|
Azərbaycanda demoqrafik artım zərurəti və ortaya çıxan iqtisadi tələblər...

Pərviz Heydərov: “Demoqrafik artımın dinamikası ölkə iqtisadiyyatının potensialına, gələcək inkişaf imkanlarına uyğun olmalıdır”

Vətən savaşı, torpaq uğrunda verdiyimiz şəhidlər, işğaldan azad olunmuş torpaqlarda məskunlaşma prosesi və sair ölkədə demoqrafik artım məsələsinin nə qədər önəmli olduğunu bir daha üzə çıxartdı. Azərbaycandakı cari vəziyyətə baxsaq, hazırda ölkədə demoqrafik vəziyyətin pis olduğunu demək olmaz, çünki əhalinin say artımı normal tempdə davam edir.

Lakin məsələnin daha dərinliyinə nəzər salsaq, çoxuşaqlı ailələrin sayı getdikcə azalmaqdadır. Azərbaycanda hazırda standart ailə modelinə üstünlük verilir ki, bu da iki valideyn və iki uşaqdan ibarət 4 nəfərlik ailə deməkdir. İki nəfərin izdivacından 2 uşağın dünyaya gəlməsi isə uzunmüddətli dövrdə demoqrafik artım yox, demoqrafik durğunluq deməkdir. Əksər ailələr hətta maddi ehtiyaclar və təminatların zəif olması səbəbindən 1 uşaqla kifayətlənməyi üstün hesab edirlər. Halbuki demoqrafik artımdan söhbət gedirsə, ailələrdə ən azı 3 uşağın dünyaya gəlməsi əsas götürülür. Ekspertlər isə hesab edir ki, bu məsələdə təkcə demoqrafik artımı əsas götürmək doğru deyil. Çünki 2006-cı ildən “uşaqpulu” ləğv olunduqdan sonra Azərbaycanda kütləvi olaraq uşaqlara yönəlik sosial proqramlar aşağı səviyyədədir, bəzi proqramlar isə sırf əlil və ya kimsəsiz uşaqlar üçün nəzərdə tutulub. Bundan əlavə, təhsil və səhiyyənin əlçatımlığı, mənzillə təminat, əmək bazarının durumu və sair məsələlər baxımından da demoqrafik artımı stimullaşdırmaq bir qədər çətin görünür. Yəni hər yeni uşağın doğulması bərabərində səhiyyə, təhsil xidmətlərindən tutmuş, əmək bazarında yeni iş yerlərinə və əlavə mənzil fondunun yaradılmasına qədər bir çox  məsələləri özündə əks etdirir. Bu gün Bakının bir çox kənd və qəsəbələrində şagird sayı o qədər yüksəkdir ki, yeni şagirdlərin məktəblərə qəbulu üçün valideynlər çox əziyyət çəkir. Və ya uşaq bağçalarında yer olmaması da məktəbəqədər təhsilin əlçatanlığını azaldır. Pandemiya səbəbindən tətbiq olunan karantin rejimi, ardınca Vətən savaşının başlaması və bütün bunların ailələrin sosial vəziyyətinə təsiri də demoqrafik duruma öz təsirini göstərən amillər oldu ki, bunun nəticələrini də qarşıdakı dövrdə daha dərindən hiss edəcəyik.

Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində  Karbamid zavodunun mühüm rolu var”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, demoqrafik artım iqtisadi baxımdan yeni tələblər ortaya qoyduğu üçün bu məsələyə birmənalı yanaşmaq olmaz: “Azərbaycanda demoqrafik artımı təmin etməklə bağlı daha da güclü stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu deməzdim. Çünki son illərə qədər bu istiqamətdə vəziyyət qənaətbəxş sayılırdı. Biz demoqrafik artımla bağlı danışanda bir şeyi də yaddan çıxartmamalıyıq ki, bunun sürət tempi, inkişafı nə qədər yüksək olsa, bu müsbət bir hal olmaqla yanaşı, bir o qədər iqtisadi problemlər və tələblər ortaya çıxarır. İşsizlik məsələsi, enerji istehsalının artım tələbinin ortaya çıxması, yeni mənzillərin tikintisi, təhsil və səhiyyə xidmətlərində imkanların genişləndirilməsi kimi məsələləri də nəzərə almaq lazımdır”.

P.Heydərov vurğuladı ki, demoqrafik artımın nəticələri bir çox aspektlərdən ciddi hesablanmalıdır: “Kim istəməz ki, Azərbaycanda əhalinin sayı 10 milyon yox, 15 milyon olmasın. Vətən savaşında biz torpaqlarımızı azad edərkən də düşmən üzərində üstün cəhətlərimizdən biri ordumuzda əsgər, hərbçi sayının yüksək olması, əhalimizin potensialı idi. Bir çox cəhətlərdən demoqrafik artım lazımdır və müsbət əhəmiyyət kəsb edir. Son 1 ilə qədər biz deyirdik ki, hər il əmək bazarına 100-150 min yeni işçi qüvvəsi daxil olur. Onun heç olmasa 70-80 min nəfərini işlə təmin etmək lazımdır. Əgər onların yarısı təmin olunmasa növbəti il üzərinə daha 150 min gəlir və ölkədə işsizlik səviyyəsi artır, sosial problemlər gərginləşir”.

İqtisadçının sözlərinə görə, demoqrafik artımın dinamikası ölkə iqtisadiyyatının potensialına, gələcək inkişaf imkanlarına uyğun olmalıdır: “Artımı nə qədər müsbət hal hesab etsək də, bu cəhəti yaddan çıxartmamalıyıq. Mən, əlbəttə, bununla Azərbaycanın iqtisadi potensialının demoqrafik artım üçün kifayət etmədiyini demirəm. 2020-ci ilin hadisələri Azərbaycanda demoqrafik artıma, onun inkişaf tempinə kəskin zərbə vurdu, biz bunu bir neçə il sonra hiss edəcəyik. Koronavirus, iqtisadi çətinliklər, müharibə və sairlə əlaqədar olaraq  demoqrafik artım da azaldı. Bu gün artım sürətinin stimullaşdırılması üçün əlavə tədbirlərə o qədər də ehtiyac görmürəm. Hesab edirəm ki, bu sahədə dinamika son 1 ilə qədər qənaətbəxş idi. Bu temp saxlanarsa, bu, Azərbaycanın gələcək iqtisadi inkişaf tempi ilə də uzlaşır. Nə zaman ki, Azərbaycan daha böyük iqtisadi inkişaf tempi əldə edər, o zaman demoqrafik artım da sürətlənəcək. Xüsusən də işğal altında olan torpaqlarda məskunlaşma ilə bağlı da ortaya yeni tələblər çıxıb , həmin bölgədə demoqrafik vəziyyəti bərpa etmək üçün işlər görülməlidir. Bu mənada demoqrafik artımla bağlı müzakirələr anlaşılandır”.