|
Asiyanın nəhəng projesi - RCEP dünyaya nə vəd edir?

İqtisadçı-ekspert: “Saziş üzvlərinin hərəsinin ondan özünəməxsus gözləntiləri var”

Noyabrın 15-də Vyetnamın paytaxtı Hanoy şəhərində Cənub Şərq Asiya ölkələri Assosiasiyasının (ASEAN) 37-ci sammitində Ümumi Regional İqtisadi Əməkdaşlıq Haqqında Saziş (RCEP) imzalanıb. Saziş onun iştirakçısı olan ölkələrin ərazisində ümumi azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Bütün içtirakçı ölkələrdə ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək sənəd dünyada ən böyük azad ticarət zonasının təməlini qoymuş olacaq.

Qeyd edək ki, bu sazişlə bağlı danışılara 2012-ci ildə başlanıb. RCEP barədə ilkin danışıqlar başlananda prosesdə  10 ASEAN ölkəsi (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malaziya, Myanma, Sinqapur, Tailand və Filippin) və onların azad ticarət haqqında saziş imzaladıqları 4 tərəfdaşı - Avstraliya, Hindistan, Çin, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya iştirak edirdi. Sonradan Hindistan saziş iştirakçısı olacaq ölkələr arasında ticari baryerlərin tamamilə götürülməsi məsələsi ilə razılaşmayaraq danışıqları tərk etdi.

Səkkiz il ərzində 50 dəfəyə yaxın ölkələrarası danışığın əsas mövzusu olan saziş, nəhayət ki, ASEAN-a Vyetnamın sədrlik etdiyi dövrdə tam razılaşdırılaraq imzalandı. Sənədi imzalayan ölkələrdə 2,2 milyard nəfər əhali - yəni istehlakçı yaşayır. Bu ölkələrin birlikdə Ümumi Daxili Məhsulu 28 trilyon dollar - dünya ÜDM-nin 32 faizdən yuxarısını təşkil edir.

Saziş 92 faiz mal pozisiyaları üzrə rüsumların azaldılmasını nəzərdə tutur. Amma burada bir sıra ölkələrin fərqli qeydləri də nəzərə alınıb. Məsələn, Yaponiya bəzi kənd təsərrüfatı məhsullarının idxalına rüsumları saxlayacaq. Saziş əqli mülkiyyət və elektron ticarət sahəsində qaydaları müəyyənləşdirir, həmçinin 50 sektorda (o cümlədən telekommunikasiya, maliyyə, ixtisaslı xidmətlər) xidmət göstərən şirkətlərdə xarici iştirak həddinin mümkün artırılmasına şərait yaradır.

Dünyanın əksər analitik mərkəzləri Asiyanın koronavirus pandemiyasından sonra dünya iqtisadiyyatının bərpa prosesinin lokomotivi olacağını proqnozlaşdırırlar. Hesab olunur ki, sazişin icrası prosesi daha da sürətləndirəcək, pandemiyadan Amerika, Avropaya nisbətən daha az zərərlə çıxan Asiyanın qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməsinə şərait yaradacaq. Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilədək RCEP ölkələrinin ÜDM həcmi 100 trilyon dollara qədər arta bilər. Nəzərə aldıqda ki, son 50 ildə ən yüksək iqtisadi artıma nail olan Sinqapur, Malayziya, Koreya Respublikası, Yaponiya, nəhayət, dünyanın ikinci iqtisadiyyatına malik Çin bu sazişin iştirakçısıdır, onda mütəxəssislərin proqnozlarının reallaşma əmsalının yüksək olduğunu görmək mümkündür. Məsələ burasındadır ki, Çin istisna olmaqla, bu ölkələrdən hər biri dünyada örnəyə çevrilmiş iqtisadi inkişaf modeli yaratmağı bacarmış ölkələrdir. Çin isə unikal iqtisadiyyatı ilə iqtisadiyyat elmində ayrıca öyrənilən ölkəyə çevrilib.

Sazişin icrasının yaradacağı üstünlüklərlə yanaşı, gözlənilən təhdidləri də diqqətdən qaçırmaq olmaz. Məsələn, sazişin iştirakçıları arasında münasibətlər heç də rəvan deyil. Yaponiya ilə Çin arasındakı ərazi mübahisələri ilə yanaşı, Çinlə Avstraliya arasında da münasibətlər koronavirus pandemiyasına görə kəskinləşməkdədir. Buna səbəb Avstraliya hökumət başçısının ABŞ prezidenti Donald Trampdan sonra pandemiyanın Çin tərəfindən qəsdən yayılması ehtimalını səsləndirməsi, Çinin Uxan şəhərində ciddi təftişin aparılmasını tələb etməsidir. Bu açıqlamalardan sonra Çin Avstraliyadan kənd təsərrüfatı məhsullarının idxalına qeyri-rəsmi qaydada məhdudiyyətlər tətbiq etməyə başlayıb. Arpadan tutmuş, süd məhsulları və şəraba qədər, Avstraliya kənd təsərrüfatı məhsullarının əsas alıcısı Çindir. 2018-2019-cu aqrar ilində Avstraliyadan Çinə kənd təsərrüfatı məhsullarının idxal həcmi 16 milyard Avstraliya dollarına bərabər olub. Avstraliyanın ümumi aqrar ixracının 39 faizi məhz Çinə olunur. Avstraliyadan Çinə ildə 1,2 milyard Avstraliya dolları həcmində şərab ixrac olunur. Bunun 60 faizə yaxını Yeni il bayramı ərəfəsində reallaşır. İndi isə Çinin qoyduğu qeyri-rəsmi qadağalar üzündən bu ixracın heç 20 faizi belə reallaşa bilmir.

Göründüyü kimi, saziş iştirakçısı olan ölkələr arasında iqtisadi-siyasi münasibətlər heç də rəvan deyil və bu amil onun icrasında çətinliklərin olacağından xəbər verir.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, saziş son dövrlərdə iqtisadi əməkdaşlıqla bağlı ölkələrarası ən böyük razılaşmadır: “Saziş 2,2 milyard nəfərin yaşadığı ərazini əhatə edir. Sənədin imzalanması yeni təşəbbüs deyildi, danışıqlar səkkiz il idi gedirdi. Lakin qəribə də olsa, onun imzalanmasının baş tutmasına pandemiyanın müsbət təsiri oldu. Pandemiyanın təsiri ilə ölkələr arasında ticarət əlaqələrində zəifləmə yarandı, həmçinin bu münasibətlərdəki bəzi zəif bəndlər üzə çıxdı. Məsələn, bir sıra ölkələr daxili tələbatı təmin etmək acısından bəzi məhsulların ixracına, yaxud daxili bazarı qorumaq üçün bəzi məhsulların idxalına qadağalar qoydular. Bu isə azad ticarət, ticarətin liberallaşdırılması istiqamətində dünyada gedən proseslərin zəifləməsinə səbəb olub. Beynəlxalq təşkilatlar - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT - belə məhdudiyyətlərin dünyada ərzaq təchizatı zəncirinin qırılmasına, xeyli sayda ölkə və əhalinin ərzaq təminatında böhrana gətirməsi təhlükəsi barədə dəfələrlə xəbərdarlıqla çıxış ediblər”.

Ekspert bildirir ki, Çinin sazişin hazırlanması prosesində aktiv iştirakında həm də son 3-4 ildə ABŞ-la arasında yaranan ticarət müharibəsi amili mühüm rol oynayıb: “Bu müharibə Çini vadar etdi ki, sazişin razılaşdırılması prosesini sürətləndirmək üçün fəaliyyətləri gücləndirsin. Bu prosesdə Çin bir sıra mühüm güzəştlərə də getməli oldu. Saziş üzvləri üçün ciddi bir məsələ Hindistanın da prosesə qoşulmasıdır. Güman ki, yaxınmüddətli dövrdə Hindistan da sazişə qoşulacaq. Sazişin əhatə etdiyi əsas sahələrsə - telekommunikasiya, əqli mülkiyyət, xidmətlər və sairdə azad rəqabət mühitinin formalaşdırılması ciddi inkişafı stimullaşdıracaq. Bu isə saziş ölkələri ilə yanaşı, onlarla ticarət tərəfdaşı olan digər ölkələrdə, regionlarda da tərəqqiyə gətirəcək”.

R.Həsənova görə, sazişə qoşulan ölkələrin hər birinin onun icrasından özü üçün gözləntiləri var: “Çin gözləyir ki, son illərdə ABŞ, Avropa bazarlarında itirdiklərini saziş zonasında bərpa etsin. Avstraliya Çinlə ticari münasibətlərində yaranan problemlərin saziş nəticəsində aradan qalxacağına ümidlidir. Tailand, Filippin kimi ölkələr də ixrac potensiallarını reallaşdırmaq üçün azad bazar əldə edəcəklərini gözləyirlər. Güman edilir ki, bir müddətdən sonra ekoloji və digər istiqamətli məsələlər də sazişin əhatə dairəsinə daxil ediləcək və sənəd daha möhkəm əsaslarla birləşən blokun təməlinə çevriləcək”.