Uzun illərdir ki, Azərbaycanda korrupsiyaya qarşı tədbirlər görülür. Lakin bununla belə, bəzi sahələrdə problemlər qalmaqdadır. Ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (ASAN Xidmət) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb.
Onu da qeyd edək ki, 2019-cu ildə Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən növbəti addımlar gözlənilir və ekspertlər də bildirirlər ki, bu cür addımlar davamlı olacaq.
İşğal altında olan torpaqlarımızın azad olunması həmin ərazilərdə geniş miqyaslı tikinti-bərpa işlərinin aparılması zərurəti yaradır. Bu işlərin minimum xərclər hesabına və keyfiyyətlə icra olunması dövlət xərcləmələri sahəsində şəffaflıq və hesabatlılığın artırılmasını, korrupsiya imkanlarının isə aradan qaldırılmasını tələb edir.
İqtisadçı-alim, millət vəkili Əli Məsimli ilə söhbətimizdə bu və digər məsələlərə toxunduq.
Müsahibəni təqdim edirik:
-Əli bəy, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni necə qiymətləndirirsiniz? Korrupsiyanın səviyyəsinə adekvatdırmı?
- Korrupsiya bütün dövrlərdə və cəmiyyətlərdə tərəqqiyə mane olan ən ciddi problemlərdən biri olub və müasir dünyanın da əsas təhlükələri sırasında ön yerlərdən birini tutur. Korrupsiya, qanunun aliliyini və dövlətin institutsional əsaslarını zəiflətməklə ümumi inkişaf prosesinə və beləliklə iqtisadi artıma və sosial tərəqqiyə ciddi zərbə vurur Ona görə də Azərbaycanda da korrupsiya iqtisadi potensialımızdan daha dolğun istifadə edilməsinin və sosial iqtisadi tərəqqimizin həmin güclü iqtisadi potensialımıza uyğun səviyyədə olmasının qarşısında duran ən ciddi maneələrdən və cəmiyyəti narahat edən ən ciddi problemlərdən biridir Son illər “ASAN xidmət”in dairəsinin genişləndirilməsinə, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artmasına, kölgə iqtisadiyyatının dairəsinin daraldılmasına, maliyyə rejiminin liberallaşmasına, qanunların işləməsinə nəzarətin bir qədər artmasına və s. bu kimi məsələlərin həllinə yönəlik islahatların həyat keçirilməyə başlaması, eyni zamanda həm də birbaşa və dolayısı ilə müəyyən qədər korrupsiyaya qarşı mübarizəni də özündə ehtiva edir. Bu istiqamətdə atılan addımlar ilkin nəticələrini verməkdədir.
Azərbaycandakı korrupsiyanın miqyasları, real durum, cəmiyyəti narahat etmə dərəcəsi, eləcə də bir sıra beynəlxalq araşdırmalarda Azərbaycanın yeri göstərir ki, korrupsiyaya qarşı mübarizədə hələ çox iş görmək lazımdır. Azərbaycanda post-konflikt mərhələsi başlayır. İşğaldan azad olmuş əraziləri bərpa etmək, canlandırmaq, ölkənin ümumi iqtisadi sisteminə qoşmaqdan ötrü fəaliyyət proqramları hazırlanır. Həmin proqramların reallaşdırılmasının ümumi maliyyə tutumu on milyard dollarla vəsait tələb edir. İlk mərhələdə işğaldan azad olmuş ərazilərin bərpasına yönəldilməyə başlayan və bundan sonra da yönəldiləcək vəsaitin, xüsusən də infrastruktur layihələrinin reallaşdırılmasının, geniş miqyaslı tikinti-bərpa işlərinin həyat keçirilməsinin əksər hissəsi dövlət vəsaiti hesabına olacaq. Həmin işlərin məqbul templərlə, optimal hesab olunan xərclər çərçivəsində və müasir tələblərə cavab verən səviyyədə yüksək keyfiyyətlə icra olunması dövlət xərcləmələri sahəsində şəffaflığın, hesabatlılığın artırılmasını və nəzarətin gücləndirilməsini, korrupsiya imkanlarının isə aradan qaldırılması tələblərini fövqəladə dərəcədə önə çəkir.
Ona görə də dövlət vəsaitindən istifadənin səmərəliliyinin artırılmasının effektli fəaliyyət göstərən mexanizmlərinin hazırlanıb həyata keçirilməsinə ciddi ehtiyac var. Maliyyə nəzarətinin keyfiyyətinin artırılması, nəticəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın və aşkarlığın təmin edilməsi iqtisadi inkişafa və təhlükəsizliyə böyük təminat yaradır. Son dövrlərdə bu istiqamətdə ölkədə müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da öz növbəsində maliyyə nəzarətinin təkmilləşdirilməsini obyektiv zərurətə və tələbata çevirib. Fikrimizcə, bu məsələyə kompleks yanaşılmalı, çoxsahəli bir sistemi özündə ehtiva edən maliyyə nəzarətinin ayrı-ayrı istiqamətlərini təkmilləşdirməkdən öncə, ölkəmizdə maliyyə nəzarəti üzrə vahid konsepsiya, onun hüquqi təminatı və işlək mexanizmi işlənib hazırlanmalıdır. Həmin konsepsiyada dövlət maliyyə nəzarətinin mövcud vəziyyətinin obyektiv təhlili, arzu olunan vəziyyəti, maliyyə nəzarəti sisteminin təşkili və həyata keçirilməsi üzrə əsas istiqamətlər öz əksini tapmalıdır. Bu konsepsiya dövlət maliyyə nəzarətinin hüquqi bazasının möhkəmləndirilməsi, təşkilati tədbirlərini və sairi özündə əks etdirən təkmil bir sənəd olmalıdır.
-Yüksək vəzifəli məmurların biznes əlaqələrinin qarşısının alınması istiqamətində görülən işlər qaneedicidirmi? Sizcə, hansı əlavə tədbirlərə ehtiyac var?
-Məmur sahibkarlığının aradan qaldırılmasının magistral yolu islahatları radikal şəkildə dərinləşdirmək və genişləndirməklə mövcud idarəetmə sisteminin fəlsəfəsinin əsaslı surətdə təkmilləşdirilməsindən keçir. Korrupsiyaya qarşı mübarizədə inzibati xarakterli tədbirlər nə qədər vacib olsa da, qabaqlayıcı antikorrupsiya tədbirlərini həyata keçirmədən, cəza tədbirlərinin ciddi səmərə verəcəyindən danışmaq olmaz. Ona görə də qanunu pozan məmurlara qarşı antikorrupsion tədbirlər məmur işdən çıxarıldıqdan sonra yox, qeyri-qanuni fəaliyyətə başladığı andan tətbiq edişməlidir. Bu baxımdan, beynəlxalq praktikadan çıxış edərək demək olar ki, korrupsiyaya qarşı mübarizədə ən çox istifadə olunan qabaqlayıcı tədbirlər bizdə də sistemləşdirilmiş formada və davalı olaraq tətbiq edilməlidir:
1.Dövlət hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın və əhalinin bu sahədə məlumat almaq imkanlarının təmin edilməsi.
2.Aydın, birmənalı, proqnozlaşdırılması mümkün və gələcəyi bəlli olan yetkin qanunvericiliyin olması.
3.Dövlət hakimiyyət orqanlarında çalışanların adekvat əmək haqqının verilməsi. Bu məsələ ilə bağlı mütəxəssislər arasında ciddi fikir ayrılığı mövcuddur. Bir qrup ekspertlər belə hesab edir ki, əmək haqlarının səviyyəsinin korrupsiya ilə elə ciddi əlaqəsi yoxdur. Digərləri son vaxtlar dövlət hakimiyyət orqanlarında çalışanların əmək haqlarının artırılmasının korrupsiyanın azalmasına gətirib çıxarmasını əsas gətirərək, əmək haqlarının bundan sonra da artırılmasına lüzum olduğunu bildirirlər. Bizim fikrimizcə, korrupsiyaya qarşı mübarizədə bütün zəruri amillərdən kompleks və sistemli şəkildə istifadə edilməli, məmurların əmək haqlarının və məsuliyyətinin artırılması, eləcə də təmiz, səriştəli, şəffaf fəaliyyətə görə vəzifə pillələrində yüksəlmə imkanlarının real həyatda müntəzəm surətdə gerçəkləşdirilməsi korrupsiyaya qarşı mübarizənin mühüm elementlərinə çevrilməlidir.
4.Dövlət qulluqçularının və dövlət orqanlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının aradan qaldırılması. Azərbaycanın qanunvericiliyinə görə, dövlət qulluqçuları pedaqoji fəaliyyətlə məşğul ola bilərlər, amma onların kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır. Bu sahədə Azərbaycan üçün xarakterik olan cəhət dövlət hakimiyyət orqanlarında çalışanların başqa adamların adına özəl qurumlar yaratmasıdır. Belə məmurlar açdığı obyektin fəaliyyət göstərdiyi sahəni inhisara almağa və oraya digər sahibkarları buraxmamağa çalışırlar. Dövlət məmurlarının öz vəzifə imkanlarından bu cür sui-istifadə etməsi sahibkarlığın inkişafına ciddi zərbə vurur.
5.Yerli özünüidarənin fəaliyyətinin şəffaflığının və səmərəliliyinin artırılması. Beynəlxalq təcrübə göstərir ki, ictimaiyyətin yerli özünüidarə orqanları ilə sıx əməkdaşlığı bu sahədə aşkarlığın təmin edilməsi, eləcə də həmin strukturlar vasitəsilə əhaliyə göstərilən xidmətlər sisteminin vətəndaşların özlərindən real asılılığı və s. bu kimi məsələlər korrupsiyanın azaldılmasında ciddi rol oynayır.
-Korrupsiyaya qarşı mübarizədə inzibati, yoxsa iqtisadı xarakterli tədbirlər daha çox effekt verir?
-Korrupsiyadan danışılarkən tez-tez mübahisə obyektinə çevrilən bu məsələyə Sinqapur və Malayziyanın təcrübəsinə istinad edərək aydınlıq gətirilməsi daha maraqlı olar... 1965-ci ildən 1990-cı ilədək Sinqapur hökumətinə rəhbərlik etmiş Li Kuan Yu belə hesab edirdi ki, “Korrupsıyanın boğazından yapışmaq üçün ən səmərəli üsul məmurlara bolluca maaş verməkdir”. Lu Kuan Yu hökumətə rəhbərlik etdiyi 25 il ərzində dövlət qulluqçularının maaşlarını özəl sektorda uyğun vəzifə tutanların maaşlarının 80 faizinə çatdırılmasına nail oldu.
Bununla əlaqədar olaraq o bildirmişdi ki, biz nazirlərə vicdanla maaş verməyə başladıq, amma əvəzində onlardan da vicdan tələb etdik. Nəticədə, Sinqapur ölkələrin korrupsiya səviyyəsinə görə siyahısında sonuncu mövqelərə gəlib çıxdı. Mən bizim belə geriləməyimizdən çox məmnunam. Sinqapurda korrupsiyanın azaldılmasının səbəblərini araşdıran mütəxəssislərin fikrincə, Sinqapurda rüşvətxorluğa görə, nazirlərin həbs edilməsi həmkarlarına müəyyən qədər təsir göstərsə də onların rüşvətdən tamamilə imtina etməsinə gətirib çıxarmadı. Bununla yanaşı, dövlət qulluqçularının maaşlarının yüksəldilməsi hesabına korrupsiyanı xeyli cilovlamaq mümkün oldu və Sinqapur korrupsiya xəstəliyindən nisbətən azad bir dövlətə çevrildi. Dünya ölkələrinin Korrupsiyanı Qavrama İndeksinə görə sıralamasında Sinqapur 2019-cu ilin təhqiqatlarının nəticələri üzrə, dünyanın 180 ölkəsi arasında 4-cü yeri tutur.
Malayziyanın o vaxtkı baş naziri Abdulla Əhməd Bədəvi korrupsiyaya qarşı mübarizədə inzibati üsullara daha çox yer verilməsinin tərəfdarı idi. Baş nazir Bədəvi belə hesab edirdi ki, korrupsiya ilə qətiyyətlə mübarizə aparılması Malayziya xarici investisiyaların lazımi səviyyədə ölkəyə cəlb olunması imkanlarından məhrum olacaq.
Ona görə də Malayziyada “təmiz məmur əlləri” uğrunda kampaniya aparılır və bu kampaniya çərçivəsində ən radikal üsullardan belə istifadə olunur. Belə ki, əgər 2003-cü ildə rüşvətxorluq və rüşvətlə ələalma haqqındakı işlərin istintaqı çərçivəsində Malayziyada 339 həbs cəzası həyata keçirilmişdirsə, 2004-cü ildə həmin maddə ilə həbs olunanların sayı 1,5 dəfə artaraq 500-ə çatıb. Malayziya hökumətinin korrupsiyaya qarşı mübarizədə Sinqapurda tətbiq olunan üsullardan fərqli olaraq sərt inzibati üsullara üstünlük verməsi də müəyyən nəticələr verib.
Amma bu nəticələr Sinqapurla müqayisədə xeyli geri qalır. Belə ki, həmin tədbirlər hesabına Malayziya Korrupsiyanı Qavrama İndeksində görə dünyanın 180 ölkəsi arasında 37-ci yerə gəlib çıxsa da, son illər pozisiyası pisləşib və 2019-cu ilin nəticələrinə görə 53-cü yerdədir.
Ölkədə korrupsiyanın olması investorları çəkindirən əsas amillərdən biridir. Kimsə ölkə iqtisadiyyatına investisiya qoymaq istəmir, burada istehsal xərclərinə əlavə olaraq dövlət məmurlarının "xidmətlərini" mütəmadi olaraq ödəməli olur. Bu problemin aktuallığı ilə əlaqədar olaraq, Dünya İqtisadi Forumu hər il özünün böyük hesabatında - Qlobal Rəqabət Qabiliyyəti Hesabatında rüşvət və qanunsuz ödəmələrin iş yerlərində yayılmasını araşdıran ayrıca bir araşdırma yer alır. Dövlətlər korrupsiya halları baxımından müqayisə edilir (düzənsiz ödəmələr və rüşvət). Bu siyahını hesabatın əhatə dairəsindən kənarda götürməyə və ölkə iqtisadiyyatının cəlbediciliyinə təsir göstərən bir faktor kimi deyil, ayrıca bir qurum kimi qəbul etməyə qərar verdik. Sinqapur 3-cü, Malayziya 39-cu yer tutur. Göründüyü kimi, korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla yanaşı, inzibati üsullar da müəyyən müsbət nəticələr verir. Bununla belə, Sinqapur və Malayziyanın təcrübəsinin müqayisəsi göstərir ki, korrupsiya ilə mübarizədə hər iki üsul bir-birini tamamlamaqla tətbiq edilməli və bu zaman iqtisadi üsullara daha çox yer verilməlidir.
-Azərbaycan təcrübəsi göstərir ki, korrupsiyaya yol verdiklərinə görə həbs olunan şəxslər tezliklə azad olunurlar. Bunun qarşısını almaq üçün cəzaların sərtləşdirilməsinə ehtiyac duyursunuzmu? Belə hallar digər məmurlarda da arxayınçılıq yaradır...
-Fikrimizcə, bəzən belə hallar olsa da, amma korrupsiyaya yol verdiklərinə görə həbs olunan məmurların tezliklə azadlığa çıxması kütləvi xarakter daşımır. Son vaxtlar korrupsiya cinayətinə yol verənlərə qarşı mübarizədə yüksək vəzifəli məmurlara qarşı da sərt addımlar atılır, onlar bir çox hallarda cinayət başında, öz iş otaqlarında yaxalanır və belə görüntülər ictimaiyyətə təqdim olunur. Dövlətin sosial siyasətinin tərkib hissəsi kimi ictimai işlərə cəlb olunan insanların kartlarını əlindən alan, haqqını tapdayanlara qarşı mübarizə xeyli güclənib. Eyni zamanda həm dövlətin, həm ayrı-ayrı təşkilatların pandemiyadan zərərçəkən ailələrə göndərdiyi yardımların mənimsənilməsi hallarının qarşısı alınması istiqamətində də səylər artırılıb və belə hallara qarşı birbaşa cəza tədbirləri görülür. Bir sıra nazirlik və baş idarələrdə də ictimaiyyətin ürəyindən olan çox zəruri antikorrupsion əməliyyatlar keçirildi. Bununla belə, sözügedən bu cür bütün halların qarşının alınmasının ən yaxşı yolu məhkəmə-hüquq sistemində başlanan islahatların dərinləşdirilməsi və səmərəliyinin artırılmasıdır.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyət genişləndirilməlidir.
Sualın ikinci tərəfinə gəldikdə isə təcrübə göstərir ki, sistemli tədbirlər tətbiq etmədən birtərəfli qaydada cəza tədbirləri sərtləşəndə,“risk artıb deyərək, rüşvətin məbləği də artır”. Təbii ki, korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla yanaşı, inzibati üsullar da müəyyən müsbət nəticələr verir. Bununla belə, Sinqapur və Malayziyanın təcrübəsinin müqayisəsi göstərir ki, korrupsiya ilə mübarizədə hər iki üsul bir-birini tamamlamaqla tətbiq edilməli və bu zaman iqtisadi üsullara daha çox yer verilməlidir. Korrupsiyaya qarşı mübarizə işlərinə sistem və innovativ xarakter verilməsi: qanunun aliliyinin təmin edilməsi, heç kimin qanundan yuxarıda durmasına imkan verilməməsi; dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi; təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin dairəsinin və innovativ həllərin tətbiqinin genişləndirilməsi; ictimai nəzarətin təmin edilməsinin səmərli fəaliyyət göstərən mexanizminin yaradılması və tətbiqi; mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılması, korrupsiyaya qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi və sair bu kimi amillər mühüm əhəmiyyət kəsb edir.
-Azərbaycanda korrupsiyaya qarşı mübarizəni həyata keçirən müstəqil qurumun, agentlik də ola bilər, formalaşdırılmasına necə baxırsınız?
-Bu sualın dolğun cavabını post konflikt və post pandemiya dövründə tələb olunan islahatların məzmunu, iqtisadiyyatın liberallaşdırılmasına gedişin, iqtisadi azadlıqların tətbiq dairəsinin genişləndirlməsinin dərəcəsi verəcək. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət olur. 5 üzvü Azərbaycan Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir. Yeni çağırış Milli Məclisin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Komissiyanın əsas vəzifələri-korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirmək; korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etməkdir.
Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir və bu qurum kifayət qədər geniş səlahiyyətlərə malikdir: korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə, tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına mütəmadi olaraq məlumat verir; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq edir; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir; “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və fəaliyyətində aşkarlığı təmin edir; korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və profilaktik tədbirləri həyata keçirir.
Korrupsiyaya qarşı səmərəli mübarizə aparmaqdan ötrü dövlət son bir-iki ildə bu problemin həlli istiqamətində, bir hissəsini artıq sadaladığımız misalların timsalında görməyə başladığı işləri daha da genişləndirmək və onlara sistem xarakteri verməklə daha geniş anlamda və daha sərt şəkildə, amma modern və rasional üsullarla təsirini, çəkindirici effektini və nəticəliyini daha da artırmalıdır. Hər şeydən əvvəl mövcud qanunvericiliyin təkmilləşdirilməsi, yeni reallıqları nəzərə almaqla onun beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması və yeni qanunların qəbul edilməsi istiqamətində iş sürətləndirilməlidir. Beynəlxalq praktikadan məlumdur ki, korrupsiyaya qarsı mübarizə sahəsindəki qanunvericilik aktlarının səmərəli işləməsi xeyli dərəcədə dövlət hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının modern variantların tətbiqi, rəqəmsallaşma daha da genişləndirilməli, dövlət orqanlarının fəaliyyətini daha geniş planda əks etdirən internet səhifələrinin tərtib edilməsi sürətləndirilməlidir. Müvafiq hökumət strukturları və özəl sektorda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə dövlət və qeyri-hökumət təşkilatlarının birgə iştirakı ilə monitorinqlər və digər ixtisaslaşdırılmış tədqiqatlar həyata keçirilməlidir.
Dövlət qulluğuna qəbulun səmərəliliyinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirməlidir. Dövlət qulluqçularının fəaliyyətinin dəyərləndirilməsi məqsədilə işlənib hazırlanmış obyektiv, rasional təkliflərin tətbiqi istiqamətində sistemli real addımlar atılmalı, dövlət qulluğunun nüfuzunun artırılmasına xidmət edən tədbirlər kompleksi hazırlanmalı və həyata keçirilməlidir. Mövcud qanunvericilikdə dövlət qulluqçularının fəaliyyətində maraqlar ziddiyyətinin aradan qaldırılmasına imkan verən müvafiq dəyişikliklər edilməlidir. Vəzifəli şəxslərin əmlak və maliyyə vəziyyəti haqqında beynəlxalq praktikada özünü doğrultmuş mexanizmlərdən səmərəli istifadə etməklə bu sahədə obyektiv, şəffaf və etibarlı nəzarət sistemi yaradılmalıdır.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasının vacib şərtlərindən biri dövlət hakimiyyət orqanlarının öz aralarında, eləcə də dövlət, cəmiyyət və fərd arasında koordinasiya sisteminin yaradılmasıdır. Dövlət hakimiyyət orqanlarının korrupsiya ilə mübarizə sahəsində həyata keçirdikləri fəaliyyətlərin bir-biri ilə əlaqələndirilməsinin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması və açılmasına görə hüquq-mühafizə əməkdaşlarının stimullaşdırılmasının təsirli mexanizmi hazırlanmalı və müvafiq dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Məhkəmə sisteminin, hakimlərin, vəkillik fəaliyyətinin, eləcə də notariat işinin təkmilləşdirilməsi istiqamətində müvafiq proqramlarda nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması işi sürətləndirilməlidir.
Korrupsiyanın dairəsinin genişlənməsində digər amillərlə yanaşı inhisarçılıq da ciddi rol oynayır. Dövlət hakimiyyət orqanlarının və müstəqil ekspertlərin əsaslandırmalarına görə, Azərbaycanda kiçik və orta sahibkarlığın “sıxılmasında”, öz potensialına uyğun səviyyədə fəaliyyət göstərməsinə imkan verilməməsində, qiymətlərin süni surətdə artırılmasında və əhalinin əmək haqqı, pensiya və digər ödənişlərinin inflyasiyanın «yeminə» çevrilməsində digər amillərlə yanaşı inhisarçılıq da ciddi rol oynayır. İnhisarçılıq öz mövqeyindən sui-istifadə hallarını artırır və korrupsiyanın artması üçün əlverişli şərait yaradır. Ona görə də ölkədə inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və ədalətli rəqabətin təmin edilməsindən ötrü, hər şeydən əvvəl bu sahədə etibarlı qanunvericilik bazası yaradılmalı, Rəqabət Məcəlləsinin qəbulu sürətləndirilməlidir.
Təbii inhisarların tənzimlənmə mexanizminin təkmilləşdirilməsi ilə yanaşı, mövcud qanunvericiliyi pozmaqla yaranan yeni inhisarçılıq təzahürlərinin də aradan qaldırılması üçün həm inzibati, həm iqtisadi, həm də təşkilati xarakterli tədbirlər görülməlidir.
Nəzərdə tutulan tədbirlər kompleksinin sistemli şəkildə həyata keçirilməsi ümumiyyətlə ölkədə korrupsiyanın dairəsinin daraldılması, dövlət vəsaitindən istifadənin səmərəliyinin artırılması, Azərbaycanın gələcəyi, yaxın, orta və uzun perspektivləri baxımından böyük aktuallıq kəsb edən bir məsələnin optimal variantda həllində, yəni işğaldan azad olmuş əraziləri bərpa etmək və məqbul sayıla bilən müddətdə ölkənin ümumi iqtisadi sisteminə qoşmaqdan ötrü hazırlanan fəaliyyət proqramlarının məqbul templərlə, optimal hesab olunan xərclər çərçivəsində və müasir tələblərə cavab verən səviyyədə yüksək keyfiyyətlə icra olunmasında mühüm rol oynaya bilər.
QEYD: Müsahibə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqat və rəy sorğusunu aparılması” layihəsi çərçivəsində hazırlanıb.
