|
“Ermənistana qarşı təzminat iddiaları bir neçə məhkəmədə qaldırıla bilər”

Natiq Cəfərli: “Tək maddı yox, həm də mənəvi təzminat üçün əsaslar var”

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında mülki evləri, özəl və dövlət obyektləri talan edilib. Vətən müharibəsinin gedişində azad olunan şəhər, qəsəbə və kəndlərdəki vəziyyət göstərir ki, ermənilər nəinki dam örtükləri, qapı-pəncərələri, hətta evlərin, binaların inşa olundğu, qəbir üstündəki daşları belə söküb aparıblar. Bundan əlavə, işğal etdikləri Zəngilan rayonunun Vejnəli, Kəlbəcər rayonunun Söyüdlü qızıl yataqlarını qanunsuz talan ediblər.

Hətta noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin imzaladıqları razılaşmaya uyğun olaraq Kəlbəcər, Ağdam və Laçından çıxmalı olan ermənilər meşələrimizi doğrayıb daşımaqdadırlar.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev xarici mətbu orqanlara verdiyi müsahibələrində işğal nəticəsində vurulan zərərə görə Azərbaycan tərəfindən Ermənistanın barəsində beynəlxalq məhkəmələrdə təzminat davalarının açılacağını dəfələrlə qeyd edib. İki gün əvvəl işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına gedən dövlət başçısı bir daha bu məsələyə toxunub: “Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb.

Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək".

Qeyd edək ki, Vətən müharibəsində Ermənistanın Azərbaycan mülki vətəndaşları və dövlətə vurduğu zərərdən əlavə, 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb. Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub.

Azərbaycan dövlətinin Ermənistana qarşı təzminat iddialarını qaldırması ilə bağlı dünya praktikasında da qeydə alınmış presedentlər mövcuddur. Belə ki, 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.

İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri  və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-yə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Digər nümunə Yaponiya və İndoneziya arasında olan münaqişə nəticəsində təyin olunan reparasiyadır. 20 yanvar 1958-ci ildə imzalanan sülh müqaviləsi və təzminat müqaviləsi nəticəsində Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli idi.

Bundan başqa, BMT tərəfindən İraqa 1990-91-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə təzminat ödəmək öhdəliyi irəli sürülüb. Təzminatın ödənilməsini təmin etmək üçün isə Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası qurulub.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan ciddi beynəlxalq təşkilatlarla, xarici qiymətləndirmə şirkətləri ilə birgə illərdir işğal altında qalan, ordumuz tərəfindən azad edilən torpaqlarımıza dəyən maddi ziyanı mütləq hesablamalı, bu rəqəmi ciddi əsaslandırmalı, beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır: “Sənəddə tək dağıdılmış infrastruktur, binalar, evlər deyil, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır. Ermənistan, təbii ki, inkar edəcək, razılaşmayacaq, on milyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində ”Domokl qılıncı" kimi asılmalıdır, hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Bundan əlavə, tarixi abidələrlə bağlı xüsusi araşdırma və qiymətləndirmə aparılmalı, bu sənədlər mövzu ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda ayrıca qaldırılmalıdır. Bu, tək maddı yox, həm də mənəvi təzminat üçün əsas yarada bilər".

Ekspert bildirir ki, Ermənistana qarşı qaldırılan iddialara bir neçə məhkəmədə baxıla bilər: “Hansısa məhkəmə imtina etsə belə, digərində iddialarımızın ən azı baxışa qəbuluna nail ola bilərik. Bu isə Qarabağla bağlı bundan sonrakı danışıqlar prosesində Azərbaycanın mövqeyini möhkəmləndirəcək amil olacaq. Ölkəmizə öz şərtlərini daha sərt diqtə etməsi üçün əlverişli zəminə çevriləcək. Danışıqlarsa hələ uzun illər davam edəcək. Ən azından Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi, onların tanınması prosesi var. Qarabağın bir hissəsində qalan erməni vətəndaşlarının Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaması şərtlərinin müəyyənləşdirilməsi də danışıqlar mövzusu olacaq şübhəsiz. Təzminat davaları bütün bu proseslərdə Azərbaycanın daha üstün mövqedən çıxış etməsinə imkan verəcək”.