Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verilərkən bildirilib ki, dəyişikliyə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
Qanun layihəsinə təklif edilən müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.
Deputat Razi Nurullayev qanun layihəsində qadağan olunan plastik qablarla bağlı konkretləşdirmənin aparılmasını təklif edib. Çıxış edərkən əlində birdəfəlik istifadə üçün nəzərdə tutulan su stəkanı tutan deputat bu qabların qadağalar siyahısına daxil edilib-edilməyəcəyini soruşub və bildirib ki, konkretlik əhalinin maarifləndirilməsi baxımından da faydalı olardı.
Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
