Azərbaycan Xalq Partiyasının Siyasi Şurası dünən keçirdiyi iclasda Fransa hakimiyyəti rəhbərliyinin və dövlət orqanlarının Dağlıq Qarabağ məsələsində tutduğu mövqe və etdiyi hərəkətləri müzakirə edib.
Bununla bağlı qəbul edilmiş bəyanatda deyilir:
“Fransa Respublikası Senatında qondarma Artsax Respublikasının tanınmasının mümkünlüyü barədə sənədin müzakirəyə çıxarılması Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qarşı qəsd, Azərbaycan dövlətinə qarşı təcavüz aktı olub Azərbaycan xalqına qarşı müharibə elan etmək anlamına gəlir. Münaqişənin sülh yolu ilə nizamlanması ümidlərinin yaranmağa başladığı bir anda ortalığa atılmış bu məsələ ədalətə, insanlığa, beynəlxalq hüquqa daban – dabana zidd geopolitik fitnəkarlıqdır, Ermənistan və Azərbaycanı müharibəyə, xalqları və insanları qanlı toqquşmalara təhrik etməkdir. Bu sənədin lehinə səs verənlər xalqlara, milyonlarla insana fəlakət gətirən, daha on minlərin bir- birini qırmasına, qan axıdılmasına, savaşın davam etməsinə səs verirlər və ancaq hiddət, qəzəb və nifrətə layiq olacaqlar.
Fransanın və ya hər hansı bir başqa gücün bu tipli düşmənçilik hərəkəti xalqımızın öz torpaqlarını azad etmək, ərazi bütövlüyümüz bərpa etmək və bölgədə uzunmüdətli sülh bərqərar etmək əzmimizə mane ola bilməz.
Göstərilən mövqedən çıxış edərək Azərbaycan Xalq Partiyası belə bir sənədin qəbul edilməsi və qüvvəyə minməsi halında dərhal Fransa Respublikası ilə bütün əlaqələrin kəsilməsinə, Fransanın Minsk Qrupu həmsədrləri sırasından çıxarılmasına, Azərbaycan səfirinin geri çağrılması və müvafiq olaraq Fransa nümayəndiliyinin Azərbaycandan kənarlaşdırılmasına, Fransa mallarının və fransızdilli bütün xidmətlərin boykot edilməsinə çağırır. AXP Azərbaycan hakimiyyət orqanlarının bu məsələdə həddindən artıq “təmkin” göstərməsini situasiyaya adekvat saymır və daha təsirli addımlar atmağı tələb edir.
AXP bəşəriyyətə müasir siyasi mədəniyyət dəyərləri bəxş etmiş Fransız xalqının mütərəqqi qüvvələrini Cənubi Qafqazı öz qanlı geopolitik niyyətləri naminə qan gölünə çevirmək istəyənlərin qarşısını almağa səsləyir və bu yöndə dərhal hərəkətə keçmələrini təvəqqe edir”.
