|
“Ordumuz qarşısında qoyulan vəzifələri yerinə yetirdi, söz diplomatlarındır” - politoloq

“Noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya görə ermənilərin Azərbaycan torpaqlarının 3 faizində yaşamalarına izn verilir”

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı.

Hazırda qarşıdakı dönəmdə Ermənistan və ermənilərlə münasibətlər, sülhməramlılar məsələsi ciddi müzakirə mövzusudur. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə bu mövzuda söhbətləşdik.

- Rusiya sülhməramlılarının rəhbəri  Rüstəm Muradovun Arutyunyanla foto çəkdirməsinə Azərbaycan ictimaiyyəti sərt təpki verir. Belə səmimi münasibətlər bizə nə vəd edir?

- Separatçıların lideri belə fotoların çəkilib yayılmasında aydın məsələdir ki, maraqlıdır. O, belə fotolarla tanındığı, qəbul edildiyi mesajını çatdırmağa çalışır. Sülhməramlı missiya rəhbərinin belə fotolarda poz verməsi qəbul edilən deyil. Belə təmasların və fotoların sayı çoxalsa, sonda ona gətirib çıxara bilər ki, Rusiya tərəfi separatçıları qüvvə kimi qəbul edə bilər. Hər kəs bilir ki, Araik Arutyunyan dünyanın və Rusiyanın tanıdığı Azərbaycan sərhədləri daxilində olduqca ağır müharibə cinayətləri törədib və əməllərinə görə beynəlxalq axtarışa verilib. Düzdür, reallıqlar da var, hansılar ki, onları görməmək mümkün deyil. Reallıq budur ki, Araik Arutyunyan və ətrafındakılar bizim sərhədlərimiz daxilində olan cinayətkar dəstələrə rəhbərlik edirlər. Həmin ermənilər, ardından onlara rəhbərlik edənlər tərk-silah olunmalıdır. Rusiya tərəfinin nümayəndələri də bu proseslərin aparılması üçün onlarla təmasda olmalıdır. Amma bu cür təmaslar, səmimi fotoçəkdirmə mərasimlərinin də bir sonu olmalıdır. Rusiya sülhməramlılarının Kəlbəcər ərazisinə gələrək kilsəni qoruma altına almaları da başadüşülən deyil. Bu hərəkətlərdən belə anlaşılır ki, sanki biz kilsəyə hücuma hazırlaşırıq. Rusiya tərəfindən verilən açıqlamalar, Vladimir Putinin çıxışlarında verdiyi mesajlar, əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü tanıdı, amma Qarabağla bağlı səsləndirilən fikirlər gələcək təhlükələrin ola biləcəyini də söyləməyə əsaslar verir. Azərbaycan Minsk Qrupunun ləğvini istəyir, Rusiya tərəfi isə status-kvonun saxlanılmasından bəhs edir, Fransa və ABŞ-ı görüşə dəvət edir. Sanki Türkiyənin bölgədə yer almasını istəmir və danışanda da deyirlər ki, Türkiyə-Azərbaycan ittifaqına qarışa bilmərik, Türkiyə Azərbaycanın istənilən yerində, Dağlıq Qarabağ istisna olmaqla, hərbçilərini yerləşdirə bilər. Eyni zamanda Qarabağ məsələsi ilə bağlı ABŞ və Fransa ilə təmasları artırmaqla Türkiyəni kənarda qoymağa çalışırlar. Bütün bunlar oyunlardır və bu oyunlar Qarabağdakı ermənilərə Rusiya pasportu paylanılması ilə nəticələnə bilər. Putin Abxaziya, Cənubi Osetiya və Krımı xatırlatdı, mesaj verdi. Bu cür təhdidlər var. Bununla belə, Azərbaycan Ordusu böyük uğurlar qazanıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların, igid əsgər və zabitlərimizin hesabına müqəddəs şəhərimiz Şuşanı əldə etdik. Putinin çıxışından belə aydın oldu ki, bir neçə gün geciksəydik, Şuşanı azad etməyə bilərdik. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında çox böyük rəşadət göstərərək Şuşanı azad etdi. Amma Qarabağda gərginlik bir müddət qalacaq.

- Rusiya sülhməramlılarının rəhbərliyinin separatçıların başçıları ilə görüşməsi, foto çəkdirməsini erməniləri qamçı-kökə siyasəti ilə yola gətirmək istəyi ilə əlaqələndirənlər də var. Bu yanaşma nə dərəcədə doğrudur?

- Bu reallıq var. Amma fotoların çox olması, gah ayaq üstündə, gah masada poz vermələri ilə kimə mesaj verirlər? Anlayırıq ki, qanunsuz cinayətkar dəstələri tərk-silah etmək üçün belə təmaslar lazımdır. Hər addımda fotoların çəkilməsini cinayətkar dəstə başçısı istəyə bilər, rus komandan niyə belə fotoların çəkiməsinə razı olur, bu qədər maraqlıdır? Əgər tərk-silah etmək istəyirlərsə, nə ehtiyac var bu qədər foto çəkilməsinə?

- Noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya görə ermənilərin Azərbaycan torpaqlarının 3 faizində yaşamalarına izn verilir. Amma gedişat fərqli nəticələr çıxarmağa imkan verir. Azərbaycan hansı mövqe sərgiləməlidir ki, razılaşmadan kənar addımların qarşısı alınsın?

- Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan pasportu daşımalı, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Qarabağın büdcəsi Azərbaycandan formalaşacaq, ora kənərdan ianələrin gəlməsi arzuolunan deyil. Amma bu məsələlər hələlik açıq qalır. Bu gün Azərbaycan uzun illər işğal altında qalan 7 rayonunu azad edib, Şuşaya daxil olub. Bu əlbəttə ki, bizim böyük uğurumuzdur. Amma qarşıdakı illərdə bizi həlli daha çətin məsələlər gözləyir. Bu məsələlərin həllinə biz hazır olmalıyıq.

- Rusiya Azərbaycanın beynəlxalq sərhədlərini tanıdığını bəyan edir. Laçın dəhlizinin eni 5 kilometrdir və həmin hissədə Ermənistanla dövlət sərhədimiz bərqərar olacaqmı?

- Azərbaycanın sərhədləri bərqərar olmalı, sərhəd məntəqələri tikilməlidir. Əlbəttə ki, Laçın dəhlizinin Ermənistan sərhədinə bitişən hissəsində də sərhədimiz bərpa olunmalı, ora keçid məntəqəsi qoyulmalıdır. Rusiya sülhməramlıları Laçın dəhlizi boyu nəzarət məntəqələri qoya bilərlər. Bütün hallarda Azərbaycanın dünya tərəfindən qəbul olunan beynəlxalq sərhədləri bərpa edilməlidir, bu bizim səlahiyyətimizə aid məsələdir və buna kənar qüvvə qarışa bilməz.

- Azərbaycan Şuşaya Xankəndindən kənar yol çəkməyi planlayır. Bu o deməkdir ki, biz Xankəndinə gedə bilməyəcəyik?

- Bu gün bu məsələlərin aydınlaşmasına ehtiyac var. Mənim doğma kəndim, Şuşanın Malıbəyli kəndi Xankəndi ilə üzbəüz yerləşir, kəndimizin taleyi necə olacaq, bu hələ ki bilinmir. Xocalı, Sərsəng su anbarı ilə bağlı da qeyri-müəyyənlikdir. Bu gün qeyd olunan ərazilər hələlik separatçıların nəzarətindədir. Bəyanata görə ərazidən Ermənistanın silahlı qüvvələri çıxmalıdır. Qarabağda yaşayan separatçılarla bağlı məsələ isə açıqdır. Onların tərk-silah olunması məsələsi var. Separatçıların dəstəbaşı isə deyir ki, 20 minlik qüvvələri var. Bu məsələlər də yaxın zamanda aydınlaşacaq.

- Ermənistanla Azərbaycan arasında atəşkəs pozula bilərmi? Pozularsa, ərazidəki Rusiya sülhməramlıları ermənilərə qarşı sərt davranacaqmı?

- İnanmıram ki, sülhməramlılarla Azərbaycanın və Ermənistan tərəfinin ciddi bir problemi olsun. Rusiyanı kimsə qıcıqlandırmaq istəməz. Bəyanata imza atmışıqsa, onu yerinə yetirmək məcburiyyətindəyik. Türk əsgərinin Şuşada, Kəlbəcərdə, işğaldan azad olunan digər ərazilərimizdə Azərbaycan əsgərinin yanında olması çox vacibdir. Türk əsgəri Rusiya sülhməramlıları olan ərazilərdə xidmət etməyəcək. Digər ərazilərimizdə isə kimsə Türkiyə Silahlı Qüvvələrinin olmasına qarşı çıxa bilməz. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində çox böyük işlər gördü. Ermənilər özləri də etiraf edir ki, müharibənin 10 gün də artıq davam etməsi Ermənistan qilahlı qüvvələrinin tamamilə itirilməsi ilə nətcələnəcəkdi. Ordumuz qarşısında qoyulan vəzifələri çox yüksək səviyyədə yerinə yetirdi. İndi söz Azərbaycan diplomatlarınındır.