Əkrəm Həsənov: “Ermənistanın artıq bircə yolu qalır ki, qonşuları ilə, əsasən də bizimlə dil tapıb münasibətlərini qaydaya qoysun”
Ermənistan II Qarabağ savaşında işğal etdiyi ərazilərdən qovulmaqla yanaşı, həm də iqtisadiyyatını, siyasi nüfuzunu, əhalisinin sosial rifahını, böyük sayda işçi qüvvəsini, istehlakçısını itirdi. Bu ölkənin müharibədə itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur.
Əhalinin böyük bir hissəsini səfərbərliyə cəlb edib müharibəyə göndərən və orada silahlı qüvvələrimiz tərəfindən məhv edilən Ermənistanda bu ilin sonuna ÜDM-in kəskin azalması gözlənilir. Məhv edilən ermənilərdən başqa, xeyli sayda yaralılar da var ki, onlar artıq əmək bazarı üçün itirilmiş sayılır. Böyük Ermənistan iddiaları suya düşən ermənilərin öz ölkələrini tərk edib köçəcəyi də istisna deyil. Həmin azad edilən torpaqlarımızdan köçənlər İrəvanda böyük bir qaçqın dalğasının yaranmasına səbəb olub. Görünən odur ki, Ermənistan iqtisadiyyatının müharibənin acı nəticələrindən çıxması mümkünsüz görünür. Təbii ki, əvvəlki havadarlarının yardımları, erməni lobbisinin təsiri altında olan beynəlxalq fondları dəstəyi olmazsa. Ancaq müharibədə yalanlar üzərində qurulmuş nüfuzunu və simasını itirən və artıq bir dövlət kimi defolt vəziyyətinə düşən Ermənistana beynəlxalq aləmdən əvvəlki diqqət və qayğının olacağı da real görünmür.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov artıq düşmən ölkənin çox böyük iqtisadi problemlər içində olduğunu vurğuladı: “Ermənistanın bu günə qədərki iqtisadi vəziyyətinə də baxsaq, biz bilirdik ki, onların bu qədər silah və hərbi texnika almağa pulu yox idi və bunları ona bağışlayırdılar. Əlbəttə, dövlətlərarası münasibətlərdə bağışlamaq yox, borc olur. Hər bir halda bu borc idi və Ermənistanın boynunda qaldı. Kimsə borc verirsə, deməkki bunun əvəzində Ermənistandan nə isə istəyir. Bu ölkəyə qarşılıqsız, əvəzsiz nələrsə verən kimlərdir, bunu da bilirik. Ümumilikdə isə Ermənistan bu müharibədə ciddi şəkildə iqtisadi itkilərə məruz qaldı. Birincisi , bu ölkənin müharibədə xeyli vətəndaşı , insanı öldü. Ermənistanda əhali sayının az olması, demoqrafik vəziyyətin onsuz da pis olması insan çatışmazlığı, kadr çatışmazlığı yaradacaq. Çünki bu ölkənin əhalisinin xeyli hissəsi də xaricdə yaşayır. Bu müharibədə həm xeyli insanın bizim tərəfimizdən məhv edilməsi, həm də yaralanması və əmək qabiliyyətini itirməsi, işçi qüvvəsi kimi əhəmiyyətsiz qalması, digər tərəfdən isə Ermənistandan xaricə əhali axınının güclənəcəyi ilə bağlı gözləntilər vəziyyətin nə dərəcədə pis olmasından xəbər verir”.

Əkrəm Həsənov
Ekspertin sözlərinə görə, bu günə qədər hər cür məhrumiyyətlərə dözüb “Böyük Ermənistan”, Qarabağın müstəqilliyi arzusu ilə yaşayan ermənilər də ölkəni tərk edib xaricə köçəcəklər: “Bu günə qədər erməni xalqında bir xəstəlik var idi və onlar sırf Qarabağ arzusu ilə orada yaşayırdılar. Bəziləri sırf buna görə dözür və Ermənistanda, yaxud bizim ərazilərdə qalırdı. İndi onlar artıq bu ümidlərini birdəfəlik itiriblər, Ermənistanda qalmayacaq və köçüb gedəcəklər. Bu, əslində ən böyük problemlərdən biridir, insan çatışmazlığı faktoru yaranacaq. Onların sosial problemləri də artacaq və Ermənistan dövlətinin bu sosial xərcləri qarşılamağa imkanı yoxdur. Hər bir halda müharibə zamanı Ermənistan xaricdən nə qədər borc və dəstək alsa da, özünün də xərcləri olurdu”.
İqtisadçı hesab edir ki, artıq Rusiyanın da Ermənistana elə bir marağı qalmayıb: “Ermənistanın digər problemi odur ki, investisiya qoyuluşu baxımından onsuz da çox əlverişsiz ölkə idi. Oraya yalnız Rusiya investisiya yatırırdı. Bundan sonra isə, ümumiyyətlə, heç kim ora pul qoymayacaq. Çünki təhlükələr çoxdur. Ermənistan müharibədən sonra Rusiyadan elə asılı vəziyyətə düşüb ki, daha Rusiyanın oraya investisiya qoyaraq erməniləri asılı vəziyyətdə saxlamağa marağı olmayacaq.
Digər tərəfdən, Ermənistan bizim işğal edilmiş ərazilərimizdə bir çox qanunsuz fəaliyyətlərlə məşğul idi. Kəlbəcərdə və digər ərazilərdə bizim təbii ehtiyatlarımızı qanunsuz olaraq istismar edirdilər. Bu da artıq bitdi və bu istiqamətdən də gəlirləri olmayacaq. Ermənistanın artıq bircə yolu var ki, qonşuları ilə dil tapıb münasibətlərini qaydaya qoymalıdır. İlk növbədə də bizimlə münasibətləri qaydasına salmalıdır. Azərbaycanla əlaqələrini bərpa etsə, iqtisadi vəziyyəti tədricən özünə gələ bilər. Əks halda, bu ölkəyə heç kim yardım etməyəcək".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın əlində imkan var ki, təzminat məsələsi ilə Ermənistana daha böyük iqtisadi zərbələr vursun: “Bütün bunların üzərinə Azərbaycan 30 il ərzində və müharibə dövründə dəymiş ziyanla bağlı təzminat məsələsini də qaldıracaq, bununla bağlı məhkəmələrə müraciət olunacaq. Doğrudur, bəzən bu cür təzminat məsələlərinin həlli illər çəkir. Ancaq istənilən halda bizə vurduqları zərərə görə müəyyən məhkəmələrdə qalib ola bilərik və Ermənistanın bu vəsaitləri ödəməyə gücü çatmasa belə, biz bu dövlətin xaricdəki əmlakına, aktivlərinə, bank hesablarındakı vəsaitlərinə həbs qoydura biləcəyik. Onlar artıq bunu indidən görürlər, anlayırlar, bu səbəbdən bizimlə dil tapmaq məcburiyyətindədirlər. Siyasət, müəyyən ideologiyalar, əlbəttə, önəmlidir, ancaq ilk növbədə insanın iqtisadi və sosial ehtiyacı var. İqtisadi və sosial vəziyyət bu həddə ikən Ermənistanın bundan sonra heç bir siyasi və iqtisadi uğurları olmayacaq”.
