|
Milli birliyimizi əbədi saxlamaq üçün nə etməli - rəylər

Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən və qələbəmizlə yekunlaşan Vətən müharibəsində nümayiş etdirdiyi milli birliklə, həmrəyliklə Azərbaycan xalqı dünyaya bir örnək oldu. 50-dən çox siyasi partiya fəaliyyətini donduraraq, ölkə Prezidentinin, Ali Baş Komandanın yanında oldu, hər cür dəstək verdi. Xalq sözün əsl mənasında yumruq kimi birləşdi. Milli birliyimiz bu gün də davam edir. Bunu daim qoruyub-saxlamaq, gələcəkdə də davam etdirmək sözsüz ki, vacibdir.

O da şübhəsizdir ki, xalqın bu birliyindən antimilli siyasi dairələr, düşmənlərimiz narahatdır və cəmiyyətdə təxribatlar törətmək üçün çalışırlar.

Bunları önləmək, milli birliyimizi əbədiyyən saxlamaq üçün nə etməliyik?

BAXCP sədrinin müavini, əməkdar jurnalist Elçin Mirzəbəyli müharibənin əsəb mərhələsini yaşadığımızı söylədi: “Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının noyabrın 10-da imzaladıqları bəyanatın əsas müddəalarının yerinə yetirilməsi başa çatanadək ermənilərin və onlarla eyni cinahda dayananların xalqımızı qıcıqlandırmaq, ictimai rəyə etimadsızlıq toxumu səpmək üçün informasiya sahəsində və digər istiqamətlərdə çoxsaylı təxribatlara əl atacaqları gözləniləndir. Təxribatlar getdikcə intensiv xarakter alacaq. Məqsəd isə müharibədən güclü və qalib çıxan Azərbaycanı daxili ziddiyyətlərlə qarşı-qarşıya qoymaq və zəiflətməkdir. İndiki halda bizim diqtə edən tərəf kimi mövqelərimizi möhkəmləndirən əsas amil xalqın, hakimiyyətin və ordunun birliyidir. Bu birlik kənar müdaxilələrə və iddialara qarşı ən effektiv qalxan rolunu oynayır. İndiki halda Azərbaycan bir neçə aspektdən qalib gələn tərəfdir və bu, ölkəmizə böyük üstünlüklər verir. Əvvəla, döyüşdə qalib gəlmişik, torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişik, tarixdə görünməyən bir milli birliyə, həmrəyliyə nail olmuşuq. Ermənistan isə həm döyüş meydanında ciddi məğubiyyətə uğrayıb, həm də cəmiyyət olaraq paramparça olub, insanların sabaha olan ümidləri tükənib, təkcə Ermənistan vətəndaşları deyil bütün dünya erməniliyi total depressiyaya düçar olub. Bu baxımdan, ilk növbədə Ermənistanı himayə edənlər, Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışan dairələr ən azı Azərbaycanın ictimai rəyi ilə Ermənistanın ictimai rəyi arasında müəyyən balans yaratmağa çalışacaqlar ki, hətta bizi qalib olduğumuz halda məğlub kimi davranmağa məcbur etsinlər. Məhz buna görə də, maksimum səbrli və soyuqqanlı olmalı, təxribat xarakterli məlumatlara uymamalı, sosial şəbəkələrdə məsuliyyətli davranmalıyıq. Unutmamalıyıq ki, müharibə hələ başa çatmayıb. İndi onun ən ağır mərhələsini - əsəb müharibəsi mərhələsini yaşayırıq.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Elçin Mirzəbəyli: “Təxribat xarakterli məlumatlara uymamalı, sosial şəbəkələrdə məsuliyyətli davranmalıyıq”

Digər tərəfdən, informasiya məkanını bir an da olsun belə boş buraxmamalıyıq. Hərbi əməliyyatların getdiyi zaman hansı intensivliklə çalışırdıqsa, ondan daha intensiv bir şəkildə, fasiləsiz olaraq, fəaliyyət göstərməli, hadisələri önləməli, təxribatlara faktoloji və arqumentləşdirilmiş şəkildə cavab verməliyik. Ölkənin bütün media resurslarının potensialını bir araya gətirməli, əlaqələndirməni gücləndirməli, analitiklərimizi bir neçə beyin mərkəzində bir araya gətirməliyik. İndi bütün gücümüzü, intellektual potensialımızı səfərbər etmənin zamanıdır".

Sabiq dövlət müşaviri Qabil Hüseynli də eyni fikirdədir: “Siyasi, milli mənsubiyyətindən asılı olmayaraq, bu ölkənin hər bir vətəndaşı anlamalıdır ki, müharibənin başa çatması, sülh prosesinin imzalanması hər şeyin sonu demək deyil. Qarşıda bizi ola bilsin ki, bundan da çətin proseslər gözləsin. Söhbət sülh yaratma prosesindən, sülh sazişinin hazırlanmasından gedir. Danışıqlar prosesinə kənardan müdaxilələr, erməni təxribatları, Ermənistan daxilindəki çəkişmələr, qarşıdurmalar əngəllər yarada bilər. Hətta yeni müharibə təhlükəsini də biz haqq-hesabdan silməməliyik. Düşdüyümüz eyforiyadan, qalib mövqeyimizdən həzz almaqla yanaşı düşünməliyik ki, hər zaman hər şeyə hazırlıqlı olmalıyıq. Düşmən hər zaman təxribat törədə bilər. Çünki qarşımızdakı düşmən xaindir, təxribatlara meyllidir. Onu  üstümüzə salan müxtəlif böyük güclər var. Bu nöqteyi-nəzərdən, zənnimcə, siyasi partiyaların üzərinə böyük iş düşür. Partiyalar əldə olunmuş bu zəfərin bəhrələrini qoruyub saxlamaq üçün indiyə qədər nümayiş etdirdikləri siyasi həmrəylik, milli birlik ideyalarını bundan sonra da davam etdirməlidirlər. Ən azından bəlkə də bir neçə ay, yaxud il lazım oldu ki, regionda bütün proseslər öz yerinə otursun, emosiyalar səngisin, qarşıdurma yaradan süni səbəblər aradan qaldırılsın.

Qabil Hüseynli: Prezident İlham Əliyev bu şəxslərə qarşı barışmaz mübarizə  xətti elan edib - İki sahil

Qabil Hüseynli: “Yeni müharibə təhlükəsini də biz haqq-hesabdan silməməliyik”

Ölkəmizdə ərazi bütövlüyünü təmin etdikdən, yəni dekabrın 1-dən sonra yerdə qalan müəyyən məsələləri uğurla həyata keçirmək üçün mütləq ona ölkədaxili birlik, vahid məqsəd ətrafında birləşmək vacibdir. Azərbaycan uğurlu yoluna ancaq bu cür davam edə bilər. Ölkə Prezidenti hazırda elə bir mühit yaradıb ki, hamımız ümidliyik. Eyni zamanda unutmayaq ki, müharibə dövründə dövlət başçısı elə bir performans sərgilədi ki, ölkə əhalisinin ona böyük hüsnü-rəğbəti daha da artdı. Bu da ona böyük üstünlüklər gətirdi. Onun qabiliyyəti, peşəkarlığı, liderliyi qələbəmizi təmin edən amillərdən biri oldu. Bundan sonra proseslərin uğurla aparılması davam edəcək, Prezident əhdinə sadiq olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası, abadlaşdırılması, məcburi köçkünlərin o yerlərə qaytarılması və digər işlər üçün təkcə ölkə başçısı deyil, həmçinin hökumət, digər hakimiyyət orqanları böyük qüvvə sərf edəcəklər. Sözsüz ki, burada hamı bir vətəndaş kimi bütün işlərə diqqət ayırmalı, məsuliyyətli olmalıdır. Ölkəmizdə islahatlar xətti bundan sonra da davam etdiriləcək. Bir sözlə, ölkəmizin regionun əsas gücünə çevrilməsi prosesinə hamı bir nəfər kimi dəstək olmalıdır. İndiki tarixi şərtlər tamamilə Azərbaycanın xeyrinədir. Dövlətimizin Yaxın Şərqin, Qafqazların regional dövlətinə çevrilməsi üçün hər cür imkanları var. Bu imkanlar millətimizin zəkası, əlbirliyi, vahid ideyalar və məqsədlər ətrafında insanların sıx birləşməsi həyata keçiriləcək. Məncə, bunu canında Azərbaycançılıq ideyası olan hər bir kəs başa düşür və bu istiqamətdə üzərinə düşən işləri həyata keçirməyə hazırdır”.