|
ABŞ-ın ən biabırçı seçkisi:

O, rəqibinin saxtakarlıqla qalib gəldiyini etiraf etdi və “Dominion” şirkətini suçladı; Həmid Herisçi: “Tramp məhkəmə ilə qalib gələ bilər”

ABŞ prezident Donald Tramp Demokrat Co Baydenin seçkilərdə saxtakarlıqla qalib gəldiyini söyləməkdə davam edir. O, səsvermənin saxtalaşdırıldığı üçün məğlub olduğu barədə iddialar irəli sürməkdədir.

Tvitter hesabında paylaşdığı şərhlərdən birində Tramp yazıb ki, Bayden seçkilər saxtalaşdırıldığı üçün qələbə qazanıb.

“Yeni Müsavat”ın məlumatına görə, Baydenin prezident seçildiyi və yanvarın 20-də vəzifəyə gəlməsi üçün 538 üzvlü Seçki Kollegiyasının lazımi 270 səs çoxluğunu topladığı bildirilir.

Amma Respublikaçı prezident keçmiş vitse-prezidentə rəsmi şəkildə məğlub olduğunu etiraf etməkdən imtina edir.

O bildirib ki, səsvermə radikal solçu olan özəl “Dominion” şirkəti tərəfindən keçirilib. Prezident çox pis reputasiyaya malik olan bu şirkətin qələbə əldə etdiyi Texasa belə girə bilmədiyini deyib. ABŞ dövlət başçısı susqun medianı və digərlərini də günahlandırıb.

Tramp seçkilərin nəticəsi ilə bağlı fikirlərinə aydınlıq gətirərək “Bayden yalnız feyk xəbər mediası gözündə qalib gəldi. Heç nəyi qəbul etmirəm! Qarşımızda uzun bir yol var. Bu, saxtalaşdırılmış seçkilər oldu!”, - deyə yazıb.

Ötən həftənin sonu Trampın fikirlərinə qoşulanlar ona dəstək aksiyası keçirib. Yürüşlər mühafizəkar media üzvləri və ağ millətçilər tərəfindən təbliğ olunub.

Bu isə anti-faşist və anti-irqçi qruplar tərəfindən əks-nümayişlər keçirmək planlarına səbəb olub. Belə desək, daha çox solçular tərəfindən təşkil olunub.

Trampa dəstək mitinqi bir anda onlara qarşı çıxan “Antifa” və “Blek layvs matter” qruplaşmaları ilə toqquşmaya çevrilib.

Vaşinqtonda Trampa dəstək aksiyası keçirildi

ABŞ mətbuatının yazdığına görə, etirazçılar Tramp dəstəkçilərinə hücum çəkib. Qarşıdurmalar Ağ Evdən 5 məhəllə kənara qədər irəliləyib və yalnız polis müdaxilə etdikdən sonra səngiməyə başlayıb.

Bütün baş verənləri Birləşmiş Ştatların ən rüsvayçı seçkisi adlandırmaq olar. Dünyaya azad seçkidən, demokratiyadan, şəffaflıqdan dərs keçən amerikalılar seçkilərdə saxtakarlıq iddialarını ortaya atıblar.

Sudan, Zimbabve, Şimali Koreya kimi ölkələrdə seçkilərin saxta keçirildiyini söyləmək olardı, amma ABŞ-ın da bu cərgəyə qoşulması dünya demokratiyası adına biabırçılıqdır.

Telejurnalist, konspiroloq Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, seçkilərdə saxtakarlıq hallarına yol verilib.

Həmid Herisçi: “Virus Trampın agentidir”

Onun fikrincə, Demokratlar müxtəlif süni yollardan istifadə ediblər, eləcə də “qrin kart” payladıqları insanlardan səs toplamağa çalışıblar.

“Bundan əvvəlki seçkidə də demişdim ki, Tramp udacaq. O seçkidə Trampı ”münsiflər heyəti" seçmişdi. Bu dəfə seçicilər yox, Ali Baş Məhkəmə təsdiqləyə bilər.

Mənə elə gəlir, Tramp bu seçkidə məhkəmə yolu ilə qalib gələcək. Onu da unutmaq olmaz ki, Amerikadakı bütün ali qurumlar Respublikaçıların nəzarətindədir", - deyə H.Herisçi qeyd etdi.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Trampın Baydenin saxtakarlıqla qalib gəldiyini söyləməsi onun məğlubiyyətlə barışmasının əlamətidir:

“Tramp dolayısı ilə demək istəyir ki, Bayden saxtakarlıqla seçildi, amma seçildi, yəni Amerikanın növbəti prezidentidir.

Trampdan Baydenə “donuz qripi” ittihamı

Sadəcə, dekabrın 14-ü son gündür. Həmin tarixdə yekun nəticə rəsmiləşəcək. Tramp isə hələ də Ali Baş Məhkəməyə ümid edir.

Mən nəticənin dəyişəcəyini güman etmirəm. Respublikaçıların prosesdən geri çəkildikləri hiss olunur. Amma Konqres üçün çox gərgin bir dövr başlanır. Hər iki palata seçkilər yekunlaşsın, görəcəyik.

Əgər Respublikaçılar Nümayəndələr Palatasını, ya da Senatı götürsələr, Bayden üçün prezidentlik dönəmi asan keçməyəcək.

Amerika liderinin sözlərinə görə, bir çox müşahidəçi səslərin hesablandığı yerdən “qovulub”, milyonlarla bülleten isə demokratlar tərəfindən “dəyişdirilib”.

Bu cür iddialar ABŞ seçki sistemi adına biabırçılıqdır. Biz sanki azad bir ölkədən yox, diktatura rejimində yaşayan ölkədən danışırıq. İstənilən halda amerikalı siyasətçilər başqa ölkələrə irad tuta bilməyəcəklər".