezident də vaxtilə bu məsələyə münasibət bildirib ki, hər hansı bir dövlət cəsarət edib Dağlıq Qarabağdakı qondarma rejimi tanıyacağı təqdirdə 10 dəqiqədən sonra həmin dövlətlə bütün əlaqələr dayandırılacaq. Bu da hər kəsə bir mesaj olmalıdır. Ona görə də mən Fransa senatına qarşı kəskin qətnaməyə səs verəcəyəm”.

525-ci Qəzet - Vətən müharibəsi ilə bağlı ordenlər və medallar təsis edilib

Deputat Elman Nəsirov deyib ki, Fransa senatının atdığı bu addım bütün Qərb demokratiyasının iç üzünü açdı: “Bütövlükdə Qərb demokratiyasının və Fransa demokratiyasının mahiyyəti budur. Makronun yeni qanun təklifi separatizmlə mübarizə ilə bağlıdır və həmin qanun 2021-ci ildə həmin senatda müzakirə edilməlidir. Bütün bu sadaladığımız reallıqları nəzərə alaraq deyirəm ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmaq üçün heç bir haqqı yoxdur”.

Sədr müavini Fəzail İbrahimli də məsələyə kəskin etirazını bildirib: “Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”. F.İbrahimlinin sözlərinə görə, Fransa senatının üzvləri Əlcəzairdə soyqırım törədən qatillərin nəvələridir: “Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.

Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik layihəsi sonuncu-üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qəbul olunan qərara əsasən, Azərbaycanda “Zəfər” və “Qarabağ” ordenləri təsis edilir.

 “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

“Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

“Qarabağ” ordeni ilə isə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

İclasda “Azərbaycan Respublikasının ”Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

Plenar iclasda “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunub. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini də müzakirəyə çıxarıb.

Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

 Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.