Vəzi vətəndaşlar kirayə evlərdə, sığınacaqlarda yerləşdirilib
44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən evləri tamamilə dağıdılan, yararsız vəziyyətə düşən vətəndaşların problemlərinin həlli istiqamətində işlər davam edir. Dağıntılar baş verən rayonlarda yaradılan işçi qrupları vətəndaşlara dəymiş zərəri hesablayır.
Sentyabrın 27-dən etibarən ermənilər mülki yaşayış məntəqələrinə 30 mindən artıq mərmi, 227-dən artıq raket atıb. Onların içində kasetli və ballistik raketlər olub.
Prezidentin müvafiq sərəncamına əsasən, vətəndaşlara dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Baş nazir Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar yaradılıb.
Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.
İşçi qrupları bu günə qədər də dəymiş zərərin hesablanması istiqamətində işləri davam etdirir. İşçi qruplarının fəaliyyətini 10 dekabr tarixində yekunlaşdırması nəzərdə tutulub.

Bərdə Rayon İcra Hakimiyyətindən Musavat.com-a bildirildi ki, işçi qrupu fəaliyyətini davam etdirir və ilk olaraq siyahıda nəzərdə tutulandan əlavə evlərin də zərər gördüyü müəyyən edilir. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin aparıcı-məsləhətçisi Toğrul Şadlinski deyir ki, ümumilikdə rayon üzrə tamamilə dağılan 5 ev var: “Həmin evlərdən dördü şəhərdədir. Hazırda bütün rayon üzrə zərər dəymiş obyektlərin müəyyən edilməsi istiqamətində fəaliyyət göstəririk. Elə olur ki, siyahı üzrə nəzərdə tutulmuş evə baxanda qonşu evə də zərərin dəydiyi müəyyən edilir. Buna görə də işlər artır. Ancaq işçi qrupu hər gün çalışır”.
T.Şadlinski deyir ki, evləri tamamilə dağılan, qəzalı vəziyyətə düşən vətəndaşların yerləşdirilməsində heç bir problem yoxdur: “Sığınacaqlarda, yaşayış üçün yararlı vəziyyətə gətirilən məktəblərdə, qohumlarının evində yaşayan vətəndaşlarımız var. Müvəqqəti olaraq harada yaşamağı vətəndaşlarımız özü seçib. Dövlət tərəfindən lazım olan bütün dəstək göstərilir. Hər bir vətəndaş üçün lazım olan yardım edilir. Bu günə qədər heç bir vətəndaşımız narazı qalmayıb”.
Füzuli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Natiq Ağayev də Musavat.com-a açıqlamasında bildirdi ki, hazırda bütün zərər görmüş vətəndaşlara lazımi yardım göstərilib: “Vətəndaşlarımız kirayə evlərdə, sığınacaqlarda yerləşdirilib. İşçi qrupu isə işini davam etdirir. Dəymiş zərərin hesablanması yaxın günlərdə yekunlaşacaq”.

Gəncə Şəhər İcra Hakimiyyətindən də bildirildi ki, evləri dağılan, yaşayış üçün yararsız vəziyyətə düşən sakinlərin yerləşdirilməsi istiqamətində bütün zəruri addımlar atılıb.
Qeyd edək ki, sentyabrın 27-dən etibarən ermənilərin yuxarıda adıçəkilən rayon və şəhərlərimizi atəşə tutması nəticəsində ümumilikdə 3700 obyektə ziyan dəyib.
